"Dünyada 4-cü Sənaye İnqilabı (Fourth İndustrial Revolution) və ya Rəqəmli İnqilab (Digital Revolution) baş verməkdədir. Bu inqilab texnologiyaların gücündən istifadə etməklə, daha keyfiyyətli xidmətlərin yaranmasını, dünyanın hər yerindən ağıllı ideyaların yığılmasını, köhnəlmiş iş metodlarından imtinanı əhatə edir. Ancaq bu inqilabın "ürəyində" 2 əsas liberal ideya var: bu fərdi hüquqların artması və sosial hüquqların azalması ideyalarıdır. Bu inqilab tamamilə yeni imkanlar yaradır: istehlakçılar üçün böyük seçim, yeni tip iş yerləri və s". Bu fikirləri millət vəkili Tahir Mirkişili sosial şəbəkədəki şəxsi səhifəsində paylaşıb. O qeyd edib ki, bu imkanlarla yanaşı, inqilabın məhv edəcəyi kifayət qədər ənənəvi sahələr var: "Məsələn, texnologiyaların inkişafı yüklərin daşınmasına sürücüsuz nəqliyyatdan istifadəni gətirəcək ki, bu da dünyada 100 minlərlə yük avtomobili sürücülərinin işsiz qalması demək olacaq. Artıq bir neçə ildir fəaliyyətə başlayan yüksək texnologiya şirkəti olan UBER texnologiyaları dünyanın 50-dən çox şəhərində 10 minlərlə taksi sürücülərinin işsiz qalmasına səbəb olub".Millət vəkili bildirib ki, Davosda Dünya İqtisadi Forumunda çıxış edən ABŞ-ın vitse prezidenti Joe Biden etiraf edib ki, Rəqəmli İnqilab dünyada orta sinfi məhv edə bilər: "Dünyanın analitik iqtisadçılarının fikrincə, ilk öncə çevik, sürətli təkrar təhsil sistemi formalaşmalıdır. Bu sistem işlərini itirən və ya itirmək təhlükəsi ilə üzləşən orta sinifin çevik formada yenidən hazırlanmasını təmin edəcək.
Dövlət yolların çəkilməsi, körpülərin tikilməsi, internetin yayılması və s. kimi fundamental öhədlikləri daim yerinə yetirilməli və buna investisiyalar qoyulmalıdır. Gəlirlərin səviyyəsinə uyğun tam proqressiv vergitutma sistemi yaradılmalıdır. Rəqəmli inqilab sürətlə varlanmaq və sürətlə yoxsullaşmaq yoludur. Ona görə sosial ədaləti qorumaq üçün vergi dərəcələri arasında dramatik fərqlər olmalıdır. Kapitalın hərəkətinin qarşısını alacaq istənilən maneə aradan qaldlrılmalıdır və insanların kapitala asan çıxışı təmin olunmalıdır".Deputat qeyd edib ki, Azərbaycanda görülən, planlaşdırılan layihələrə fikir verdikdə, ölkəmizin də əslində artıq bir neçə ildir ki, Rəqəmi İnqilaba hazırlaşdığını görmək mümkündü: "Dövlət üzərində düşən fundamental öhdəlikləri yerinə yetirmək üçün bütün resursları səfərbər etməkdədir. Bütün bu addımların məntiqi nəticəsi isə Azərbaycanda innovativ iqtisadiyyatı qurmaq, ənənəvi əmək metodlarından müasir məhsuldarlığa keçmək, yeni texnologiyaların yeni iqtisadiyyatın "ürəyi" olmasını təmin etməkdir. Ölkə Prezidenti cənab İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda məhz bunlardan söz açdı".
sia.az