PDF Oxu

Siyasət

  • 38

Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilib

Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilib

Prezident İlham Əliyev: "Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir"

Məlum olduğu kimi, Davosda Dünya İqtisadi Forumunun 46-cı ənənəvi illik toplantısı keçirilib. Dünyanın 100-dən artıq ölkəsindən dövlət başçılarının, yüksək çinli dövlət və hökumət, qeyri-hökumət təşkilatları təmsilçilərinin qatıldıqları tədbirdə 2500-dən çox nümayəndə iştirak edib. Burada siyasi liderlər, tanınmış iş adamları və jurnalistlər dünyanı narahat edən problemləri, müasir cəmiyyətin qarşılaşdığı qlobal, regional və sənaye transformasiyalarını müzakirə ediblər. "Dördüncü sənaye inqilabının mənimsənilməsi" şüarı altında təşkil edilən toplantıda qlobal təhlükəsizlik, miqrasiya, müasir İpək Yolu və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Bir müddətdən sonra isə müxtəlif ölkələri təmsil edən çoxsaylı iqtisadçı, biznesmen və siyasətçilərin diqqətini cəlb etməsi forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi. Forum hər il İsveçrənin Davos şəhərində keçirilir. Məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.

Səmərəli görüşlər Azərbaycana olan maraqdan irəli gəlir

Sevindirici haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur. Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitaların nümayəndələrilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev Davosa səfəri çərçivəsində "Lazard Avropa" şirkətinin vitse-prezidenti Metyu Piqas, Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov, Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu, Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli, İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian, Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, "Microsoft Corporation" şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser, "Procter and Gamble Europe" şirkətinin prezidenti Geri Edrü Kumbe, İsrailin baş naziri Benyamin Netanyahu, Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Navaz Şərif, TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Norveçin xarici işlər naziri Borge Brende, İsveçrə Konfederasiyasının prezidenti Yohan Şnayder-Amman, Ukrayna prezidenti Petro Poroşenko və digərlərilə görüşüb, həmçinin, "Yeni enerji tarazlığı" mövzusunda sessiyada və dünya iqtisadi liderlərinin "2016-cı il üçün mütləq xarakterli tövsiyələr" mövzusunda qeyri-rəsmi toplantısında iştirak edib.

Bir sözlə, bu qədər səmərəli görüşlərin keçirilməsi əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir. Məhz forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının göstəricisi olduğunu isbatlayır. Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda bu qədər görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi, həmçinin, növbəti forumun ölkəmizdə təşkil edilməsi haqqında qərarın verilməsi Azərbaycana olan maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir.

Azərbaycanda sərmayə imkanları təmin edilib

Qeyd edək ki, Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması dünyanın iri investorlarının diqqətini cəlb etməkdədir. Azərbaycanın bu cür üstünlükləri həm də beynəlxalq təşkilatların rəylərində də özünü göstərir. Həmçinin, son dövrlər ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edilməsi təqdir olunan başlıca elementlərdəndir. Çünki Prezident İlham Əliyev biznes mühitini təkmilləşdirmək, iqtisadi diversifikasiyaya şərait yaratmaq və məşğulluğu artırmaq məqsədilə hələ 30 aprel 2007-ci ildə Sərəncam imzalayaraq müvafiq dövlət qurumlarına zəruri addımların atılması üçün tapşırıqlar vermişdi. Bunda əsas məqsəd biznesin qeydiyyatı sistemini yaxşılaşdırmaq və sahibkarlıq bölməsində fəaliyyət üçün tələb olunan prosedurları sadələşdirməkdən ibarət idi. Bundan sonra hökumət islahatların aparılması üçün strateji istiqamətləri müəyyənləşdirdi, diversifikasiya və davamlılığa əsaslanan tədbirlər görüldü. Qısa müddətdə müəssisələrin qeydiyyatının aparılması, lisenziyalaşdırma və icazələr sisteminin, vergi sənədlərinin təqdim olunması, əmlakın qeydiyyatı, kreditdən istifadə, işçi qüvvəsinin və investorların müdafiəsi sahələrində təkmilləşdirmələr həyata keçirildi. Məhz ötən müddət ərzində Milli Məclisdə müxtəlif qanunarın qəbul edilməsi və hökumət tərəfindən qəraraların verilməsi biznes mühitini daha da şəffaflaşdırdı. Bu sektora yatırılan sərmayələr isə ildən-ilə artmağa başladı. Prezident İlham Əliyev "Mən bütün sahibkarları əmin etmək istəyirəm ki, hökumət sahibkarlığın inkişafına bütün mümkün yardımı göstərəcək. Onların sərmayələri ölkənin bütün guşələrində etibarlı müdafiə olunacaq" deyərək biznes sektorunun tam təhlükəsiz şəkildə fəaliyyət göstərdiyinə işarə edirdi.

Eyni zamanda, ölkəmizdə sahibkarlıq sektoruna, biznes mühitinə bütün şərait yaradılıb. Elə, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 2 milyard manata yaxın kreditin verilməsi göstərir ki, bu sektorun inkişafı Azərbaycan dövlətinin prioritetidir. Məhz bu göstərilən səbəblərdəndir ki, Azərbaycan investisiya yatırılma baxımından dünyanın ən iri şirkətlərinin diqqətini cəlb edir.

"Azərbaycan iqtisadiyyatının gələcəyi"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilmiş "Azərbaycan iqtisadiyyatının gələcəyi" mövzusunda məqaləsində qeyd edib ki, son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdiririk. Bu baxımdan Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görmüşdür.

Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır.

Azərbaycanın zəngin neft-qaz resursları və məqsədyönlü siyasəti enerji sahəsində də böyük işlər görülməsinə imkan yaratmışdır. Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir.

Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda, aydın görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan "Cənub qaz dəhlizi" layihəsinin icrasına başlanması tarixi hadisədir. "Cənub qaz dəhlizi" 4 layihədən ibarətdir. Birincisi, "Şahdəniz-2" fazasının işlənilməsidir. "Şahdəniz" yatağında qaz ehtiyatları bir trilyon kubmetrdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın digər yataqları ilə birlikdə qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. İkinci layihə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsidir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış bu layihəyə əsasən, qaz kəməri Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanacaq. Dördüncü layihə isə Trans-Adriatik boru kəməri (TAP) layihəsidir. Bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaqdır. Bütün bu dörd layihə "Cənub qaz dəhlizi"ni formalaşdırır. Azərbaycan bu dörd layihədə önəmli səhmdar, TANAP layihəsində isə əsas səhmdardır. "Cənub qaz dəhlizi"nin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycan qazına çıxış əldə edəcəkdir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya "Cənub qaz dəhlizi" layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalamışlar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir.

Nəqliyyat infrastrukturunun inkişafı da ölkəmizdə prioritet istiqamətlərdəndir. Bu gün biz müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yolunu bərpa edirik. Hazırda Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da tikilir ki, bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər