Yaxud "xristian klubu" nəyə görə işğalçıların nazı ilə oynayır?
Bəlli olduğu kimi, AŞPA-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti müzakirələr aparılır. Bu müzakirələr kontekstində ilk olaraq nəzərə çarpan fakt ermənilərin adıçəkilən qurumda söz sahibi rolunda çıxış etmək cəhdləri və bir sıra avropalı deputatların onların, açıq desək, nazı ilə oynamalarıdır. Belə ki, Azərbaycanın xeyrinə olan qətnamənin keçəcəyi təqdirdə Ermənistan tərəfi təcavüzkar ölkə kimi tanınmaqla yanaşı, həm də ciddi diplomatik məğlubiyyətlə qarşı-qarşıya qalmış olacaq. Söz yox ki, belə məqamda erməni hakimiyyətinin gözü yenidən öz lobbilərini və həmin lobbi hesabına ələ alınan avropalı deputatlara dikilir. Çüni qətnamə layihəsi təsdiq olunarsa, müharibə bölgəsində uzun illərdən bəri pozulmuş balans bərpa oluna, süni surətdə yaradılmış ekoloji böhran aradan qaldırıla, Azərbaycanın aqrar sektoru, kənd təsərrüfatı sahəsi inkişaf edə, vurulmuş zərərlər aradan qaldırıla və s. üstünlüklər qazanıla bilər. Bütün mənalarda isə, cəbhə bölgəsində yaşayan insanlarımız bundan faydalana bilərlər. Təbii ki, Ermənistanın işğalçılığı növbəti dəfə sübuta yetiriləcəyi təqdirdə.
Həmsədrlər, yəni ermənilərin aşkar tərəfdarları Azərbaycanın haqlı olduğunu bilə-bilə ölkəmizin mövqeyinə ləkə vurmağa cəhdlər göstərirlər
Ortada olan daha bir məqam ATƏT Minsk Qrupunun həmsədrlərinin AŞPA-dakı mövqeləri ilə bağlıdır. Təəssüflər olsun ki, Azərbaycan xalqı bu dəfə də səmərəsizliyi və fəaliyyətisliyi ilə yalnız işağlçıya xeyir verən ATƏT-in Minsk Qrupunun aşkar tərəf tutmasının şahidi olur. Daha dəqiq desək, ermənilərlə yanaşı, AŞPA-dakı müzakirələrə ATƏT-in Minsk Qrupunun həmsədrləri də etiraz edirlər. Onlar, hətta ermənilərdən də bərk narahat olduqlarını göstərirlər. Bu zaman sual yaranır: nəyə görə?
Məsələ ondadır ki, müzakirəyə çıxarılan qətnamələr çox ciddi qətnamələrdir. Ona görə də həmsədrlər, yəni ermənilərin aşkar tərəfdarları Azərbaycanın haqlı olduğunu bilə-bilə ölkəmizin mövqeyinə ləkə vurmağa cəhdlər göstərirlər. Məsələn, ermənilərə cəbhə bölgəsində olan Sərsəng su anbarının atəş xəttindən azad olması sərf etmir. Çünki onları yaxşı bilirlər ki, Azərbaycan kənd təsərrüfatının istehsal etdiyi məhsulların 60%-i məhz Sərsəng su anbarı və onun təchiz etdiyi bir neçə kanalların, çayların vasitəsilə əldə edilir. Amma bildiyimiz kimi, bu gün o çayların hamısı qurudulur, ya da onların tərkibinə zəhərli kimyəvi maddələr axıdılır ki, istifadəyə yararsız olur. Bu gün cəbhəyanı bölglərimizin bir çox ərazilərində yaşayan, müqavimət göstərən insanlar içməli və suvarılma üçün yararlı olan sudan istifadə edə bilmirlər. Belə olan məqamda, ermənilər açıq olaraq öz çirkin niyyətlərini həyata keçirir, ancaq Minsk Qrupu deyilən və əslində ermənilərin marağına çalışan bu qurum da göründüyü kimi, erməni niyyətinin tərəfdarı qismində hay-küy qaldırır! Onda bu qurum nəyə lazımdır? Əlbəttə ki, heç bir nəticə əldə etməyən bu cür qrupun bundan sonrakı fəaliyyəti xalqımıza lazım deyil.
Yeri gəlmişkən, qeyd edək ki, "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması" və "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı məruzələr hələ ötən ilin noyabr ayında komitə iclaslarında böyük səs çoxluğu ilə qəbul edilib. Onu da qeyd edək ki, AŞPA təcrübəsində ilk dəfədir ki, komitələrdə qəbul edilmiş məruzələr plenar iclasda belə ciddi təzyiqlərə məruz qalır. Ermənistan rəsmilərinin sessiya ərəfəsindəki açıqlamalarında bu məruzələrə qarşı necə ciddi hazırlıq işləri aparıldığı geniş şərh olunurdu.
Avropalılar yaxşı bilirlər ki, erməni işğalçıları torpaqlarımızı işğal ediblər, etnik təmizləmə aparıblar...
Bu arada Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov da öz açıqlamasında vurğulayıb ki, onlar bunu sessiyanın ilk günündən şahidi olublar. Sitat: "Ermənistan Avropa Şurasına bütün üzv ölkələrin prezidentləri, baş nazirləri və digər aparıcı şəxsləri vasitəsilə, hətta din amilini önə çəkərək, din xadimləri vasitəsilə AŞPA üzvlərinə təsir və təzyiqlər ediblər. İşğalçı Ermənistan və işğala dəstək verən çoxsaylı anti-Azərbaycan qüvvələri tərəfindən hər məruzənin əleyhinə ayrıca strateji plan hazırlanıb. "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" məruzəsinə Ermənistan tərəfindən 21 düzəliş verilib. Bu düzəlişlər məruzədəki əsas məqamların, işğal faktını ifadə edən kəskin bəndlərin çıxarılmasını nəzərdə tutur ki, bununla da onlar məruzənin tam əhəmiyyətsiz vəziyyətə gətirilərək, qəbul edilməsinə nail olmaq istəyirlər.
"Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması" məruzəsinin əleyhinə hazırlanmış strategiya isə tam fərqlidir. Ermənistan tərəfi bu məruzəyə heç bir düzəliş verməyib və qarşılarına bu məruzəni bütövlüklə məhv etmək məqsədi qoyublar. Bunun üçün onlar 3 pilləli ssenari ilə işləyirlər - məruzəni müxtəlif bəhanələrlə, yenidən baxılması üçün Siyasi Komitəyə qaytarmaq; komitəyə qaytarmaq mümkün olmazsa, məruzəni plenar iclasda bütövlükdə rədd etdirmək, rədd olunmasına da nail olunmazsa, məruzənin əleyhinə səs verməklə təsdiq olunmasını əngəlləmək".
Beləliklə, görünən budur ki, bu işdə də ermənilərə dəstək verən avropalıların - "xristian klubu" ölkələrinin özləridir. Ancaq bütün avropalıları bu kateqoriyaya aid etmək də doğru olmazdı. Çünki mütərəqqi düşünən avropalılar bu gün Azərbaycanın haqlı olduğunu bəyan edirlər. Normal düşüncəli, erməni lobbisinin pullarına aludə olmayaraq, real düşünən avropalılar yaxşı bilirlər ki, erməni işğalçıları torpaqlarımızı işğal ediblər, etnik təmizləmə aparıblar, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salıblar. İndi isə bizim vasitəmizlə bunu Avropaya qarşı edirlər. Avropa bunu görmək istəmirsə, qoy etsinlər. Ancaq separatçılar, terrorçular və islamofovlar Avropada çoxalacaq və Avropanın bu gün həll olunmayan problemləri daha da böyük şəkildə cərəyan edəcək. Hər halda bunu da düşünənlər olmalıdır, nə qədər ki, gec deyil.
Rövşən NURƏDDİNOĞLU