PDF Oxu

Siyasət

  • 20

Arzu Nağıyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nüfuz savaşı başlayıb"

Arzu Nağıyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nüfuz savaşı başlayıb"

Yanvarın 25-dən 29-na qədər keçiriləcək AŞPA-nın qış sesiyasında Azərbaycanla bağlı üç məsələ müzakirə olunacaq. Diqqətçəkən təəccüblü məqam ondan ibarətdir ki, AŞPA-da Dağlıq Qarabağla bağlı məsələnin müzakirəyə cıxarılması ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında təşviş yardıb və onlar müzakirələrə qarşı çıxdıqlarını bəyan ediblər. Bu halda sual yaranır: həmsədlərin Dağlıq Qarabağ münaqişəsinin AŞPA-da müzakirə edilməsinin əleyhinə çıxış etmələrinin arxasında Ermənistanın maraqlarından çıxış etmək və status-kvonu saxlamq niyyəti dayandığını demək olarmı? Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, AŞPA-da Azərbaycan ərazilərinin işğalı, kəlbəcərli girovlar və Sərsəng su anbarı ilə bağlı müzakirələr aparılır. Sərsəng su anbarı işğal olunmuş ərazidir və ermənilər təmas xəttində yerləşən kəndlərə bu vasitə ilə təsir edirlər: "Lakin sessiyada bu problemin həll ediləcəyi inandırıcı görünmür. Rəsmi Yerevan Sərsəng su anbarı ilə bağlı vəziyyətin müzakirəsindən bərk narahatlıq keçirir. Bu məsələ qalxan kimi, artıq işğal məsələsi gündəmə gəlir, bu da Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Erməniləri qıcıqlandıran məsələ də məhz budur. Çünki Madrid prinsiplərində də əsas məqam bundan ibarətdir. Təbii ki, burada ATƏT-in Minsk Qrupunun da fəaliyyətsizliyi özünü göstərdi".

Politoloqun sözlərinə görə, Almaniyanın ATƏT-ə sədrliyə başlaması Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan ola bilər: "Almaniya Fransadan sonra Avropa məkanında öz sözünü deyə bilən bir dövlətdir. Düşünürəm ki, Azərbaycanda insan hüquqları ilə bağlı yaranmış məqam həllini taparsa, bizim üçün böyük bir şans yaranar. Sərsəng su anbarı ilə bağlı məsələ bizim üçün önəmlidir. Bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nüfuz savaşı başlayıb. Bir tərəfdən bu, bizim üçün müsbət bir hal kimi qiymətləndirilməlidir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən illər ərzində ancaq deklorativ bəyanatlar verməklə kifayətləndilər. ABŞ və Rusiyanın regionda və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı nüfuz davasını nəzərə alıb və bundan istifadə edərək, ATƏT-in atacağı addımlara təsir göstərmək lazımdır. O halda, bu yolla prosesləri müsbət məcraya yönəltmək olar. Təbii ki, bunlarla yanaşı, Türkiyə-Rusiya münasibətlərinin gərginliyi və hər iki dövlətin münaqişənin həllində öz baxışları olduğunu da nəzərdən qaçırmaq olmaz. Bütün bu deyilənləri nəzərə alsaq, zənnimcə, müəyyən irəliləyişə nail olmaq olar, lakin əsas məsələ ərazi bütövlüyü kontekstində güc nümayiş etdirməklə təcavüzkarı sülh masasına əyləşdirməkdən ibarət olmalıdır".

GÜLYANƏ

Digər xəbərlər