"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında müvafiq komitələr tərəfindən hazırlanmış iki hesabat əsasında qətnamələr müzakirəyə çıxarıldı və onlardan biri "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı qətnamə qəbul edildi, digəri "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabat isə qəbul olunmadı". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.Onun sözlərinə görə, "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı qətnamənin əsas özəlliyi odur ki, burada Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü bir daha öz təsdiqini tapır: "Eyni zamanda bu işğal və təcavüz nəticəsində işğal olunmuş ərazilərdə və ona yaxın zonalarda yaşayan azərbaycanlı əhali üçün ciddi hümanitar və ekoloji problemlərin yaranması kimi hallar bir daha öz təsdiqini tapıb. Qətnamədə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair önəmli çağırışlar öz əksini tapmayıb. Bu kimi meyarlar baxımından qətnamə kifayət qədər əhəmiyyətlidir. Bu xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektlərinin beynəlxalq təşkilatların, ictimaiyyətin gündəliyə çıxarılması baxımından əhəmiyyətlidir".H. Hacıyev bildirib ki, "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabat isə çox cuzi bir səs fərqi (4 səs) ilə qəbul edilmədi: "Təəssüflər olsun ki, bununla əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də başa düşülməyən qeyri-kontruktiv mövqe tutulmuşdu. Təbii ki, bu da həmsədrlərin fəaliyyətinin qərəzsizliyini və onların insanlığını sual altına qoymuş olur. Xüsusilə də həmsədrlər 22 yanvar tarixində etdikləri bəyanat heç bir halda münaqişənin həlli prosesi ilə uyğunluq təşkil etmir. Onların bu cür yanaşma tərzi Ermənistanın daha da həvəsləndirilməsinə, mövcud status-kvonun saxlanılmasına xidmət edə biləcək addımlardır. Təbii ki. burada Ermənistan lobbisi və diaspor təşkilatları, havadarları da xüsusi bir fəallıq nümayiş etdiriblər".
sia.az