PDF Oxu

Siyasət

  • 38

Səbail rayonu uğurlu inkişaf yolunda

Səbail rayonu uğurlu inkişaf yolunda

Rayonun Badamdar qəsəbəsində hesabat yığıncağı keçirilib

Dünən Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, əlaqədar idarə və təşkilatların, qəsəbədəki təhsil, səhiyyə və digər müəssisələrin rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə hesabat yığıncağı keçirilibdir. Yığıncaqda Səbail rayon icra hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev qəsəbədə görülən işlər barədə məlumat verərək bildirib ki, 27 minə yaxın sakinin yaşadığı, 3500 məcburi köçkün məskunlaşıb: "2015-ci ildə qəsəbədə yeni İdman Kompleksinin tikintisi başa çatmış, hazırda Bakı Media Mərkəzinin, yeni otel binasının, 3 ədəd yeni su anbarlarının tikintisi davam edir. Ötən ilin sonunda qəsəbədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı təməlqoyma mərasimi keçirilmiş, Badamdar şossesində 2,2 km məsafədə yolun genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər başa çatdırılmış, qəsəbə sakinlərinin elektrik enerjisi, qaz və içməli su təchizatının daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görülmüşdür".

Sonra açıq mikrofon formatında qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilibdir. Qəsəbənin gələcək inkişafı, çoxmənzilli yaşayış binalarının istiliklə təminatı, dam örtüklərinin təmiri, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, qəsəbədə xəstəxana binasının tikintisinin yarımçıq qalması, ərzaq məhsullarının satış-yarmarkasının fəaliyyəti, nəqliyyatla yaranmış problemlər, "AzərSu" ASC tərəfindən qəsəbədə görülən işlərin ləng aparılması, qəsəbə nümayəndəliyi, bələdiyyənin, 144 saylı MİS-in işindəki nöqsanlar barədə müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün komissiya yaradılıb, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilibdir.

Yığıncaqda edilən çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənibdir.

Toplantıda çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib. E.Əzizov ölkə başçısı tərəfindən Səbail rayonu və onun qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən və Badamdar qəsəbəsinin inkişaf perspektivlərinə toxunaraq bildiribdir ki, RİH tərəfindən qəsəbədə T.Məmmədov küçəsindəki həyətdə "Nümunəvi məhəllə" yaradılmasına başlanılıb. Rayon rəhbəri, həmçinin qəsəbə nümayəndəliyi, bələdiyyə, MİS və xidmətlərin rəhbərlərinə işlərində dönüş yaradılması üçün ciddi tapşırıqlar verib.

Sonda sakinləri maraqlandıran suallar cavablandırılıbdır.

Ü.ƏSGƏROV

Digər xəbərlər