PDF Oxu

Siyasət

  • 28

Vətəndaş amili dövlətin diqqət mərkəzindədir

Vətəndaş amili dövlətin diqqət mərkəzindədir

İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

Hər bir dövlətin sivil inkişafı və güclü dövlətə çevrilməsi, ilk növbədə, qanunların aliliyinə xidmət edən hüquqi dövlət quruculuğundan asılıdır. İnsan və vətəndaş, onun hüquq və azadlıqlarının ali dəyərlər olması və bu dəyərlərin qorunması Azərbaycan dövlətinin ali məqsədini təşkil edir. Amma etiraf etmək lazımdır ki, insan hüquqlarının qorunmasının bütün ağırlığını yalnız qanunların üzərinə də qoymaq olmaz. Vətəndaşların hüquqlarının qorunmasında məmurların vətəndaşlara münasibəti də böyük rol oynayır. Bəzən dövlət qurumlarında süründürməçiliyə məruz qalan vətəndaşın hüququ məmurlar tərəfindən kobud şəkildə pozulur. Məmur-vətəndaş münasibətlərinin qanunun tələbinə uyğun şəkildə olmasının vacibliyi barədə ölkə Prezidenti İlham Əlievin kəskin çıxışları olub. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim hər birimizin - başda dövlət başçısı, aşağıda da bütün məmurlar olmaqla - əsas məqsədimiz xalqa xidmət etməkdir. Yanvar ayının 26-da "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da dövlət başçısı bir daha sözügedən məsələyə toxunaraq bildirib ki, məmurun da, hər birimizin də vəzifəsi insana xidmət etməkdir, insanların problemlərinə diqqətlə yanaşmaq və onların həllinə səy göstərməkdir: "Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq".

Təəssüf ki, bu kim çağırışlara hələ də məhəl qoymayan dövlət məmurları var"

Dövlət başçısı, əvvəlki müşavirələrdə olduğu kimi, bu dəfə də məmurların ünvanına sərt xəbərdarlıq edərək bildirib ki, bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, buna son qoyulsun. Ölkə Prezidenti çıxşlarında etimadı doğrultmayan məmurların bundan sonra da cəzalandırılacağını dəfələrlə vurğulayarkən bildirmişdir ki, hər bir kəs öz işində düzgün olmalı, insanlara xidmət etməlidirlər: "Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var - insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq".

Təəssüf ki, bu kim çağırışlara hələ də məhəl qoymayan dövlət məmurları var. Ancaq onlar bilməlidəirlər ki, ölkə başçısıs proseslərə şəxsən nəzarət edir. İctimai rəy də məhz bu amili əsas götürərək, belə məmurların bundan sonra inadlarından əl çəkib, xalqa xidmət edəcəklərini düşünür.

"Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır"

Prezident İlham Əliyev konfransda, həmçinin dövlət məmurlarının yerli istehsala soyuq və biganə yanaşmalarına da toxunaraq, onlara bir daha növbəti xəbərdarlıq etdi: "Burada bəzi çıxışlarda səsləndi - indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədəbazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, "Embawood" şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar - Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər".

Dövlət başçısı yerli istehsala soyuq münasibət bəsləyənlərlə bağlı ciddi ölçü götürüləcəyini bildirib: "Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da nədənsə bizdə xarici mallara üstünlük verilir. Mənə bu yaxınlarda hətta hökumət müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, əsgər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə, bax, bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək. Ona görə mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada ki, pozuntular var dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək".

Göründüyü kimi, Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ölkə başçısının tapşırıqları əsasında son illər ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə ictimaiyyətin nümayəndələrilə səyyar görüşlər keçirmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları da məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir ki, bütün bunlar da istər ölkə ictimaiyyəti, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və dövlətimizin başçısının "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" vədinin reallığa çevrildiyini sübut edir.

Əgər ölkə Prezidenti təvazökarlıqla deyirsə ki, xalqın birinci xidmətçisidir, məmurlar özlüklərində nəticə çıxarmalı və neçənci xidmətçi olduqlarını başa düşməlidirlər.

R.KAMALQIZI

Digər xəbərlər