PDF Oxu

Siyasət

  • 27

İsa Həbibbəyli: "Magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından 3 dəfə azdır"

İsa Həbibbəyli: "Magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından 3 dəfə azdır"

Dünən Milli Məclisin Elm və təhsil komitəsinin "Elm haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı iclası keçirilib. İclasda Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, indiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır.

Hazırda magistraturanı bitirən məzunların 20-25, maksimum halda 30 faizinin doktoranturada təhsil almaq üçün sənəd verdiyini deyən İ.Həbibbyəli qeyd edib ki, məzunların təxminən 70 faizi elmi fəaliyyətlərini davam etdirmək üçün doktoranturaya gəlmirlər: "Magistraturanın əsas məqsədi elmi fəaliyyəti və elmi-pedaqoji fəaliyyəti davam etdirməklə bağlıdır. Amma cəmiyyətdə buna fikir müxtəlifdir. Magistrlərin əksəriyyəti dövlət qulluğunda işlə təmin olunurlar. Biz magistrantların dövlət qulluğunda işlə təmin olunmasının əleyhinə deyilik. Amma indiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır"".

İ.Həbibbəyli onu da vurğulayıb ki, magistraturanı bitirən məzunların dövlət qulluğuna işə daxil olması AMEA, Təhsil Nazirliyi və ali məktəblərin gənc kadrları işə cəlb etməsinə müəyyən qədər maneə yaradır. Ona görə də layihədə gələcəkdə magistratura üzrə təhsilin iki istiqamət - ixtisas və tədqiqat magistraturası üzrə təşkil edilməsi təklif edilir.

İ.Həbibbəyli qeyd edib ki, ixtisas magistraturasında oxuyanlar bakalavr səviyyəsində ixtisasları üzrə aldıqları biliklərini magistratura səviyyəsində daha da artıracaqlar və bakalavrdan daha üstün mütəxəssis olacaqlar. Tədqiqat magistraturasıni bitirənlər isə elmi tədqiqat işi və elmi pedaqoji fəaliyyətlə məşğul ola, doktoranturaya sənəd verə bilərlər.

R.HÜSEYNOVA

Digər xəbərlər