PDF Oxu

Siyasət

  • 16

KİNLİ DÖRDBUCAQ - "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational" və "Sərhədsiz Reportyorlar"...

KİNLİ DÖRDBUCAQ - "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational" və "Sərhədsiz Reportyorlar"...

SİYASİ RAKURS

Uzun illərdir ki, Azərbaycana qarşı yürüdülən aşkar səlib yürüşünün öncül iştirakçılarından, hətta bayraqdarlarından sayılan bir sıra Qərb beynəlxalq təşkilatları köhnə ənənələrini qərəz və kin kontestində davam etdirməkdədirlər. Yəqin ki, ictimai rəy söhbətin hansı tərəfdən getdiyini anladı - "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational" və "Sərhədsiz Reportyorlar". Bu dörd təşkilatın ötən illər ərzində ən çox kökləndiyi, ən çox hədəfə aldığı postsovet məkanındakı ölkələrdən biri və birincisi (!) Azərbaycandır. Məhz keşmiş sovet respublikaları üzərində "demokratiya dərsi" keçmək adı altında canfəşanlıq edən bu dörd təşkilatın çoxsaylı hədəfi təəssüf ki, Azərbaycan olur. Çünki həmin ölkələr sırasında bütün sahələr üzrə inkişaf edən, dünya ölkələrinə mulkulturalizm, tolerantlıq örnəyi olan və bu vasitələrlə demokratiya trayektoriyasını böyüdən ölkəmiz bizi istəməyən qüvvələrin kin və qərəz hücumlarına məruz qalır. Heç də təsadüfi deyil ki, bu təşkilatlardan hər hansı biri Azərbaycana qarşı nifrətçilik ideologiyası xəttində od püskürəndə, onun ardı gəlməkdə davam edir. Misal üçün, əgər dünən "Freedom House" qərəzli hesabat yayırsa, sabah həmin hesabatın prototipi "Human Rights Watch", o biri günlər isə "Amnesty İnternational" və "Sərhədsiz Reportyorlar" tərəfindən təkrarlanacaq, yaxud da əksinə sıralamalarda.

Qərəz isə bu istiqamətdədir - "Hakimiyyətin müstəqil QHT-lərə və mediaya qarşı amansız repressiyası", onları "aparıcı hüquq müdafiəçilərinin, siyasi fəalların və jurnalistlərin siyasi xarakterli, ədalətsiz məhkəmə işləri", "insan hüquqları üzrə beynəlxalq müşahidəçilərin və xarici jurnalistlərin ölkəyə girişinə icazə verilməməsi" və s.

Budurmu kinli dördbucağın "demokratiya dərsindəki" müddəaları?!

Ümumiyyətlə, bənzər vasitələrlə Qərbin əsas təşkilatları olan Avropa Parlamentinin, ATƏT-in, AŞPA-nın diqqətini daim bunun üzərinə yönəldərək ölkəmizə qarşı təzyiq dilində danışmağa cəhd edən bu cür təşkilatların arxasında erməni lobbisinin dayanması kimsədə şübhə yaratmır. Yəni dəfələrlə etiraf olunub ki, Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisi istər maliyyə, istərsə də təsir imkanlarına görə kifayət qədər gücə malikdir. Onlar müxtəlif siyasi korrupsiya və oxşar vasitələrlə Qərbin siyasi dairələrində öz emissarlarını yerləşdirmiş, onların daha yuxarı avropalı siyasi dairələrə əllərinin çatması üçün, necə deyərlər, simiclik etməmişlər. Və təəssüf ki, Azərbaycanın demokratiya sahəsindəki uğurları hələ də kölgə altına salınmaqdadır. Halbuki insan haqları deyərkən, nədənsə onların yadına işğal altındakı torpaqlarımız, qaçqınlar ordumuz, ekoloji mühitimizin zəhərlənməsi, məzarlıqlarımızım dağıdılması, erməni əsirliyində olan və sayı yüzlərlə olan soydaşlarımız düşmür. Yada düşənlər isə müxtəlif cinayətlər törətmiş, dövlətin maraqlarını satmış, öz canlarını hər şeydən üstün tutub xarici səfirliklərdə qorxaqcasına gizlənmiş, sonradan isə ölkəni qaçaraq şəkildə tərk etmiş xəyanətkar, satqın ünsürlərdirlər! Maraqlıdır, budurmu kinli dördbucağın "demokratiya dərsindəki" müddəaları?! Bu gün həmin təşkilatların hər biri istər "Human Rights Watch", istər "Freedom House", istər "Amnesty İnternational", istərsə də "Sərhədsiz Reportyorlar" olsun, Azərbaycanın təcavüzkar qonşusu olan işğalçı Ermənistanın mövqeyini aşkar şəkildə müdafiə edirlər. Əbəs yerə deyil ki, onların hər birinin ayrı-ayrılıqda qondarma Dağlıq Qarabağı müstəqil, azad ölkə kimi öz hesabatlarına salır, bununla da hansı "məzhəbə" qulluq etdiklərini, nökərçilik etdiklərini sübuta yetirirlər.

Çünki belə işlərdə qazanc, rüşvət yoxdur...

Yeri gəlmişkən, bu günlərdə Qərbi Avropanın Norveç, Danimarka, İsveç və s. kimi ölkələrinin parlamentləri ərəb ölkələrindəki müharibələrin od-alovundan qaçan məzlum insanların həmin ölkələrdə yaşam tərzlərini məhdudlaşdıran qanunlar qəbul edirlər. Ksenofobiya və antiislam mövqeyini əks etdirən qanunlarda daha hansı alçaldıcı məqamlar yoxdur?! Danimarkanın ali qanunverici orqanı müsəlman qaçqınların həmin ölkədə 2500 avrodan artıq pula malik olmalarının qarşısını alan qanun təklifini təsdiq edib (?!). Norveç parlamentində isə müsəlman qaçqınların bu ölkəyə keçmələri üçün sərəhəddə say məhdudiyyəti qoyub. Məsələn, hər ailədən yalınz üç nəfər ölkə ərazisində qaçqın statusu ala bilər. Yəni həmin alilənin beş üzvü varsa, onlardan ikisi müharibənin od-alovuna geri dönməli, qalan üçü isə Norveçdə qaçqın statusu alıb həyatını xilsa etməlidir (?!). SUAL: Nəyə görə Azərbaycana qənim kəsilmiş KİNLİ DÖRDBUCAQ bu məsələni nəzərinə götürüb, tənqidi hesabatlar yaymır, bu olayları Qərbin aparıcı təşkilatlarına yönəldib, müsəlman qaçqınların hüquqlarının qorunması istiqamətində real hərəkətə keçmir? İstər qəribə, istərsə də qeyri-qəribə səslənsə, bu, nə "Human Rights Watch"a, nə "Freedom House"yə, nə "Amnesty İnternational"a nə də ki, "Sərhədsiz Reportyorlar"a sərf etmir. Çünki belə işlərdə qazanc, rüşvət yoxdur.

Və bu gün Azərbaycana qarşı əsassız iddialar irəli sürən bu təşkilatlar nə üçün Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görmürlər, yaxud görmək istəmirlər?! Halbuki Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloggerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı (!!!) faktlar mövcuddur.

Bu xüsusda daha çox diqqətçəkən məqamlardan biri də Avropada islama qarşı hərəkatların və informasiya-təbliğat vasitələrinin genişləndirilməsidir

Bu gün məhz kinli dördbucağın təmsil etdikləri Avropa və Qərb ölkələrində, elə bir vəziyyət yaranıb ki, burada köçəri, qaçqın xalqlara qarşı millətçilər tərəfindən hücumlar olduqda belə, polis müdaxilə etmir, onlarla bağlı məhkəmə və cinayət-axtarış prosesləri formal olaraq keçirilir. Məsələn, bu baxımdan Almaniyada vəziyyət daha da ağırdır. Hətta diskriminasiya ilə mübarizə təşkilatının keçirdiyi rəy sorğusunun nəticəsində bəlli olub ki, almanların böyük hissəsi köçəri xalqların xüsusi yerlərə köçürülməsinin, həmçinin, deportasiyasının tərəfdarıdırlar. Təkcə, son bir ildə suriyalı qaçqınlarla bağlı onlara göstərilən "alman qayğısını" göstərsək kifayət edər.

Bu arada, xüsusilə Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada qaçqın müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta fiziki zorakılıqlarla qarşılaşırlar. Müsəlman qadınlar və kişilər geyimlərinə, fiziki görünüşlərinə görə iş tapmaqda çətinlik çəkirlər. Hətta elə yerlər var ki, müsəlman qadınlar orada başıörtülü vəziyyətdə gəzə bilməz. Eyni zamanda, Avropa ölkələrinin bir çoxunda məscidlərin tikintisi dayandırılıb. Bu xüsusda daha çox diqqətçəkən məqamlardan biri də Avropada islama qarşı hərəkatların və informasiya-təbliğat vasitələrinin genişləndirilməsidir. Təkcə onu qeyd etmək kifayətdir ki, bir müddət öncə islamofob qüvvələr tərəfindən 6 dildə fəaliyyət göstərən "Qadınlar islama qarşı" saytının istifadəyə verilməsi bir daha "qoca qitə"dəki antiislam əhval-ruhiyyəsinin göstəricisidir. Bu əsnada Avropanın və Qərbin islamlaşmasına və miqrantlara qarşı bir qrup şəxs tərəfindən yaradılmış "PEGİDA" hərəkatı fəaliyyətini göstərə bilərik. Elə maraqlısı da odur ki, bu təşkilatın fəaliyyəti Avropadakı mövcud bütün sivil insan hüquqları qaydalarına və dəyərlərinə zidd olsa da, bizim "üçlük" ("Amnesty İnternational", "Sərhədsiz Reportyorlar", "Freedom House" və "Human Rights Watch") bu təhlükəni sanki görmür və ya görməzliyə vurur, hesabatlarında da bir kəlmə belə bu barədə qeydlər aparmırlar.

Onların real siftləri də məhz budur - kin, qərəz və şantaj

Bütün bunlar bir daha sübut edir ki, özünə beynəlxalq təşkilat statusu biçən "Amnesty İnternational", "Freedom House", "Sərhədsiz Reportyorlar" və "Human Rights Watch" Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik, heç bir təsirə malik olmayan, səs-küyə səbəb olmayan boğazdan yuxarı münasibət bildirirlər.

Bu gün Azərbaycanda mulkulturalizm ən yüksək həddə inkişaf edir. 2016-cı il ölkəmizdə mulkulturalizm ili kimi qeyd edilməkdədir. Ancaq Azərbaycandan fərqli olaraq, Qərbin bir sıra ölkələrində multikulturalizmdən imtina olunub. Üstəlik, yuxarıda qeyd etdiyimiz faktlardan əlavə, Qərb dövlətlərində ayrı-seçkilik faktorları kifayət qədər artıb. Bunu etiraf etmək, öz "demokratiya dərslərini" həmin ölkələrin hakimiyyətlərinə, iqtidarlarına yönəltmək əəvəzinəə, adıçəkilən kinli dördbucaq dünya miqyasında sülhü və dostluğu, demokratik ənənələri, humanistliyi təbliğ edən Azərbaycanı əsassız tənqid edir, qərəzli olaraq ölkəmiz barəsində iddialar irəli sürürlər. Onların real sifətləri də məhz budur - kin, qərəz və şantaj. Ancaq bütün bunlara baxmayaraq, onların heç biri Azərbaycanda keçməyəcək!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər