Hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi və hesabatları ilə seçilən "Freedom House" yenə də ənənəvi ampluasından çıxış edib. Qondarma təşkilat ölkəmizi təməl azadlığının ən çox pozulduğu on ölkə siyahısına salıb və qeyri-azad ölkə kimi təqdim etməyə çalışıb. Bunula da ermənipərəst mövqeyindən əl çəkmədiyini nümayiş etdirib. Qeyd etmək lazımdır ki, bu qondarma qurumun rəhbərliyində ermənilər və erməni lobbisi ilə sıx əlaqəli olan insanlar çalışır. Bu baxlmdan, təşkilat heç cür obyektiv qərar qəbul edə və hesabat yaya bilmir. Söhbət etdiyimiz müsahiblərimizdə "Freedom House"un Azərbaycan əleyhinə qərəzli iş aparmasının arxasında bu təşkilatın sıralarında kifayət qədər erməninin çalışması ilə əlaqələndirdilər.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov: "O təşkilatlar hansısa xarici ölkələrin xüsusi xidmət idarələrinin rəhbərliyi altında işləyirlər"
- "Freedom House"nı beynəlxalq təşkilatlar yox, xarici QHT-lər adlandırardım. Çünki o təşkilatlar hansısa xarici ölkələrin xüsusi xidmət idarələrinin rəhbərliyi altında işləyirlər. Fikir versək görərik ki, keçmişdə xarici ölkələrdə mühüm vəzifələr tutan və yaxud xüsusi xidmət orqanlarında çalışan şəxslər həmin təşkilatlara rəhbərlik edirlər. Onlar da həmin dövlətlərin maraqlarından çıxış edirlər. Bir var dövlətlərin öz maraqları, bir də var dövlətlərinin maraqları. Onlar öz təşkilatları vasitəsi ilə ayrı-ayrı ölkələrdə öz maraqlarını həyata keçirirlər. Yəni hansı ölkədə maraqları varsa və həmin ölkələrdə öz maraqlarını həyata keçirməyə çətinlik çəkirlərsə, bu halda bu cür təşkilatlardan istifadə edirlər. Bir sözlə, bütün beynəlxalq təşkilatların tərtib etdiyi reytinqlər iqtisadi maraqlarla yanaşı, hansısa siyasi maraqlar güdürlər. Məlumdur ki, bu təşkilatların apardıqları siyasət qərəzlidir. Bu baxımdan, "Freedom House"un hesabatını ciddi qəbul etmək olamaz.
"Azadlıq" Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov: "Bu da "Freedom House"un ölkəmizlə bağlı növbəti təxribatıdır"
- "Freedom House" adlanan bu təşkilat birinci dəfə deyil ki, Azərbaycana qarşı bu cür mövqedən çıxış edir. Bu da "Freedom House"un ölkəmizlə bağlı növbəti təxribatıdır. Azərbaycan müxalifəti ilə onları bir məqsəd birləşdirir. Yəni Azərbaycanı, nəyin bahasına olsursa-olsun, beynəlxalq aləmdə nüfuzdan salmaq və bu hakimiyyəti Azərbaycan dövlətçiliyi, xalqı üçün gərəksiz kimi təqdim etməkdir. Təbii ki, onların ölkəmizlə bağlı qərəzli istəkləri heç vaxt reallaşa bilməz, mümkün də deyil. "Freedom House" adlanan bu təşkilatın ölkəmizlə bağlı reallığı özündə əks etdirməyən qərəzli hesabatından müxalifətin razı qalması böyük biabırçılıq hesab olunmalıdır.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- "Freedom House"un "2016-ci ildə dünya ölkələrində azadlığın vəziyyətinə dair" hesabatı tamamiilə qərəzli və şər-böhtan üzərində qurulmuş hesabatdır. Kimsə bu tip hesabatları dəstəkləyirsə, həmin şəxsin nə dövlətçilik, nə də xalq və millət barədə hər hansı bir düşüncəsi yoxdur. Belə şəxslər ictimai qınaq obyekti olmalı və tənqid edilməlidirlər. "Freedom House" Azərbaycanla bağlı yaydığı hesabatla həm də emənilərin maraqlarından çıxış etdiklərini nümayiş etdirdilər. Bununla da həmin təşkilatın sıralarında ermənilərin daha çox olduğunu və onların istəklərinə uyğun hesabat hazırladıqlarını göstərmiş oldular.
GÜLYANƏ