"Freedom House" budəfəki "azadlıq" hesabatı ilə açıq-aşkar qərəzli siyasət yeritdiyini və separatçı rejimlərə dəstək olduğunu bir daha sübuta yetirdi
Azərbaycanın uğurlarından qıcıqlanan bəzi xarici siyasi dairələr, xüsusən erməni lobbisi və onların təsiri altında olan riyakar siyasətçilər ölkəmizə qarşı apardıqları total informasiya müharibəsini son illərdə daha da genişləndiriblər. Müxtəlif xarici qeyri-hökumət təşkilatlarının vaxtaşırı hazırladıqları hesabatlarda Azərbaycana dair tənqidi mövqelərin ortaya qoyulması bunun bariz göstəricisidir. "Freedom House" qərəz dolu ənənəsinə daim sadiq qalır və bu inkişafı görmək istəmir. Bu təşkilat Azərbaycandakı pozitiv məqamların heç birini təəssüf ki, qiymətləndirmir. Onun hər il yaydığı hesabatların ölkəmizə dair hissəsində təkrarçılıq açıq-aydın görünür.
Buna son nümunə olan "Freedom House" təşkilatının "Dünyada azadlıq - 2015" adlı hesabatında ölkəmizə qarşı növbəti dəfə qərəzli münasibəti ortaya qoyuldu. Hesabatda region ölkələri ilə yanaşı, separatçı qurumlara, o cümlədən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimə də yer verilib.
Qeyd edək ki, 1941-ci ildən fəaliyyətdə olan "Freedom House" qeyri-hökumət təşkilatı dünya ölkələrindəki demokratikliyin səviyyəsini iki meyar - siyasi və vətəndaş azadlıqları əsasında müəyyənləşdirir. Dünyada azadlığın geniş yayılmasını dəstəklədiyini və vətəndaş azadlığına nəzarət etdiyini bəyan edən təşkilatın istifadə etdiyi metodologiyada ölkələr siyasi hüquqların və mülki azadlıqların səviyyəsinə uyğun olaraq azad, qeyri-azad və qismən azad ölkələr kateqoriyasına bölünür. Təşkilatın hesabatlarında Azərbaycandakı ictimai-siyasi proseslər, mülki və siyasi hüquqlar barədə də dəyərləndirmələr aparılır. Təəssüf ki, bu üzdəniraq təşkilat ölkəmizə münasibətdə həmişə qərəzli və qeyri-obyektiv mövqe tutur.
Azərbaycanın demokratik inkişafı göz qabağındadır. Son illərdə ölkəmizdə insan haqlarının təmin olunması sahəsində xeyli işlər görülüb, istər qanunvericlik, istərsə də praktiki baxımdan mühüm irəliləyişlər əldə olunub. Məhkəmə-hüquq islahatları uğurla davam etdirilib. Əksər beynəlxalq təşkilatlar Azərbaycanın demokratik inkişafı ilə bağlı dəyərləndirmələrində ölkəmizin öz imicini getdikcə möhkəmləndirdiyini bildirsələr də, "Freedom House" qərəz dolu ənənəsinə daim sadiq qalır. Təşkilatın son hesabatında separatçı rejimlərə simpatiya nümayiş etdirməsi onun beynəlxalq aləmdə özünü tam nüfuzdan saldığını göstərdi. Belə ki, "Freedom House"un budəfəki "azadlıq" hesabatında açıq-aşkar qərəzçiliyi və yanlış müqayisəsi ilə fərqlənir.
Bu, onunla izah olunur ki, guya Azərbaycanda hökumət tənqidçilərinə, insan haqları fəallarına və jurnalistlərə qarşı repressiyalar gücləndirilib. Onların həbsə atıldığı qeyd olunur. Çünki bu qurumun idarə heyətində ermənilər təmsil olunur, onlar erməni lobbisinin maliyyəsi hesabına fəaliyyət göstərirlər. Onlar açıq və gizli şəkildə Azərbaycan dövlətçiliyi əleyhinə iş aparır və bu işə bir neçə yerli partiyanı və QHT-ni də cəlb edirlər. Məqsədləri isə ictimai-siyasi sabitliyi pozmaqdır.
Yeri gəlmişkən, "Freedom House"un azərbaycanlı girovlarla bağlı heç bir açıqlama verməməsi də bu təşkilatın qərəzli olduğundan xəbər verir. Çünki "Freedom house" təşkilatı həmişə böhtanlarla, qara yaxmaqla Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi imic formalaşdırmağa çalışır. Amma bu, heç vaxt baş tutmayıb. Çünki həmin təşkilatın heyətində, yuxarıda qeyd etdiyimiz kimi, kifayət qədər erməni var.
Aydın Mirzəzadə: "Freedom House" siyasi məqsədlər güdən siyasi təşkilata çevrilib"
YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə verdiyi açıqlamasında bildirib ki, təşkilatın hesabatı kifayət qədər qüsurludur: "Azərbaycanın işğal olunmuş ərazisinin ayrıca dövlət kimi göstərilməsində maraqlı olan qüvvələr də bu gün "Freedom House"u Azərbaycan haqqında mənfi rəy verməyə sövq edirlər". Deputatın fikrincə, artıq "Freedom House"un hesabatları nə ictimai rəy, nə də beynəlxalq reaksiya doğurmur: "...Freedom House" siyasi məqsədlər güdən siyasi təşkilata çevrilib. Halbuki öz bəyanatına görə, qiymətləndirmələri maraq, rəyləri isə reaksiya doğuran bir təşkilat da ola bilərdi. Lakin "Freedom House" bu şansı çoxdan əldən çıxarıb".
Beləliklə, "Freedom House" kimi təşkilatların hazırladıqları hesabatlarda reallıqları təhrif etmələri, o cümlədən Ermənistan kimi insan hüquqlarının kütləvi şəkildə pozulduğu bir ölkəni yüksəkdə tutmaları tamamilə ayrı məqamlardan xəbər verir. Belə hesabatlar təsdiq edir ki, "Freedom House" demokratiyanın təbliğini yox, erməni lobbisinin və antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı sifarişlərini yerinə yetirir. Belə qərəzli hesabatlar həm də Cənubi Qafqaz regionunun ən mühüm strateji kəsişməsində yerləşən, həmçinin bölgənin lider dövləti olan Azərbaycanla bağlı öz mənafelərini güdən siyasi mərkəzlərin maraqlarına hesablanıb. Onların hər biri Azərbaycanı öz marağına uyğun görmək istəyir və bu istiqamətdə ardıcıl fəaliyyət aparır. Azərbaycan isə müstəqil dövlət kimi müstəqil siyasət yeridir. Bu mənada, belə hesabatlarla Azərbaycana təzyiq etmək və ölkəmizin dünyadakı yüksək imicinə kölgə salmaq qeyri-mümkündür.
Rəfiqə HÜSEYNOVA