"Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir və bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir"
Azərbaycanda ictimai-siyasi sabitlik ən yüksək səviyyədə qorunur. Ölkəmizdə görülən bütün işlər xalqımızın firəvanlıq, əmin-amanlıq içərisində yaşaması üçündür. Ölkəmizdə demokratiya istiqamətində çox mühüm addımlar atılmışdır ki, bunun da kökündə iqtidar-xalq birliyi dayanır. Təsadüfi deyil ki, bu gün sosial problemlər dünya ölkələrini ağır duruma salmışdır, neftin qiymətinin düşməsi ilə dünya dövlətləri böhran içərisindədirlər. Ancaq Azərbaycan iqtidarının apardığı uğurlu daxili və xarici siyasət dövlətimizi bu tip gözlənilməz olaylardan maksimum səviyyədə sığortalamışdır. Yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: "Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ona görə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır.
Bir daha demək istəyirəm ki, xalqımızın milli həmrəylik, vahid amal ətrafında birləşməsi, düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu reallığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr və qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə, əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir və deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir. Keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu, bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. İştirak etmiş bütün müşahidəçilərin rəyinə görə parlament seçkiləri şəffaf və ədalətli keçirilmişdir, Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilmişdir. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Çünki mən bu seçkilərin nəticələrini belə qəbul edirəm: Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərmişdir. Buna görə mən Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, dünyada baş verən bütün hadisələrə və böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin qazandığı beynəlxalq nüfuzdan da danışmışdır: "Hesab edirəm ki, Azərbaycan 2015-ci ildə də bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını saxlaya bilmişdir. Bizim beynəlxalq nüfuzumuz böyük dərəcədə artmışdır. Keçən il mən 20 xarici səfər etmişəm - rəsmi və işgüzar səfər. Azərbaycana 15-dən çox xarici dövlət və hökumət başçısı səfər etmişdir. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə çox fəal rol oynayır və Azərbaycana dünyada çox böyük rəğbət var. Bunu mən hər dəfə xarici səfərlərdə olarkən görürəm. Bu dəfə Davos Forumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük rəğbət və hörmət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurla davam edir. Üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndiririk. Bütün başqa təşkilatlarla da münasibətlərimizi qarşılıqlı hörmət əsasında qurmuşuq və bu münasibətləri dərinləşdirmək istəyirik. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarda fəaliyyətimiz daha da sürətlə aparılacaqdır".Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür".
Dünyaya yeni, fundamental inkişaf modeli nümayiş etdirən Azərbaycan bundan sonra da demokratiya istiqamətində inamla irəliləyəcəkdir. Çünki Azərbaycanda iqtidarla xalq arasında vəhdət, dövlətə inam, tolerantlıq mövcuddur və ölkə iqtisadiyyatı sarsılmaz ideyalar üzərində qurulmuşdur.
Samir