"Ümumiyyətlə Dağlıq Qarabağla bağlı münaqişə 1988-ci ildən, 1991-ci ilin payızına qədər olub. 1991-ci ilin payızından etibarən isə Azərbaycanla Ermənistan arasında müharibə gedir və bu gün də davam edir. Bu gün iki dövlət arasında Dağlıq Qarabağ ərazisi ilə bağlı gedən müharibədə, danışıqlarda qüvvələr, tərəflər nisbəti dördün birədir. Yəni bir Azərbaycan, digəri isə dörd Ermənistan ( ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi və bir Ermənistan) dövlətidir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, həmsədrlər heç vaxt ədalətli mövqe tutub vasitəçi rolunda ola bilməzlər: "Onlar yalnız işğalçı tərəfdən iştirak edirlər. Çünki vasitəçi dövlətlərlə Azərbaycanın tarixi torpaqlarında yaradılmış Ermənistan dövləti arasındakı münasibətləri nəzərə alaraq deyə bilərik ki, həmsədr dövlətlərin ATƏT-in Minsk qrupunun adı ilə vasitəçilik etməyə mənəvi və hüquqi haqları yoxdur. Onlar yalnız tərəfdirlər. Həmsədrlər bütün proseslərdə Ermənistanla eyni tərəfdə olduqlarını qabarıq nümayiş etdirirlər. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) olan müzakirələr də bunu bir daha təsdiqlədi. Erməni ictimaiyyəti də, Ermənistanda bu gün siyasi hakimiyyəti zəbt etmiş hərbi xunta da təbii ki, vasitəçi dövlətlərə minnətdar olmalı, ayaqlarına düşüb öpməlidirlər".
sia.az