TEZİS ƏSASINDA
İlham Əliyev: "Sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir"
Hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas meyar seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır.
Dövlət-sahibkar münasibəti dəha da dərinləşir
Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının son zamanlar imzaladığı son sənədləri sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar. Bütövlükdə, son zamanlar imzalanan sərəncamlar dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, eyni zamanda özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəlliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm da sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər.
Dövlətin yaratdığı bu imkanlardan istifadə edən ölkə sahibkarları da bunun müqabilində milli iqtisadi inkişafın sürətlənməsi üçün səylərini ortaya qoyaraq ən iri layihələrin reallaşmasına nail olurlar. Nəticədə, dövlət-sahibkar qarşılıqlı münasibətlərinin dərinləşməsi Azərbaycanın yüksəlişinə güclü zəmin yaradır. Dövlət ölkədə davam edən nəhəng sosial infrastruktur quruculuğunda sahibkarların da iştirakını zəruri saymaqla, sosial sektorla bağlı investisiya layihələrinə milli sahibkarlığın da qoşularaq təşəbbüskarlığını artırmasını vacib hesab edir.
Prezident İlham Əliyev bütün çıxış və nitqlərində qeyd edir ki, ölkəmizin inkişafı sahibkarlığın inkişaf etdirilməsinə bağlıdır. Yanvar ayının 26-da "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrammı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışı zamanı sahibkarlığın inkişafı üçün əlavə tədbirlərin görülməsini vurğulamışdır: "Sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Sahibkarlığın inkişafı üçün yeni yanaşmalar lazımdır. Ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir. Sahibkarlar yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər. İş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərindən yanaşıb, işsizləri işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr, ümumi işimizə töhfə verərlər".
Əlbəttə ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha da artırılacaqdır. Çünki sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəkdir.
RƏFİQƏ KAMALQIZI