PDF Oxu

Siyasət

  • 27

ATƏT-in Minsk Qrupu iç üzünü aşkara çıxarıb

ATƏT-in Minsk Qrupu iç üzünü aşkara çıxarıb

SİYASİ RAKURS

Prezident İlham Əliyev: "Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır"

ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərən həmsədrlərin Qarabağ münaqişəsi fonunda Azərbaycanın haqlı mövqeyinə ciddi dəstək göstərməməsi, yaxud ikili standartlardan çıxış etməsi, ilk növbədə onu sübut edir ki, bu qurumun sözügdən münaqişədə hər hansı bir funksiyası yalnız sözdədir. Yəni əməli işlərdə real nəticələrdən danışmağa, ümumiyyətlə, dəyməz. Xüsusilə, son günlər ölkəmizin ictimai rəyində daha çox bəhs edilən mövzu bu faktoru yenidən gündəmə gətirib. AŞPA-nın iclasında Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması faktı ilə bağlı irəli sürülən sənədin qəbul olunmamasında ATƏT həmsədrlərinin canfəşanlıqları müəyyən nəticələrə gəlməyə səbəb olub. Əbəs yerə deyil ki, bilavasitə erməni lobbisinin təsiri altlnda olduğunu aşkar şəkildə büruzə verən həmsədrlər AŞPA-da siyasi həyasızlıq nümayiş etdirməklə, əslində, Qarabağ problemində Ermənistanın işğalçılıq siyasətinə dəstək verdiklərini etiraf ediblər. Düzdür, onlar bunu açıq qaydada deməsələr də, münaqişənin nizamlanması fonunda göstərdikləri dırnaqrarası fəaliyyət məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmış olur.

"Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir"

"Minsk Qrupu həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır". Bu fikirləri isə kəskin və sərt bəyanat şəklində ölkə Prezidenti Cənab İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məlum "fəaliyyətlərinə" münasibətini bildirərkən vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, həmsədrlər nəinki işğalçı Ermənistana təzyiq göstərmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Bu baxımdan, Prezident İlham Əliyevin ittihamedici fikirlərindən də belə nəticəyə gəlmək mümkündür ki, vasitəçilərin təxribatçı fəaliyyəti Avropa Şurasındakı son dinləmələrdə də özünü daha qabarıq fonda sərgiləyib. Prezident İlham Əliyev bildirib ki, Minsk Qrupu həmsədrləri reallıqdan çıxış etsəydilər, münaqişənin həll olunmamasında böyük rol oynaya bilərdilər. Vasitəçilərin ikili standartlar yürütdüyünü deyən Prezident bunun səbəbini açıq bəyan edib: "Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir".

"Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq"

Ölkə başçısının bu amilə xüsusi fikir bildirməsi isə heç də əbəs deyil. Çünki bu gün dünya birliyində siyasi kataklizmlərdə aparıcı rol alan bir çox nüfuzlu qurumlar məhz "xristian klubu"na üzv olan ölkələrdir. Bu kimi məsələlərdə "xristian klubu"na üzv ölkələr, xüsusilə, Qərb təşkilatları, hətta haqsız olduğu sübuta yetirlsə belə, xristian Ermənistanın mövqeyinə pərdəarxası dəstək göstərirlər. Bu isə, əlbəttə ki, heç bir demokratik, humanizm və digər bu kimi dəyərlərə cavab verməyən, həmin dəyərləri ayaq altına alan bir faktordur.

Lakin bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan xalqı və dövləti heç vaxt torpaqların işğalda qalması ilə barışmayacaq: "Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq".

Göründüyü kimi, ortada olan bütün maneə və sədlərə baxmayaraq, Azərbaycan Prezidenti tam əminliklə vurğulayır ki, Qarabağdakı işğal altında olan ərazilərimiz geri qaytarılacaq.

Əli Əhmədov: "Minsk Qrupunun həmsədrləri AŞPA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər ki, bu da, bütövlükdə bizi Minsk Qrupunun hansı məqsədə xidmət etdiyi haqqında düşünməyə vadar edir"

Bu arada, sadə vətəndaşlar, politoloqlar və siyasətçilər də Minsk Qrupu həmsədrlərini fəaliyyətsizlikdə ittiham ediblər. Mövcud ittihamlar isə bu yarıtmaz üçlüyün qeyri-ciddi fəaliyyətinin istənilən nəticə əldə etmədiyini əsaslandırır.

"Əgər Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağa dair qətnamə ilə bağlı səslərin sayılmasında, həqiqətən də saxtakarlıq olubsa, mən bunu, bütövlükdə Avropanın ən vacib qurumlarından biri olan AŞPA üçün o qədər də başucalığı gətirməyən hadisə hesab edirəm".

Bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Əli Əhmədov da, öz növbəsində bildirib ki, AŞPA-da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədər qərarın qəbul edilməsinə mənfi münasibət göstərilməsi və nəticə etibarilə Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi AŞPA-ya başucalığı gətirmir: "Ən azından ona görə ki, AŞ PA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib. İkinci dəfə əks mövqenin nümayiş etdirilməsi düzgün hal sayıla bilməz. Digər tərəfdən, çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk Qrupunun həmsədrləri AŞPA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər ki, bu da, bütövlükdə bizi Minsk Qrupunun hansı məqsədə xidmət etdiyi haqqında düşünməyə vadar edir".

Beləliklə, bir daha belə qənaətə gəlmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu və danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun 24 illiyi bu ilin martında tamam olacağına rəğmən, onun ötən dövrdə yalnız fərdi, eləcə də digər arzuolunmaz maraqlara xidmət etməsi açıq-aşkar görünməkdədir. Görünür, bu qrupun bundan sonrakı fəaliyyəti də nəticəsiz qalacaq. Bu baxımdan, artıq Azərbaycan ictimaiyyətinin belə bir qeyri-ciddi qrupun uğura imza atacağına inamı, ümumiyyətlə itib.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər