İlham Əliyev: "Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar"
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca amillərdəndir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu gününə və sabahına görə, Ulu Öndərimiz Heydər Əliyevə borcludur.
Bu gün Azərbaycan bütün gücü ilə inkişaf edən ölkədir. Onun xarici görkəmini dəyişən tikintilər, günü-gündən qüdrətlənən milli ordu, möhkəm və etibarlı siyasət dövlətin gələcəyinə uğurla və inamla addım atmağa şərait yaradır.
Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrə gənclərin daha da fəal iştirakının yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət- gənclər siyasəti sovet məkanında yaşadığımız illərə təsadüf edir. Belə ki, Ümummilli Lider Heydər Əliyev ötən yüzilliyin 70-80-ci illərində Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü gənclər siyasətini həyata keçirir. Bu siyasətin davamı olaraq Heydər Əliyev Azərbaycanda müstəqillik dövründə gənclər siyasətinə xüsusi önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq vahid gənclər siyasəti hazırlanıb həyata keçirildi. Belə ki, Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, fevralın 2-də Azərbaycan Gənclər Gününün elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər), "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradır.
ARTIQ BU GÜN HEYDƏR ƏLİYEVİN ARZULADIĞI GƏNCLİK YETİŞİB
Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açır. Dövlət Proqramı çərçivəsində gənclərə dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq imkanı verilib. Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan bu ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Tələbələr əsasən, Türkiyə, Böyük Britaniya, Rusiya, ABŞ və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inam bəsləyir: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".
İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur. Dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" Sərəncamı gənclər siyasətinin davamı kimi qiymətləndirilir. Sərəncamın əsasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin müxtəlif sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi dayanır. Gənclik cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqə olduğundan dövlət tərəfindən gənclərin qabiliyyət və intellektual imkanlarının üzə çıxarılmasına geniş imkanlar açılır.
SABAHA VƏ UĞURLARA HESABLANAN SİYASƏT
Gənclərə olan diqqət və gənclər siyasətinin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 26 yanvar 2015-ci il tarixində "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdə növbəti addımdır. Gənclərə ayrılan bu diqqətin, qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Göründüyü kimi, müasir dövrümüzdə gənclərin bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi məqsədi ilə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilir. Dövlət-gənclər siyasətindən irəli gələrək, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlər təşkil olunur. Bu da bir faktdır ki, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına kömək göstərilir.
Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə inkişaf mövcuddursa, deməli, o cəmiyyətdə gənclərdə də inkişaf prosesi sürətlə gedir, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, ümidlər və sağlam düşüncə deməkdir.
Son illər gənclər qarşısında qoyulan bütün məsuliyyətli işlər gənclər tərəfindən yüksək səviyyədə həyata keçirilir. Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Buna sübut olaraq gənc idmançılarımızın qələbələrini, gənc siyasətçilərimizin uğurlarını, gənc əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidmətlərini və digər sahələri nümunə çəkmək olar. Bir sıra müsabiqələrdə, yarışlarda Azərbaycan gənclərinin Avropa məkanını fəth etməsi, birincilik qazanaraq, Azərbaycan bayrağını dalğalandırması Azərbaycan gəncliyinin sağlam düşüncəsinin məntiqidir.
Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. Bu təşkilatların istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır. Hər bir əlamətdar gündə yaşadıqları ölkənin küçələrində Azərbaycan bayrağını ucaldırlar. Azərbaycan reallıqlarını dünyaya çatdıran, onun həqiqətlərinə göz yuman insanlara reallıqları təqdim edən məhz elə gənclərdir.
Bu, Azərbaycan gənclərinə yaradılan şəraitdir. Azərbaycan gəncliyi sürətli inkişafa meyillidir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır. Azərbaycanın durmadan inkişafı, dünya dövlətlərinə inteqrasiya prosesinin sürətlənməsi, iqtisadi yüksəliş kimi nailiyyətlər gəncliyin qarşısında prespektivlər açmaqla yanaşı, onları stimullaşdırır. Bu gün həyata keçirilən siyasət, uğurlu iqtisadi islahatlar, iqtisadiyyatın inkişaf tempi müasir gənclərin düşüncəsinin formalaşmasına birbaşa təsirini göstərir.
İNKİŞAF, SABİTLİK DÖVRÜ OLAN 20 İLDƏ AZƏRBAYCAN ÇOX GÜCLÜ DÖVLƏTƏ ÇEVRİLİB
Bu günlərdə dövlət başçısı Cənab İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. Dövlət başçısı 1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə birinci Gənclər Forumu doğrudan da, çox əlamətdar hadisə olduğunu vurğulayıb. Məhz o vaxtdan Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən olunduğunu diqqətə çatdırıb:"Ümumiyyətlə, 1996-cı il müstəqil tariximizin xüsusi ili idi. Çünki 1996-cı ildən sonra ölkəmizdə inkişaf dövrü başlamışdır. Sabitləşmə dövrü isə xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra başlamışdır. Ancaq 1996-cı ilə qədər ölkəmizdə gedən proseslər imkan vermirdi ki, ölkə inamla inkişaf dövrünə qədəm qoysun. Əgər statistik göstəricilərə nəzər salsaq görərik ki, 1996-cı ildən sonra iqtisadi artım başlamışdır, iqtisadiyyatda tənəzzül aradan götürülmüşdür, inflyasiyanın səviyyəsi aşağı düşməyə başlamışdır".
Prezident İlham Əliyev sovet hökuməti, sovet ordusu tərəfindən xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsindən danışaraq, qeyd edib ki, faciədən sonra Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək öz etiraz səsini ucaldıb. Heydər Əliyevin bu addımını çox cəsarətli bir addım, əsl vətənpərvər, xalqını hər şeydən üstün tutan insanın addımı kimi qiymətləndirib: "Təbii ki, o, böyük siyasətçi kimi başa düşürdü ki, ona qarşı təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Hətta onun həbsi haqqında da qərar qəbul edilmişdir və o, məcbur olub Moskvadan Bakıya, özü də böyük çətinliklərlə gələ bilmişdi". Həmin illərin ağır illər və gələcək inkişafımız üçün həlledici zaman olduğunu bildən dövlət başçısı gənclərlə görüşündə müstəqilliyimizin ilk dövrünə nəzər salıb.
Prezident İlham Əliyev gənclərlə görüşü zamanı xalqımızın başına gətirilən bəlalara, yaxın keçmişə nəzər salaraq, dediklərinin bir həqiqət olduğunu, gənclərimizin bunu bilməsini, bizim hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmamızı bilməsinin vacibliyini vurğulayıb. Bu tarix yaddan çıxarsa, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyimizi deyib; "Biz bu gün güclü dövlət qururuq. O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq".
20 ilin inkişaf, sabitlik dövrü oldununu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu dövr ərzində Azərbaycan dünya miqyasında, çox güclü dövlətə çevrilib. Dövlətimizin yeni inkişaf dövrünü yaşadığını qeyd edən Prezident bu gün ölkəmiz üçün yeni dövr başladığını bildirib:"Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq.Əlbəttə ki, iqtisadi sahədə ciddi islahatların aparılmasına çox böyük ehtiyac var. Bu islahatlar başlayıb və dərinləşəcək. Biz çalışmalıyıq və əminəm, buna nail olacağıq ki, Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatlarından fərqlənməsin, o səviyyədə olsun. Çünki gərək bütün mexanizmlər, bütün meyarlar bu tələbləri ehtiva etsin".
Dövlət başçısı İlham Əliyev bizim çox güclü intellektual potensialımızın olduğunu bildirib. Növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacağını, indiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacağın qeyd edib.
Prezident İlham Əliyev cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayan gənclərin fəaliyyətini yüksək qiymətləndirib: "Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət".
Tam əminliklə demək olar ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
ZÜMRÜD BAYRAMOVA