2 Fevral Gənclər Günü ölkəmizin hər yerində böyük tədbirlərlə qeyd olunmaqdadır
Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin düzgün qurulması heç şübhəsiz ki, dövlətin gələcəyinin təminatı deməkdir. 2 Fevral Gənclər Günüdür. Ümumilikdə Azərbaycan gəncliyinin bugünkü durumu, gənclərin dövlət idarəetməsində çalışması, intellekti, bilik və bacarığını necə qiymətləndirmək olar? Eyni zamanda, Prezident İlham Əliyevin gənclərlə görüşü keçirildi və bu görüş barəsində nə deyə bilərsiniz? Söhbət etdiyimiz müsahiblərimizin dedikləri.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifəndirmə İctimai Birliyinin sədri Emin Həsənli:
- Bu gün Azərbaycan gəncləri ölkədə gedən ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə də yaxından iştirak edərək öz uğurları ilə seçilir. Hazırda ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti bunu deməyə əsas verir ki, Azərbaycan gənclər ölkəsidir. Ölkəmizdə gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi Öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, bu istiqamətdə dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Ulu Öndərin ideyalarından bəhrələnən və onlara göstərilən böyük etimaddan ruhlanan Azərbaycan gəncliyi özünün inkişafına xüsusi önəm verdi, diqqət ayırdı. Bunun da nəticəsində Azərbaycan gəncliyi dünyada tanınan və qəbul edilən bilikli və bacarıqlı gəncliyə cevrildi. Bütün bu uğurlara və əldə olunan nailiyyətlərə görə, həm də ölkə Prezidenti İlham Əliyevə minnətdarıq. Bu gün Prezident İlham Əliyev gənclərin hamisi və qayğıkeşidir. Məhz buna görə də Azərbaycan gəncliyi Prezident İham Əliyevə qəlbən bağlıdır, Onun daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir. Bu kurs dəyişməz olaraq qalacaq.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov:
- Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu Proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci il fevralın 1-də "2 Fevral Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bir necə gün əvvəl Prezident İlham Əliyev bir qrup gənci qəbul edərək onlarla cox səmimi, mehriban söhbətlər apardı. Görüşdə Prezident Azərbaycanın müstəqilllik illərində səriştəsiz hakimiyyət təmsilçilərinin yanlış siyasətlərinin nəticəsi olaraq ölkəmizin üzləşdiyi problemlərdən, sonrakı mərhələdə xalq-hakimiyyət birliyinin nəticəsi olaraq problemlərin aradan qaldırılmasından, bu gün insanlar rahat, təhlükəsiz şəraitdə yaşamasından danışmış, gənclərə öz tövsiyələrini, məsləhətlərini vermişdir. Bütün bunlar gənclərdə xoş əhval-ruhiyyə yardır, çalışdıqları sahədə daha əzmlə işləməyə dövlətə, xalq xeyir verməyə sövq edir.
"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud:
- Ulu Öndər Heydər Əliyev xalqın çağrışı ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi məqsədyönlü işlərdən biri də gənclərlə iş olmuşdur. Qısa müddətdə Ulu Öndər gənclərin hərtərəfli inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçiridi. Bu tədbirlər ətrafında Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə gənclərlə ilk görüşünün keçirilməsi, 1996-cı ildə gənclərin birinci forumunun keçirilməsi, 1997-ci ildə Gənclər Gününün elan olunması və ondan sonrakı dövrdə bir-birinin ardınca gənclərlə bağlı fərmanların verilməsi, dövlət proqramlarının qəbul olunmasıdır. Dahi Öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan gəncləri ilə bağlı qəbul etdiyi dövlət proqramları gənclərin öz gələcəklərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı əsasında özünün inellekti, bilik və bacarığı ilə cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Bütün sahələrdə Azərbaycan gəncliyinin fəaliyyəti hiss olunur. Yəni Azərbaycan gəncləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Təbii ki, Azərbaycan gənclərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ölkə rəhbərinin gənclər siyasətində qurduğu təməl siyasətinin uğurlu nəticəsidir.
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:
- Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-gənclər siyasəti gənclərin hərtərəfli inkişafında əhəmiyyətli rola malikdir. Bu gün Azərbaycan gəncliyi bütün sahələrdə xaricdə ölkəmizi çox böyük qurur hissi ilə təmsil edir. Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycan gəncləri ölkədə gedən bütün siyasi proseslərdə yaxından iştirak edir. Bunun da səbəbi Prezident İlham Əliyevin gögənclərə göstərdiyi diqqət və qyğının nəticəsidir.
GÜLYANƏ