"Azərbaycanın inkişafı, dövlətin beynəlxalq nüfuzunun artmasında Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür". Bunu SİA-ya 2 fevral Gənclər günü münasibətilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili deyib.Onun sözlərinə görə, cənab Prezidentin bir neçə gün öncə gənclərlə görüşündə səsləndirdiyi fikirlər gənclərin yeni hədəflərə doğru irəliləməli olduqlarını göstərir: "Azərbaycan Prezidenti tərəfindən gənclərlə bağlı dövlət proqramları qəbul olunub. Bu proqramların icrası nəticəsində dövlət gənclər siyasətində xeyli müsbət dəyişikliklər baş verib. Müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi yüksək intellektə malik gənc nəslin yetişməsindən, onların fəal iştirakından birbaşa asılıdır". Gənc diaspor sədrinin sözlərinə görə, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar gənclərin "beyin mərkəzi" olmasını zəruri edir: "Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclər maksimum səviyyədə yararlanmalıdırlar". Toğrul Allahverdili əlavə edib ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət ölkənin gələcəyinə qoyulmuş sərmayədir: "Hər bir gəncin uğuru Vətənin uğurudur. Gənclər dövlətin onurğa sütunu hesab edildiyindən, Azərbaycan gəncliyi bunun məsuliyyətini bütövlüklə dərk etməlidir".
sia.az