Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı gənclər birliyinin IV hesabat-seçki konfransı keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayan tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev açaraq, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən danışıb. Bildirib ki, hazırda partiya üzvlərinin çoxunu gənclər təşkil edir. Bu fakt gənclərin Heydər Əliyev ideyalarına sədaqəti, Prezident Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamının göstəricisidir. N.Həmzəyev dövlət başçısı İlham Əliyevin bütün göstəriş və tapşırıqlarının qədim Gəncədə də uğurla yerinə yetirildiyini diqqətə çatdıraraq, şəhərin inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayıb, dövlət-gənclər siyasəti, respublikada aparılan quruculuq-abadlıq işləri, yerli gənclərin sosial-iqtisadi və mədəni həyatında iştirakından danışıb.
YAP Gəncə şəhər təşkilatını gənclər birliyinin sədr müavini, gənc alim, Prezident təqaüdçüsü Elnur Həsənov gənclər birliyinin 3 il ərzində fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək, ölkəmizdə layiqincə həyata keçirilən dövlət-gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışıb. Bildirib ki, bu gün YAP Gəncə şəhər təşkilatının 35032 nəfər üzvünün 19535 nəfərini gənclər təşkil edir. Son 3 il ərzində 8095 gənc partiya sıralarına qəbul edilib. Hal-hazırda 19535 partiya üzvü olan gənc var ki, onlardan 14750 nəfəri qadınlardır. YAP Gəncə şəhər təşkilatının II hesabat-seçki konfransından bu günə kimi 157 ərazi partiya təşkilatında gənclər birliyinin özək təşkilatı yaradılıb.
Gənclər adından Sabir Xıdırlı, Esmiralda Hüseynova və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyası sıralarında aparılan gəncləşmə siyasətindən və dövlət quruculuğu sahəsində qazanılan uğurlardan danışıblar.
Konfransın qətnaməsi və qərarı qəbul olunub. Tədbir iştirakçıları YAP Gəncə şəhər təşkilatının gənclər birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri seçilib. Konfrans iştirakçılarının yekdil rəyi ilə Turan Məmmədzadə YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin sədri seçilib.
YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Gəncə şəhər icra hakimiyyətinin birinci müavini Elnur Rzayev, AMEA Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev çıxış edərək, YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin yeni sədrini və heyətini təbrik edib, gələcək işlərində nailiyyətlər arzulayıblar.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət oxunub.
R.NURƏDDİNOĞLU