Köşə
Başlığı oxuyan kimi ürəyinizdən qara qanlar axdığını bilirəm. Özünü söyənlər, bir neçə saniyə içərəsində başına döyəcləyənlər, gözünün qabağında kino lenti kimi bütün idarələri bir-bir süzgəcdən keçirənlər də oldu. Narahat olmayın, Elza Seyidcahan heç bir idarəyə rəis təyin olunmayıb. Ölmüşdü elə Xankişi! Ancaq bu adamın devalvasiyadan danışması məni o qədər dərin sükuta qərq etdi ki, gözüm işləyənə qədər başımı işlədə bilmədim. Elza xanımda günah görmürəm, günahkar "Poçt qutusu"ndakı Novruzəlidən heç də fərqlənməyən, adının sonundakı hərfin hələ də "q", yaxud "x" (Sadıq) olduğunu aydınlaşdıra bilməyən, rahiblərə molla, mollalara stüardessa deyənlərdir. Axı Elzaya, Aygünə devalvasiyadan necə sual vermək olar? Tutaq ki, verdin, cavabını hamınız eşitmisiniz:
Manat düşdü, düşdü,
Dollar qalxdı, qalxdı.
Bircə babamın…
Səhv başa düşməyin, babamın pensiyasını, deyirəm.
Bəli, bu şeir Elzaya məxsusdur, bundan artıq bir şeymi gözləyirdiniz!? Ümumiyyətlə, devalvasiyanın olmadığını iddia edən müğənnilər də tapıldı. Sən demə, bu adam elə bilirmiş ki, devalvasiya "hədə-qorxu" deməkdir. Ona görə də jurnalistin bu barədə sualını eşidən kimi "nə danışırsınız, devalvasiya yoxdur, hər şey yaxşıdır, kim nə deyirsə səhv edir, heç kim heç kimi döymür-söymür" cavabını verir. Bütün bu açıqlamalardan sonra həqiqi iqtisadçı alimlərimizə yazığım gəldi. Reket saytlarımzıdan da bir neçəsi müğənnilərə zəng vurub ABŞ-Rusiya münasibətlərindən, ABŞ-Yaxın Şərq siyasətindən, dünya siaysətində xüsusi xidmət orqanlarının rolundan, neftin qiymətinin aşağı düşməsində super güclərin "zəhmətkeşliyindən" suallar verirlər. Maraqlıdır, aldıqları cavab da onları qane edir. Bir də görürsən ki, sayt başlığa çıxarıb: "Aygün Kazımova Rusiya-Suriya münasibətlərinə aydınlıq gətirdi". Yuxarıda da Aygününü yarıçılpaq fotosunu qoyur, vəssallam! Bu şəkli görəndən sonra Rusiya və Suriya yada düşərmi? Cəhənnəmə, qırsınlar bir-birini. Ya da ki, "Elza Seyidcahan devalvasiyanın təsir mexanizmlərini xırdaladı" başlığını azmı görmüsünüz? Yazınını da üstündən Elzanın ot tayalarını xatırladan, sovet yolkaları kimi dörd bucağa səpələnən, rəngbərəng saçlarının şəklini qoyursan, məsələ bitir! Elə bu yazını yarımçıq qoyub şıdırğı saytlarımızdan birinə daxil oldum. Lap biabırçılıqdır. Deməli, "İsrail Fələstinə boma atacaq" başlıqlı yazının üstünə Adnan Oqtarın şəklini qoyublar. Guya texniki səhvdir. Əzizlərim, illərlə davam edən və hər yazıda özünü göstərən texniki səhv sayılırmı? Özü də medal istəyir ki, sinəsinə taxsın. Guya zəhmətkeşdir, "əMMəkdar jurnalist"dir kişinin oğlu!
Samir
P.S. Gözünüz aydın, "Manqalüstü" restoranında çörək 6 manatdır. 2 antrikod 35 manat, yəni 5 kq ətin pulu eləyib. Elə bil dinozavr yemişəm e.