"Onlar sadəcə qidalandıqları dairələrin maraqlarından çıxış edirlər"
""Freedom House" və bu kimi təşkilatların Azərbaycana bir yanaşmaları var. Onlar bu çərçivədən çıxmaq istəmirlər. İndiyədək yazdıqları hesabatlarda Azərbaycanla bağlı fikirlərin həqiqiliyini şübhə altına alan ən vacib məqam ondan ibarətdir ki, artıq bu təşkilat Dağlıq Qarabağı ayrıca bir dövlət kimi göstərir". Bu fikirləriSİA-ya Milli Məclisin vitse-spikeri Bahar Muradova "Freedom House"un ölkəmizi təməl azadlığının ən çox pozulduğu on ölkə siyahısına daxil etməsinə münasibət bildirərkən deyib.Vitse-spiker bildirib ki, "Freedom House"un absurd olaraq Azərbaycanı qismən azad ölkə kimi göstərməsi bu təşkilatın qeyri-ciddiliyindən xəbər verir: "Təkcə bu faktın özü kifayətdir ki, bu təşkilatların ölkəmizə qarşı nə qədər qərəzli olduqlarını söyləyə bilək. Hər il bu təşkilatlar hesabatlarını açıqlayır və hər il də Azərbaycana qarşı özlərinin formalaşmış bu münasibətinin sadəcə bir təsadüf, yalnışlıq yox, məqsədli bir hərəkət olduğunu sübut edirlər. Ona görə də biz məcburən hər dəfə təkrarlayırıq ki, bu kimi hesabatlar qərəzlidir, birtərəflidir və heç bir arqumentə söykənmir. Bu təşkilatlar yalnız və yalnız öz maraqlarından çıxış edərək, onları maliyyələşdirən dairələri razı salmaq niyyətlərindən başqa bir şey güdmürlər. Onları əsasən qidalandıqları dairələrin maraqlarını ödəmək maraqlandırır".
sia.az