PDF Oxu

Siyasət

  • 25

Minsk Qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar

Minsk Qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar

Prezident İlham Əliyev: "Məsələnin həll olunmamasında onların ən böyük rolu var"

Ermənistan silahlı qüvvələri artıq uzun müddətdir ki, həm təxribat əməllərinə yol verir, həm də dinc sakinləri gülləbaran edir. Azərbaycan Ordusu da, öz növbəsində ermənilərə gücünü göstərir. Amma təəssüf doğurucu məqam ondan ibarətdir ki, Ermənistanın bu hərəkətlərinə reaksiya verilmir, lakin Azərbaycan düşmənə qarşılıq verəndə həmin an bəlli qüvvələr tərəfindən ortaya qərəzli münasibət qoyulur. Necə olur ki, Ermənistanın hərbi helikopteri, kəşfiyyat təyyarələri Azərbaycanın hava sərhədlərini pozur, amma buna nə ATƏT-in Minsk Qrupunun nümayəndələri söz deyir, nə də Ermənistana işğalçılıq əməllərindən əl çəkmək üçün təzyiqlər edir. Lakin Azərbaycan hava və quru sərhədlərini müdafiə etmək üçün düşmənin istənilən texnikasını məhv edən kimi bəyanatlar verilir.

Beynəlxalq təşkilatların hesabatlarında "boz zona" kimi qeyd edilmiş Dağlıq Qarabağın çirkli pulların yuyulduğu, insan alverinin baş alıb getdiyi, hektarlarla narkotik plantasiyaların mövcud olduğu, cinayətkarlar yuvasına çevrildiyi göz önündədir. Ermənistanın hərbi xuntası Dağlıq Qarabağı narkotacirlərin və terrorçuların yuvasına çevirib. Korrupsioner, terrorçu və çirkin işlərin əsas icraçısı olan Ermənistan diktatorları bütün region üçün təhlükə mənbəyinə çevriliblər. Əgər beynəlxalq birlik ortaya birmənalı mövqe qoysa, münaqişə bitsə, Azərbaycan tarixi ərazilərinə nəzarəti ələ keçirsə, o zaman bu cür böyük təhlükəli halların qarşısı alınar.

Hər zaman Azərbaycandan demokratiya, hüquq tələb edən qüvvələr nədənsə, Ermənistandan - torpaqlarından zorla qovulmuş 1 milyon qaçqın və məcburi köçkünün haqqını sormur? BMT Təhlükəsizlik Şurasının Liviya haqqında çıxardığı qərar 2 saat ərzində reallaşdırıldığı halda, 1992-ci ildən qəbul edilmiş qətnamələr hələ də kağız üzərində qalıb. Bütün bunlar dünyada hələ də ədalətsizliyin olduğunu nümayiş etdirir. İctimaiyyətimiz tələb edir ki, bu ədalətsizlik aradan qaldırılsın, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinə son verilsin. Ermənistanda, ona havadarlıq edənlər də bilməlidirlər ki, status-kvo sonsuzluğa qədər davam edə bilməz.

Amma bir daha təəssüflə qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə ikili standart mövqeyini ortaya qoyub. Biz bunu həmsədrlərin AŞPA-da Dağlıq Qarabağla bağlı müzakirələrdə qəbul ediləcək qətnamələrə qarşı çıxmalarında gördük.

Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu günlərdə keçirilən qış sessiyasında Bosniya və Herseqovinadan olan deputatı Militsa Markoviçin "Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi" və Böyük Britaniyadan olan deputat Robert Volterin "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın şiddətlənməsi" adlı hesabatları müzakirəyə çıxarılıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin sözügedən hesabatların AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılmasına kəskin etiraz bildirmələri isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların növbəti təzahürüdür.

Məsələyə münasibətini bildirən Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bilavasitə məşğul olmalı olan Minsk Qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar: "Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı fəaliyyəti nəyə gətirib çıxardı. Sual olunur: onlar özlərini nə sayırlar? Yəni bütün beynəlxalq təşkilatlara təzyiqmi edəcəklər? Bütün beynəlxalq təşkilatlara göstərişmi verəcəklər? İndi Avropa Şurası bu məsələni gündəliyə çıxarır. Məruzəçi təyin edilibdir. Avropa Şurası beynəlxalq təşkilatdır. Düzdür, Azərbaycan bu təşkilatla əlaqələri 15 ildir ki, qurubdur və münasibətlərdə heç də hər zaman problemsiz dövr olmamışdır. Ancaq Avropa Şurası ilk dəfə olaraq 2005-ci ildə Ermənistanın işğalını pisləyən qətnamə qəbul etmişdir. Həmin sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əlbəttə, orada müxtəlif adamlar var. Anti-Azərbaycan mövqeyində adamlar var, islamofob adamlar kifayət qədər çoxdur. Ümumiyyətlə, Ermənistanla həmrəy olanlar, erməni lobbisi ilə bağlı olanlar var. Mən orada üzv olmuşam, bunu bilirəm. Ancaq bu təşkilat indi bu məsələni gündəliyə çıxarıb. Minsk Qrupunun həmsədrləri onlara təzyiq edirlər ki, bu məsələyə baxılmasın. Məhz bu təxribatçı fəaliyyətə görə bizə 4 səs çatmadı ki, bu qətnamə qəbul olunsun.

Ona görə Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə hansı qiyməti vermək olar? Ancaq mənfi. Mən onların üzünə də demişəm və deyirəm. Bu gün bunu açıq deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll olunmamasında onların ən böyük rolu var. Nə üçün? Çünki ikili standartlar var. Səbəb nədir? Soruşanda cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər. Amma bu cavabı biz bilirik - ikili standartlar. Əlbəttə ki, burada siz də bilməlisiniz, Azərbaycan xalqı da bilməlidir. Daha doğrusu bilir, amma mən bunu deyəcəyəm. Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir. Xüsusilə indiki dövrdə ki, Avropada islamofobiya pik həddinə çatıb.

İndi o müharibədən əziyyət çəkənlər Avropaya pənah gətirirlər. Orada onlarla necə rəftar edirlər? Qəfəsə salırlar. Qəfəsin içinə ərzaq tullayırlar. Elə bil ki, onları zooparkda qəfəsə salıblar. Budurmu dəyərlər?! Haradadır mərhəmət, insan haqları, tolerantlıq? Ancaq şüar üçün. Ona görə bu, dünyada gedən real proseslərdir. Avropaya nə qədər çox miqrant üz tutur, Avropada radikal qüvvələrin gücü o qədər də çox artır. Əgər Avropanın aparıcı ölkələrində keçirilmiş seçkilərin nəticələrinə nəzər salsanız, görərsiniz ki, 10 il ərzində radikal islamofob partiyaların faizi nə qədər artıb. Bəlkə də iki dəfə və bu, meyildir. Bu gün onlar əlbəttə ki, siyasətdə söz sahibi deyillər. Amma bu, meyildir. Bu meyil nəyə gətirib çıxaracaq? Ona gətirib çıxaracaq ki, bəlkə də 10 ildən, 15 ildən sonra onlar hakimiyyətə gələcəklər. Onda necə olacaq? Onda müsəlmanlara artıq rəsmi mövqe necə olacaq? Belə olan halda bizim orada yerimiz varmı?"

Bir sözlə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin sözügedən hesabatların AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılmasına kəskin etiraz bildirmələri isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların növbəti təzahürüdür. Bununla onlar münaqişənin həlli məsələsini öz əllərində saxlamağa, mövcud status-kvonu qorumağa cəhd edirlər. Hər halda illərdir həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətsizliyi bu reallığı bir daha ortaya qoyur. Həmsədrlərin AŞPA-nın qış sessiyasında ölkəmizlə bağlı hesabatların müzakirəsinə etirazları, həmçinin onların tərəfsizliyini şübhə altına alır. Ermənilər isə qərəzli hesabatlar hazırlayıb müxtəlif dairələrdə müzakirəyə çıxararkən nədənsə biz ATƏT-in Minsk Qrupunun üzvlərinin-həmsədrlərin susduqlarının şahidi oluruq. Bu hal bizdə təəssüf doğurur. Eyni zamanda, onların bu münaqişəyə ədalətli yanaşmalarını şübhə altına alır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər