PDF Oxu

Siyasət

  • 26

Azərbaycanın müasir milli inkişafının əsasını Prezident İlham Əliyevin iqtisadi inkişaf siyasəti daşıyır

Azərbaycanın müasir milli inkişafının əsasını Prezident İlham Əliyevin iqtisadi inkişaf siyasəti daşıyır

Xalqımız bir amal uğrunda birləşib - ölkəni gücləndirmək, sabitliyi möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək

Dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz dayanaqlı iqtisadiyyatı ilə bu vəziyyətdən də tez bir zamanda uğurla çıxacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman bir reallığı əsaslı şəkildə vurğulayır ki, ölkəmizin iqtisadiyyatı uğurla inkişaf edir. Ölkə başçımız keçirdiyi müşavirələrdə xüsusilə qeyd edib ki, bu, özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgələrdə gedən proseslər göz qabağındadır: "Həm bölgələrdə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi və siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.

Son illərin statistikasına diqqət yetirdikdə Azərbaycanın iqtisadi inkişafının hansı səviyyədə olduğunu daha aydın görmək olur. Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi hərtərəfli inkişafın təmin edilməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrasını sürətləndirir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qeyd etdiyimiz kimi, Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq olmasına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində iqtisadiyyatın inkişafında neft amilinə verilən yüksək dəyərin nəticəsi təbii ki, Azərbaycanın bugünkü reallıqlarıdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən bildirdi ki, hər şey iqtisadiyyat üzərində qurulub. Bütün vədlərini biri-birindən əhəmiyyətli addımları, islahatları ilə doğruldan Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı üçün başlıca şərt olan neft strategiyasının davamı nəticəsində qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət bu gün beynəlxalq səviyyədə etiraf olunmaqla Azərbaycana marağı artırır. Prezident İlham Əliyev proqram xarakterli çıxışlarında inkişafın yeni mərhələ üzrə istiqamətlərini göstərməklə vurğulayır ki, yalnız düşünülmüş siyasət, qətiyyətli siyasi iradə, xalqla birliyin möhkəmlənməsi sayəsində ölkəmizdə qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olmaq mümkündür. Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bu istiqamətdə davamlı tədbirləri həyata keçirməklə uğurlu nəticələrə yol açdı. Regionların malik olduğu imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Son 12 ilin uğurlarının təhlili Azərbaycanın iqtisadi inkişaf modelinin öyrənilməsinin vacibliyini təsdiqləyir. Belə ki, ölkəmizin ev sahbiliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də bu fikir xüsusi qeyd edilir ki, inkişafın Azərbaycan modeli mövcuddur və onun öyrənilməsi vacibdir. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyri-neft sektorunun inkişafını iqtisadi inkişafın əsas hərəkətverici sahəsi kimi dəyərləndirərək, artıq ümumi daxili məhsulun təxminən 70 faizinin qeyri-neft sektorunda formalaşmasını bu sahəyə diqqətin göstəricisi kimi qeyd edir. Bu məqsəd bir daha diqqətə çatdırılır: "Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq."

Azərbaycanın ötən illərdəki uğurlarının fonunda işlənib hazırlanan və təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əsas hədəflər öz əksini tapıb. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaq. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çatacaq. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı ölkələri" qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir. Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaq. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin daha da yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur. Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir.

Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında mövqeyini möhkəmləndirməklə bir daha islahatçı, eyni zamanda təşəbbüsləri gerçəkliyə çevirən ölkə olduğunu təsdiqləyir. Məlum olduğu kimi, Beynəlxalq Valyuta Fondu "Dünya İqtisadi Proqnozları" adlı hesabatında Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişərək, iqtisadiyyatın cari ildə 4 faiz artacağını bildirib. Amma apreldə yaydığı hesabatda proqnoz 0,6 faiz idi. Beynəlxalq Valyuta Fondu gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5 faiz artacağını gözləyir. Azərbaycanın iqtisadi artım proqnozunun yüksəldilməsi uğurlu sosial-iqtisadi islahatlara, bu günün reallıqları əsasında yeni-yeni hədəflərə əsaslanır. Prezident İlham Əliyev Cənabları reallıqlar əsasında bu inamı ifadə edir ki, şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyarın cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə, bütün bu amillər iqtisadi inkişafı təmin edəcək.

Aparılan sorğuların nəticələrində qeyd olunduğu kimi, milli və bəşəri keyfiyyətlərə, liderliyə xas olan, öz ölkəsini respublikanın hüdudlarından kənarda belə tanıdan, fəaliyyəti ilə beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsir göstərmək imkanlarına malik Prezident İlham Əliyev şəxsiyyətinə, siyasətinə ən böyük dividend qazandıran amil qlobal güclərin maraqlarını ölkəsinə yönəltməyi bacarmasıdır. Təbii ki, bu kimi faktlar ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda uğurların davamlılığının təsdiqidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız bir amal uğrunda birləşib- Azərbaycanı gücləndirmək, sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək. Yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlarla başa vurur.

MALİK HƏSƏNOV,

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü

Digər xəbərlər