"İndiki şəraitdə, xüsusilə də son devalvasiyadan sonra mətbuatın iqtisadi vəziyyəti bir qədər çətinləşib". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun "Mətbuat üçün əlavə dəyər vergisi ləğv edilməlidir" fikrinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, ölkəyə gətirilən kağıza qoyulan əlavə dəyər vergisinin (ƏDV) ləğv olunması bu kontekstdə mətbuatın vəziyyətini xeyli yüngülləşdirə bilər: "Kağıza qoyulan ƏDV dayandırılsa media orqanları əllərində olan ehtiyat imkanları daha çox jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldə bilərlər. Amma hazırki vəziyyətdə kağızın qiymətinin xeyli dərəcədə artması media rəhbərlərinin jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq imkanlarından məhrum edir. Düşünürəm ki, verilən bu təklif maraqlıdır və müvafiq dövlət orqanlarının da diqqətini cəlb edəcək".
sia.az