Təhmasib Novruzov: "...Əli Kərimli xaricdən özünə dostlar taparaq, Azərbaycanın inkişafına əngələr yaratmağa çalışacaq, bu halda ondan üz çevirərdi"
Zamanında bir-birinə düşmən kəsilən müxalifət yetkililəri bu gün heç nə olmamış kimi müttəfiqlik nümayiş etdirirlər. Hətta liderlərini təhqir edən, aşağılayan Əli Kərimli kimi ünsürlər hazırkı məqamda fərqli fikir söyləyir, bu yöndə təbliğat işi aparırlar. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid iddia edir ki, güya zamanında Əbülfəz Elçibəy deyib ki, "bir gün gələcək Azərbaycanda Əli Kərimli dövrü başlayacaq". Təbii ki, bu, ağ yalandır. Elçibəyə qarşı haqsız mövqeyi ilə seçilən Əli Kərimli belə bir informasiyanı dövriyyəyə buraxmaqla özünün ləkəli olan imicini təmizləməyə ümid bəsləyir. Əbülfəz Elçibəyə yaxınlığı ilə seçilmiş, AXC Ali Məclisinin keçmiş üzvü Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında Ə.Elcibəyin Ə.Kərimli haqqında yüksək fikirlə söyləməsinin inandırıcı olamdığını bildirib: "Əbülfəz Elçibəy bir insan olaraq, qəlbində paxıllıq və kin heç vaxt olmayıb. Bu baxımdan, Əbülfəz Elçibəy kiminsə haqqında yaxşı fikirlər söyləyə bilər. Amma mən xatırlamıram ki, konkret olaraq Əli Kərimlini bu dərəcədə yüksək qiymətləndirərək desin ki, güya Azərbaycanda Əli Kərimli dövrü başlayacaq. Yəni Əbülfəz Elçibəy heç vaxt Əli Kərimli haqqında bu cür fikir səsləndirməzdi. Çünki o zamanlar Əli Kərimli yetişən onlarla gənc siyasətçilərdən biri idi. Əbülfəz Elçibəydə digərləri kimi ona da dəstək verməyi özünün vətəndaşlıq borcu bilirdi. Amma Əbülfəz Elçibəy bilsəydi ki, zaman gələcək Əli Kərimli xaricdən özünə dostlar taparaq, Azərbaycanın inkişafına əngələr yaratmağa çalışacaq, bu halda ondan üz çevirərdi. Elçibəy inanmazdı ki, pula güc gələ bilməyən və pul qarşısında aciz qalan Əli Kərimli öz ölkəsini keçi qiymətinə satmağa belə hazır olacaq".
T.Novruzovun sözlərinə görə, Əbülfəz Elçibəy ağlına belə gətirməzdi ki, bir zaman olacaq Əli Kərimli satqın mövqe tutacaq: "Zaman göstərdi ki, Əli Kərimli Əbülfəz Elçibəyə də, Azərbaycan dövlətçiliyinə də xəyanət elədi. Bu baxımdan, Qənimət Zahidin belə bir fikir söyləməsi heç şübhə yoxdur ki, bilavasitə Əli Kərimlinin özündən gələn bir ideyadır. Bir sözlə, bu fikiri ortalığa atmaqda məqsəd savadsız adamları öz ətraflarına toplamaqla elektorata malik olduqları görüntüsü yaratmaqdır. Demək olar ki, bu da Qərbdən gələn bir sifarişin tərkib hissəsidir".
T.Novruzov onu da bildirdi ki, bu gün müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin şəxsi ambisiyaları o qədər güclüdür ki, onları milli və dövlətcilik maraqları düşündürmür: "Belə olan halda da düşərgədə siyasi nailiyyətdən, qələbədən söhbət gedə bilməz. Bu şəxslərin şəxsi ambisiya hissi o qədər güclüdür ki, hətta bu ambisiya hissi partiya, dövlətçilik və dostluq, səmimiyyət, insanlıq maraqlarına da güc gəlir. Bu baxımdan, müxalifət təmsilçiləri nə dost ola bilərlər, nə də ki, siyasi maraq bunları birləşdirə bilər".
GÜLYANƏ