PDF Oxu

Siyasət

  • 28

Fəzail Ağamalı: "Əli Kərimlinin o cür ədəbaz davranışını mən siyasi mədəniyyətsizlik hesab edirəm"

Fəzail Ağamalı: "Əli Kərimlinin o cür ədəbaz davranışını mən siyasi mədəniyyətsizlik hesab edirəm"

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı AXCP sədri Əli Kərimlinin "əgər hakimiyyətlə münasibətim yaxşı olsaydı, heç olmasa bir dəfə o zaman parlamentdə indiki dövlət başçısı ilə salamlaşardım, dövlət başçısı olan Heydər Əliyev parlamentin zalına daxil olanda, ayağa qalxardım" fikrinə münasibət bildirib. Millət vəkili bildirib ki, Əli Kərimlinin o cür açıqlamalar verməsi, ironiya ilə danışması siyasi partiya sədrinə yaraşmayan, siyasi mədəniyyətlə uyğun gəlməyən davranışdır: "Mən onun videomüsahibəsini izlədim. O cür ədəbaz davranışı mən siyasi mədəniyyətsizlik hesab edirəm. Əli Kərimli deyir ki, deputat olduğu dövrdə Prezident Heydər Əliyev parlamentin iclas zalına daxil olanda, ayağa qalxmırdı. Bəli, həqiqətən də mən onun ayağa durmadığının şahidi olmuşam. Əli Kərimli ölkənin Prezidenti zala daxil olanda, ayağa durmamasını bu gün fəxrlə deyir. Əslində isə, bu, fəxr edilməli hərəkət deyildi. Bu cür davranış o demək idi ki, Əli Kərimli Azərbaycan xalqının mütləq əksəriyyətinin seçiminə hörmətsizlik edir. Əli Kərimli bir müxalif siyasətçi kimi iqtidarı, onun başında dayanan şəxsin siyasətini qəbul etməyə, ona səs verməyə bilərdi. Bu, onun seçimidir. Lakin nəzərə almaq lazımdır ki, prezident də dövlətin atributu hesab edilir. Ölkənin prezidenti bir xarici ölkəyə gedəndə, xaricilər də onun qarşısında ayağa durur. Əli Kərimli ayağa durmamaqla dövlətin atributlarına hörmətsizlik edirdi. Bayrağımız qaldırılıb, himnimiz çalınanda necə ayağa dururuqsa, ölkənin prezidenti zala daxil olanda da ayağa durmalıyıq. Əli Kərimli prezident gələndə, ayağa durmurdu, alqışlamaq lazım gələndə, alqışlamırdı. Guya müxalifətçilik etdiyini nümayiş etdirmək istəyirdi. Bu davranışı heç müxalifətçilik də adlandırmaq olmaz. Bu, küçə davranışıdır. Qardaş Türkiyə dövlətində nüfuzlu müxalifət liderləri hakimiyyətə, ölkə başçısına qarşı ən kəskin ittihamlar səsləndirirlər, ölkə başçısı da onlara qarşı sərt fikirlər bildirir. Lakin ölkənin prezidenti zala daxil olanda, həmin müxalifət liderləri ayağa qalxırlar. Bu, siyasi mədəniyyətdir, dövlətin simvollarına sayğıdır. Heç olmasa Türkiyədən nümunə götürmək lazımdır. Faciə ondandır ki, bu gün Azərbaycanda müxalifətdə Əli Kərimli kimi tənqidçi var. Yenə də 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində olduğu kimi davranışlar, siyasi mədəniyyətdən uzaqlıq, qaragüruhçuluq. Dünya dəyişdi, bunların təfəkkürü dəyişmədi".

"Əli Kərimli və onun kimi siyasətçilər isə daha çox qeybətlə məşğul olur"

AVP sədri, millət vəkili F.Ağamalı onu da vurğulayıb ki, əslində Prezidentin 23 il əvvələ ekskurs edib verdiyi açıqlamalarda böyük həqiqət var idi: "O dövrdə hərc-mərclik, xaos var idi, biabırçılıq idi. Bunu danmaq olmaz axı. Rəhmətlik Əbülfəz Elçibəyin təyinatı ilə mən həmin dövrdə hadisələrin içində idim, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini işləyirdim. Bunlar hamısı qaçıb gizlənəndə, mən Surət Hüseynovla qarşı-qarşıya gəldim və vəzifəmi itirdim. İstefa verdim və gedib rəhmətlik Heydər Əliyevdən xahiş etdim ki, məni vəzifədən çıxarsın. Çünki mənimlə qarşıdurmadan istifadə edib Surət Hüseynov ölkə Prezidentinə qarşı təxribatlar yaratmaq istəyirdi. Mən də o təxribatları alt-üst elədim. Bu gün də dövlətçiliyimizə xidmət edirəm. Bu ölkənin idarəçiliyində səhvlərə, xəyanətlərə yol verənlərin üstünə məndən çox gedən varmı? Mən daha çox gedirəm. Əli Kərimli və onun kimi siyasətçilər isə daha çox qeybətlə məşğul olur. Üçrəngli bayrağımıza ikinci dəfə rəsmi status verən şəxs Heydər Əliyev idi. Naxçıvanda SSRİ-nin bayrağını çıxarıb onun yerinə üçrəngli bayrağı asan və Azərbaycan SSRİ-nin Ali Sovetinə bu bayrağı dövlət bayrağı kimi qəbul etmək üçün rəsmi müraciət yazan da Heydər Əliyev olub. Əli Kərimli bu gün durmasın da o bayrağın qarşısında ayaq üstə! Niyə durur bayrağın qarşısında, niyə baş əyir. Ona görə ki, dövlətin rəmzidir bayraq. Ölkənin prezidenti də rəmz sayılırsa, onun da qarşısında ayağa durmaq gərəkdir. Bunu dərk etmək üçün siyasi mədəniyyət və intellekt olmalıdır. İlham Əliyevin intellektinin mində biri Əli Kərimlidə yoxdur. İlham Əliyevin Azərbaycan xalqına verdiyi töhfələrin mində birini Əli Kərimli verməyib".

"Əli Kərimliyə xaricdən proqram başqa cür verildi ki, bu cür çıxışlar eləmək lazımdır"

F.Ağamalı sonda onu da söylədi ki, Əli Kərimli normal müxalifətçilik etdiyi üçün parlamentə düşmüşdü və ilk vaxtlar parlamentdə də normal müxalifətçilik edib: "O zamanlar aqressiv deyildi. Çıxışlarında arqumentlər var idi. Lakin getdikcə aqressivləşdi və normal müxalifətçilikdən uzaqlaşdı. Xaricdən proqram başqa cür verildi ki, bu cür çıxışlar eləmək lazımdır. Xalq hərəkatı dövründə Əbülfəz Elçibəydən mənimsədiklərinin üstündən xətt çəkərək özünə yeni müəllimlər tapdı və başladı aqressivliyə, eyni zamanda müxalifəti də dağıtmağa. Müxalifətçilikdir bu?! Belə müxalifətçilik olmaz".

Samir

Digər xəbərlər