Son günlər müxalifət düşərgəsində növbəti qalmaqal baş verməkdədir. Belə ki, Müsavat partiyasının 2014-cü ilin sentyabrın 27-də keçirilən başıbəlalı qurultayından sonra qurum daxilindəki narazıların Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) adlı təşkilat yaratdı və hər iki cinahı bir-birinə qarşı barışmaz düşmənə çevirdi. Nəticədə, həmin zamandan təxminən bir il keçsə də yaşanan ziddiyyətlər, hər iki qurum arasında məhkəmə çəkişmələri hələ də davam etməkdədir. Bu çəkişmələrdə ən vacib məsələ ADR-in bir qrup üzvünün Müsavat partiyasının sonuncu qurultayının nəticələrinin ləğvi tələbi ilə çıxış etmələri və bu istiqamətdə mübarizlərini davam etdirəcəkləri dayanır. Təbii ki, onlara bu istiqamətdə tapşırıq verən də məhz hərəkat rəhbəri Qubad İbadoğludur. Baxmayaraq ki, o, sosial şəbəkədə bu faktın tamamilə əksini ifadə edib.
Ellada Məmmədli: "Arif Hacılının 1 illik rəhbərliyi dövründə yüzlərlə nizamnamə pozuntusuna yol verilmiş, partiyanın adına ləkə gətirilmişdir"
Baş verən olaylarla bağlı münasibət bildirən ADR hərəkatının sədr müavini Ellada Məmmədli isə açıqlamasında bildirib ki, ADR işlərini özünün nizamnaməsi və fəaliyyət proqramı əsasında qurub. Qubad İbadoğlunun ölkədə olmaması isə qurumun işinə qətiyyən mane olmur: "Mütəmadi olaraq onunla sosial şəbəkədə görüşür, tapşırıq və rəylərini dinləyirik. Sədrin tapşırıqları ADR idarə heyəti tərəfindən müzakirə olunaraq icra olunur. Hazırda ADR hərəkatı özünün təşkilatlanma dövrünü yaşayır. Bu işdə də ADR sədrinin çox çevik və mobil komandası fəaliyyət göstərir. Düzdür, ADR-in qeydiyyata alınması ilə bağlı bəzi texniki problemlər yaranıb. O məsələnin də həlli Qubad bəyə bağladır. Çox yaxın vaxtlarda qeydiyyat məsələsi də həllini tapacaq".
E.Məmmədli onu da bildirib ki, Arif Hacılının 1 illik rəhbərliyi dövründə yüzlərlə nizamnamə pozuntusuna yol verilmiş, partiyanın adına ləkə gətirilmişdir: "Biz, müsavatçıların hüquqlarını qoruyan komissiya üzvləri Müsavat partiyasını qorumaq naminə, nizamnaməyə istinad edərək VIII qurultayın yenidən keçirilməsi məqsədilə məhkəməyə müraciət etmişik. Partiyada qurultayın yenidən keçirilməsi minlərlə fədakar müsavatçının fikridir. Biz partiyanın qeydiyyatının ləğvinə yox, VIII qurultay adından Ədliyyə Nazirliyinə təqdim olunmuş saxta protokolun ləğvinə iddialıyıq".
E.Məmmədli onu da dedi ki, bu istəklərini reallaşdırmaq üçün kifayət qədər faktlara və faktları ortaya çıxaran dəlillərə, video və foto materiallara malikdirlər: "Bunları da məhkəməyə təqdim etmişik. Məhkəməyə ADR üzvləri olaraq yox, müsavatçıların hüquqlarının müdafiəsi komissiyasının üzvləri olaraq müraciət etmişik. Çünki aramızda Müsavatın üzvü olanlar da var".
Qubad İbadoğlu: "Hazırkı rəhbərliklə təmsil olunan Müsavat partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirib"
ADR hərəkatının sədri Qubad İbadoğlu isə bildirib ki, hazırkı rəhbərliklə təmsil olunan Müsavat partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirib: "ADR hərəkatı heç bir siyasi partiyanı, o cümlədən, Müsavatı məhkəməyə verməyib. Biz gələcəyə baxırıq, amalımız demokratik, azad və müstəqil Azərbaycandır. Çox təəssüf ki, hazırkı rəhbərliklə təmsil olunan Müsavat partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə bizim mübarizəmizin vizyonundan kənardadır. Müsavat partiyası təmsilçilərinin məhkəmədə və mətbuatda bu məhkəməni ADR hərəkatı ilə bağlamaq cəhdləri həqiqi müsavatçıların partiyadan kənarlaşdırılmasına, partiyadaxili demokratiyanın pozulmasına yanlış hüquqi və siyasi don geyindirmək cəhdinin təzahürüdür. İnanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq".
Beləliklə, bir daha belə nəticəyə gəlmək mümkündür ki, bu gün Azərbaycanın müxalifət partiyaları öz müxalifətçilik funksiyalarını lazımi şəkildə yerinə yetirə bilmirlər. Bunu ADR-Müsavat arasında baş verən olaylar çərçivəsində və ənənəvi müxalifətdəki digər qarşıdurmalarla kifayət qədər əlaqələndirmək mümkündür.
Rəfiqə HÜSEYNOVA