Bütün hallarda müxalifətin dağınıq və pərakəndə halda olmasının başlıca günahkarı AXCP və Müsavat partiyalarıdır. Yəni bu iki pariya arasında gedən çəkişmələr müxalifətin birləşmək arzusunu alt-üst edib. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs"ə açıqlamasında bildirdi ki, AXCP və Müsavat partiyaları müxalifətin inkişafına əngəl olan partiyalardır: "Bu gün Azərbaycan müxalifətinin normal şəkildə formalaşmamasının əsas səbəblərindən biri AXCP və Müsavat arasında olan intiriqadır. Bu iki partiya arasında gedən qarşıdurmalar müxalifət düşərgəsinin normal inkişaf etməsinə və islahatların aparılmasına mane olan amillərdəndir. Yəni AXCP və Müsavat arasında olan dava-dalaş müxalifəti tamamilə iflıc bir vəziyyətə salıb. Təbii ki, müxalifət daxilində olan partiyaların biri digərini qəbul etməməsinin tarixi səbəbləri də var. Bu baxımdan demək olar ki, AXCP ilə Müsavat arasındakı münaqişənin əsası o zamandan başlayıb. İndiyə qədər də adları çəkilən partiyalar arasında mübarizə davam etməkdədir".
Partiya sədri vurğuladı ki, müxalifət partiya rəhbərləri hesab edirlər ki, biri digərini siyasi səhnədən sıxışdırıb çıxarmaqla maraqlarını təmin etməyə ümid bəsləməyə çalışırlar: "Yəni siyasi səhnədə müxalifət düşərgəsi öz monopoliyasını götürmək istəyir. Məhz müxalifət partiya rəhbərlərinin arasında gedən dava-dalaş bunun üzərində qurulub".
M.Səfərli onu da bildirdi ki, bu gün müxalifətin var olması cəmiyyət üçün maraqlı deyil: "Əgər adını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirsə, onda da həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də olmayacaq. Bugünkü müxalifətin bu cür çıxılmaz bir vəziyyətə düşməsinin də səbəbi məhz müxalifətin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Demək olar ki, bu gün müxalifət partiyalarının var olub-olmamasının cəmiyyət üçün heç bir isti-soyuqluğu yoxdur".
Partiya sədri onu da qeyd etdi ki, müxalifətin bundan başqa sonu ola bilərmi? Artıq bu, müxalifətin sonu deməkdir: "Bu baxımdan, yaxış olardı ki, müxalifət partiya rəhbərləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, müxalifəti bu cür çıxılmaz vəziyyətdən necə çıxaraq. Yəni onlar biri-birini qırmaq yox, müxalifətin yeniləşməsinə çalışmalıdırlar. Əks-təqdirdə müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər".
GÜLYANƏ