Qarşı tərəfin sərt cavabını aldı
Müsavat partiyasının uzun illərdən bəri AXCP ilə düşmən münasibətdə olması çoxlarına məlumdur. Yəni bu barədə çoxsaylı faktlar və dəlillər mövcuddur. Lakin bu günlərdə növbəti fakt yeni bir qarşıdurma məsələsini ortaya çıxarıb. Daha dəqiq desək, Müsavat partiyası Əli Kərimlinin sədri olduğu AXCP-dən savayı, digər cəbhəyə qarşı-Razi Nurullayevin yaratdığı alternativ AXCP-yə də savaş elan edib. Bu isə, ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, ümumiyyətlə, müsavatçılar üçün AXCP amili hansı tərəfdən olursa-olsun, qəbuledilməzdir. Beləlkilə, keçək sözügedən məsələnin mətləbinə.
İkitərəfli münqaişə artaraq üçtərəfli qarşıdurmaya çevrilib
Bu günlərdə Müsavat partiyasının həmin partiyadan saxtakarlıqla müşahidə edilmiş qurultaydan sonra yollarını ayırmış sabiq müsavatçılar arasında söz atışması baş qaldırıb. Sosial şəbəkədə, eləcə də mətbuatda bir-birlərini ən ağır şəkildə ittiham edən tərəflər xəyanət, satqınçılıq, hakimiyyətə işləmək kimi suçları bir-birlərinin üzərlərinə dolu kimi yağdırırlar. Bu məsələdə Qubad İbadoğlunun ADR-də təmsil olunan aparıcı hərəkat üzvləri Arif Hacılının tərəfdarları ilə söz atışmasına çıxıblar. Lakin həmin əsnada müsavatçılar gözlənilmədən Razi Nurullayevin sədri olduğu AXCP-nin də bostanına daş atıblar ki, nəticədə ikitərəfli münqaişə artaraq üçtərəfli qarşıdurmaya çevrilib. Daha dəqiq desək, Nurullayev cəbhəsini İbadoğlunun hərəkatı kimi iqtidarla iş birliyində olduğunu önə sürən müsavatçılar indi hər iki tərəfdən sərt cavablar almaqdadırlar.
Məsələn, alternativ AXCP-nin sədr müavini Səbuhi Aslanbəyli Müsavatın ittihamlarını ən kəsin xarakterdə tənqid edib və bildirib ki, əslində ənənəvi müxalifətin, xüsusilə də Müsavatın gözləri döyənək edən "liderləri" ADR, alternativ AXCP kimi partiyaların siyasi meydana çıxaraq yenilik gətirmələrindən, qaragüruhçuluqdan və radikallıqdan kənar şəkildə fəaliyyət göstərməsindən, eləcə də özlərinin siyasi arenadan silinmələrindən ehtiyat edərək, bu kimi ziddiyyətli mövqe tutmağa başlayıblar. "Bu təfəkkürə malik insanların da öz yandaşları kimi eyni mövqeyə sahib təşkilatlarla əməkdaşlıq etməyə can atması aydındır"-deyə qeyd edən Razi Nurullayevin müavini bildirib ki, onları ittiham atəşinə tutanlar xarakterlərinə uyğun şər və böhtan dolu atmacalarla, heç bir əsası olmayan yanaşmalarla çox da uzağa gedə bilməyəcəklər. O, Müsavat başqanının müavini Elman Fəttahın onları iqtidar üçün vint rolu oynamaq ittihamına da tutarlı cavab verib: "Kimlərin vint rolunu oynadığı da cəmiyyətə çoxdan məlumdur. 1998-ci ildə Elçibəyə edilmiş xəyanətin başında Müsavatın indiki rəhbərliyi dayanırdı. 2003-cü ildən insanların repressiyaya məruz qoyulmaları da verilməsi də hansısa oyunlardan xəbər verir. Bugünkü durumda Müsavatın parçalanmasına xidmət edən birilərinin kimlərəsə söz atmaları səviyyə fərqində də nə qədər küt zəkalı olamağın əlamətidir".
Həmin müxalifəti sivil yolla müxalifətçilik edən tərəflər dalana dirəməyə başlayıblar
AXCP rəsmisi növbəti maraqlı amilə də toxunub. Belə ki, qondarma qurultay vasitəsilə və saxtakarlıq yolu ilə başqanlığa seçilən, daha sonra AXCP sədri Əli Kərimlinin ayağına gedərək, yenidən ona əməkdaşlıq təklifi irəli sürən Arif Hacılıya xatırlatma edən cəbhəçi rəsmi deyib ki, Arif Hacılı Əli Kərimlidən rədd cavabı aldıqdan sonra yenidən özünü gözə soxmaq istəyir. Sitat: "Müsavat rəhbərliyi bizə şər-böhtan ataraq Əli Kərimliyə özlərini şirin göstərməyə çalışmaqla qaragüruh bataqlığında siyasət yürütmək ənənələrindən vaz keçmədiklərini bir daha göstərirlər".
Belə bir vəziyyətdə ənənəvi müxalifətin qazanının qaynayaraq aşıb-daşdığını deyə bilərik. Bu dəfə isə həmin müxalifəti sivil yolla müxalifətçilik edən tərəflər dalana dirəməyə başlayıblar. Ancaq bütün hallarda bu, belə deməyə zəmin yaradır ki, artıq Əli Kərimli və Arif Hacılı kimi "liderlərin", həqiqətən də getmək zamanı çatıb. Onlar özləri qazdıqları quyuya düşərək, demək olar ki, siyasi xəstəxanalıq olmaqla yanaşı, klinik deyil, real ölümlə qarşılaşıblar.
Rövşən RƏSULOV