"Əgər yaranan hər hansı bir koalisiyanın məqsədi doğurdan da ciddi təkliflərlə çıxış etmək və ölkənin iqtisadi inkişafına töhfə verməkdən ibarətdirsə, təbii ki, buna müsbət yanaşmaq olar. Başlıca olaraq fəaliyyət prinsipləri əsas götürülməlidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli müxalifətin yeni koalisiyasının yaradılmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, "Milli Şura"nın fəaliyyəti bu günə qədər avantürüst bəyanatlarla və xarici qüvvələrin maraqlarını ifadə etməklə özünü büruzə verir: "Yeni yaranacaq koalisiyanın mahiyyətindən və orada fəaliyyət göstərən siyasi qüvvələrin potensialından çox şey asılıdır. Bu baxımdan öncədən hər hansı bir məsələni qiymətləndirmək istəməzdim. Nəticə ortalıqda olanda isə hər şey görünəcək. Amma qənaətimcə nə "Milli Şura", nə də bu qəbildən olan siyasi partiyalar bu günə qədər hər hansı bir ciddi proqram və ya konsepsiya ilə çıxış etməyiblər".
sia.az