"Böyük Britaniyada Suriya məsələsinin regiona təsiri ilə bağlı keçiriləcək beynəlxalq konfransa Prezident İlham Əliyevin də dəvət olunması Dünya Birliyinin dövlətimizə verdiyi önəmi göstərir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Suriya probleminə dünyanın aparıcı dövlətləri cəlb olunsa da, məsələ həllini tapmır: "Ona görə də indiyə qədər problemin həllinə cəlb olunmayan, lakin geniş imkanlara malik ölkələr bu konfransa dəvət olunub. Suriya məsələsi regionla bağlı problemdir. Suriya məsələsində Türkiyənin, Rusiyanın adı tez-tez hallanır. Onlar bu prosesin aktiv iştirakçılarıdır. Bizim hər iki ölkə ilə geniş əlaqələrimiz var. Xarici işlər naziri Elmar Məmmədyarovun söylədiyi kimi, biri strateji müttəfiqimiz, digəri isə stateji tərəfdaşımızdır.Eləcə də bilirsiniz ki, Suriyada müəyyən qədər ermənilər var və Ermənistan onlara istinad edərək, Suriyadakı vəziyyətlə bağlı siyasi spekulyasiya edir. Ən azından bu spekulyasiyasının qarşısında müəyyən arqumentlər qoymaq üçün bu dəvət əhəmiyyətlidir".M. Əhmədoğlu qeyd edib ki, hazırda Azərbaycana qarşı olan beynəlxalq qüvvələr aktivləşib: "Gömrük komitəsinin sədr müavinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Azərbaycana 4 milyon pul ayırması ilə bağlı fikir səsləndirməsini "Blomberq", "Reuters" digər bu kimi qəzetlər Azərbaycanın guya maliyyə problemləri olması və ya pul axtarması kimi qələmə verdilər. Bu anlamda dünyada gedən beynəlxaq proseslərin aktoru olduğumuzu göstərməyimiz vacib məsələdir. O konfransda Azərbaycanın üzərinə regionla bağlı hansı məsələ düşəcəksə, ölkəmiz onları yerinə yetirmək imkanına malikdir. Biz bununla ölkəmizi sevməyən qüvvələrə Azərbaycan daxilində hər hansı problemin olmadığını göstərəcəyik. Onlar görəcəklər ki, Azərbaycan kömək axtaran deyil, əksinə kimlərəsə kömək edən statusundadır".
sia.az