Eldəniz Quliyev: "Onlar gündəmdə qalmaq üçün toplantılar keçirirlər"
BAXCP funksioneri: "Eldəniz Quliyev qısqanır və utanmadan belə danışır"
Son günlər "Ağ Blok"un rəhbərliyi altında bir sıra müxalifət partiyaları- Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP), Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası (AP), "Ümid" Partiyası, Dünyəvi Bozqurd Partiyası (DBP), Vətəndaş və İnkişaf Partiyası (VİP) bir masa ətrafında yığışaraq müzakirələr aparmaqdadırlar. Lakin müxalifət partiylarının müzakirələrində nə AXCP, nə Müsavat, nə də "Milli Şura" iştirak edir. Maraqlıdır, adıçəkilən bu siaysi birliklər nə üçün müzakirələrə qatılmır? Axı daima AXCP və Müsavat tərəfindən müxalifətin "bir araya gəlməsinin vacibliyi" haqqındakı nağıllarını çox eşitmişik. Müsavat, AXCP və "Milli Şura" funksionerləri tez-tez iqtidarı dialoqa çağırırlar, hakimiyyət nümayəndələri ilə fərdi debatların təşkili məsələsini gündəmə gətirirlər. Çox maraqlıdır,öz aralarında bir masaya otura bilməyən, bir-birilərinə hörmət qoymayan, heç bir plan və konsepsiyaları bəlli olmayan partiyalarla iqtidar nə üçün dialoq keçirməlidir ki!? Bircə kəlmə üstündə- "ana müxalifət" termininə yiyələnməkdən ötrü AXCP və Müsavat arasında uzun illərdir ki, soyuq müharibə gedir. İsa Qəmbərin düşmənlərindən "Azadlıq" müsahibə alıb dərc edir, Əli Kərimlinin düşmənlərindən də "Yeni Müsavat" silsilə yazılar verir. Həmçinin, 20 ildən artıq bir şəxsin partiya rəhbəri olması da adıçəkilən partiyalarda normal düşüncə tərzinin olmadığının göstəricisidir.
Qayıdaq əsas məsələyə. Bəs adıçəkilən müxalifət birlikləri nə üçün digər müxalifət partiyalarının keçirdikləri tədbirdə iştirak etmirlər? "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev sərt şəkildə bildirib ki, bir masa ətrafında toplaşan partiyalarla heç bir işbirlikləri, ortaq hədəfləri ola bilməz: "Məncə, "Milli Şura"nın həqiqi dəyişiklik istəyindən daha çox, gündəmdə qalmaq məqsədi ilə təşkil olunmuş, eləcə də səmimiyyətdən daha uzaq, siyasi nihilizm nümayiş etdirilən hər hansı toplantılara qatılmaq niyyəti yoxdur". O zaman Eldəniz Quliyevə sual olunur: sizin hədəfinizlə yuxarıda adıçəkilən partiyaların hədəfləri arasında nə kimi fərq var? Onlar guya hakimiyyətə iddialıdırlar və bunu özləri də bəyan edirlər. Bəs sizin məqsədiniz nədir? Ola bilsin ki, "Milli Şura" da xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycandakı "korpusu" missiyasını yerinə yetirməyi hədəf seçib. Mənim bir masa ətrafına toplaşıb toplantı keçirənləri müdafiə etmək niyyətim yoxdur. Onsuz da xalq onları da tanıyır. Sadəcə, ortada görünən fakt budur ki, həqiqətən də Azərbaycanda normal müxalifətin yaradılmasını istəməyən AXCP, Müsavat və Eldəniz Quliyevin təsmil olunduğu "Milli Şura"dır.
Bir müddət öncə Müsavat funksioneri Gülağa Aslanlı da təmsil olunduğu partiyanın "Ağ Blok"un rəhbərliyi altında keçirilən toplantılara qatılmaq niyyətlərinin olmadığını bəyan etmişdi. Hətta jurnalistlərin "Tural Abbaslının təşəbbüsünü necə qiymətləndirirsiniz?" sualına təbəssümlə cavab verən Gülağa Aslanlı "gedin özündən soruşun" deməklə ironik cavab vermişdi.
Eldəniz Quliyevin və Gülağa Aslanının fikirlərini şərh edən BAXCP funksioeri Xəzər Teyyublu isə bildirib ki, "Milli Şura" deyilən bir qurum qalmayıb: "Evlərində oturublar və utanmadan deyirlər ki, hansısa şura var. İmkan versinlər, normal tədbirlərimizi keçirək. Azərbaycanda güclü müxalifətin yaradılmasını əngəlləyən elə Müsavat və AXCP rəhbərləri olublar. İndi qısqanırlar ki, əksər müxalifət partiyaları bir araya gəliblər".
Samir