İttihamlar isə şiddətlənir
Ötən ayın sonlarında bir qrup müxalifət partiyasının Azərbaycan Demokrat Partiyasının qərargahında yeni birliyin yaradılması istiqamətində keçirdiyi toplantı orada iştirak edən partiyalara qarşı hücumları daha da artırıb. Belə ki, toplantıda iştirak edən siyasi təşkilatlar onların dəvət etdikləri digər partiya liderlərini onların dəvətlərinə rədd cavabı vermələrini, qarşı tərəf isə verdikləri rədd cavablarını əsaslandırmağa çalışaraq, vəziyyətin daha gərgin müstəviyə keçid almasına şərait yaradırlar. Nəticədə AXCP, Müsavat və AMİP kimi partiyalar, o cümlədən, Alternativ Hərəkat (REAL) ilə bir araya toplaşan siyasi təşkilatlar arasında ciddi qarşıdurmalar davam edir.
Yenə də çayxana müzakirələri
Bu günlərdə daha bir nüans bəlli olub. Belə ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, "Ağ Blok"un təmsilçisi, hazırda həmin bloku partiyaya çevirmək niyyətində olan Müsavatın sabiq divan üzvü Tural Abbaslı, ADR hərəkatının təmsilçiləri, o cümlədən, İsa Qəmbərdən narazı olan, lakin hələ də partiyada fəaliyyətlərini davam etdirən müsavatçılar davamlı olaraq toplantılarını çayxanada keçirməyə başlayıblar. Daha dəqiq desək, "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən və "ev dəllallarının çayxanası" kimi tanınan obyektdəki çayxanaya toplaşaraq müzakirələr aparan tərəflər qarşılarına ciddi plan və məqsəd qoyduqlarını gizlətmirlər. Onlar radikal müxalifətin heç vaxt hakimiyyətə gələ bilməyəcəyini dərk edərək, radikalizmdən konstruktivlik yoluna keçməyin labüdlüyündən danışırlar. Daha dəqiq desək, hakimiyyət iddialarının yalnız sivil, qanuni yollarla ortaya qoyulmasının tərəfdarı kimi çıxışlar edirlər.
Eyni zamanda, ortaya qoyulan məqsədlərdən biri də onlara maneçilik törədən Müsavat, AXCP və s. partiyaların siyasi arenadan silinməsidir. Onu da qeyd etmək yerinə düşərdi ki, hələ məlum və başabəla toplantıdan öncə müxalifətin birlik toplantısına ADP sədri Sərdar Cəlaloğlu Müsavat baqşanı Arif Hacılını ADP sədri Sərdar Cəlaloğlu, "Milli-Strateji Düşüncə Mərkəzi"nin sədri Müsavatın sabiq başqanı İsa Qəmbəri AXP sədri Pənah Hüseyn, digərlərini isə başqa müxalifət partiyalarının sədrləri dəvət etmişdilər. Lakin vurğulandığı kimi, bu dəvətlər rədd edilib və dəvət edənlər bunu dəvət edilənlər üçün sonuncu şans olduğunu bildiriblər. Göründüyü kimi, müxalifət 22 il öncəki kimi, yenə də çayxana müzakirələrini davam etdirməkdədirlər.
İsa Qəmbərin də tədbiri boykot edilir
Bu arada daha bir maraqlı məqam ortaya çıxıb. Məsələ ondadır ki, İsa Qəmbərin rəhbəri olduğu "Milli-Strateji Düşüncə Mərkəzi"nin toplantısını keçirmək niyyətindədir və indi də o digər ümxalifət partiyalarını öz tədbirinə dəvət etmək istəyir. Ancaq onun dəvətləri yerə vurulur. Məsələn, daha öncəki tədbirə qatılmadığı kimi, AMİP İsa Qəmbərin də tədbirinə qatılmayacağını bəyan edib. Ümumiyyətlə, AMİP müxalifətdən gələn birlik təşəbbüslərini rədd edir. Bu partiya yanvar tədbirinə qatılmayıb, üstəlik, elan edib ki, hansı tədbirə qatılıb-qatılmayacağını özü müəyyən edir.
Həmçinin, Əli Kərimli cəbhəsi də eyni mövqedə dayandığını bəyan edib. Hətta partiya yetkililəri bildiriblər ki, onlar müxalifət adına keçirilən tədbirə dəvət edilməyiblər. Tədbirin təşkilatçılarından olan Tural Abbaslı isə qeyd edib ki, AXCP-yə dəvət göndərilib və deyilib. Sadəcə olaraq, bu partiya ictimai qınaqdan yayınmaq məqsədilə səmimiyyətə uyğun olmayan yanaşma ortaya qoyub.
AzDP sədri Sülhəddin Əkbər də müxalifətin son birlik təşəbbüslərində çıxış etmədiyini bildirib. Partiyanın sədri qeyd edib ki, artıq müxalifət siyasi proseslərə təsir imkanlarını itirib: "Bunda bir sıra müxalifətçinin də müəyyən dönəmlərdə gizli sövdələşmələr aparması öz rolunu oynayıb. İkincisi, son 20 illik mübarizə nəticəsində uğurun əldə olunmaması da öz mənfi təsirini göstərib. Bu da cəmiyyətdə müxalifətə və onun fəaliyyətinə olan inamı sarsıdıb. Üçüncü, cəmiyyət siyasi proseslərdən uzaqlaşıb. Müxalifət gərək, ilk növbədə, özü-özünə inamı bərpa etsin. Müxalifətin tədbirlərinə öz tərəfdarlarının neçə faizi gəlir?"
REAL rəhbərliyi isə vurğulayıb ki, onlara ümumiyyətlə, müxalifət birliyi lazım deyil. "Milli Şura" da həmin mövqedən çıxış edərək, ittihamlar irəli sürür.
Beləliklə, məsələ bir daha aydın olur. Müxalifətin sonuncu toplantısından sonra vəziyyətin gərginləşməsi də belə qənaətə gəlməyə əsas yaradır ki, düşərgə düşdüyü ağır vəziyyətdən çıxmağı bacarmayacaq.
Rövşən RƏSULOV