Tahir Kərimli: "Fəaliyyətsiz siyasi partiyaların dövlət qeydiyyatının ləğv olunması düzgün təklifdir"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
-Tahir bəy, Milli Məclisdə səslənən fikirlərə görə, fəaliyyətsiz siyasi partiyaların dövlət qeydiyyatı ləğv olunmalıdır. Sizcə, təklifin reallaşması partiyaların fəaliyyətində dəyişiklik yarada bilərmi?
- Fəaliyyətsiz siyasi partiyaların dövlət qeydiyyatının ləğv olunması düzgün təklifdir. Nəyə görə? Çünki birincisi ədalətli təklifdir, ikincisi beynəlxalq praktikaya uyğundur. Bu gün elə partiyalar var ki, 20 ildən artıqdır ki, fəaliyyət göstərir nə adının tapa bilirsən, nə də ki, sədri rəhmətə getdiyi üçün həmin partiyanın fəaliyyəti belə yoxdur. Bu cür partiyaların mövcud olması partiyaların sayını artırır, amma digər partiyaların adına da xələl gətirir. Avropada iki ildən artıq seçkilərdə iştirak etməyən və fəaliyyət göstərməyənlər haqqında araşdırma aparılır və bununla da bu partiyaların dövlət qeydiyyatı məhkəmə qaydası ilə ləğv olunur.
- AXCP, Müsavat kimi partiyalarda iki tərəf var. Məhkəmə çəkişmələri gedir. Sizcə, Ədliyyə Nazirliyi belə məqamlara hansı mövqedən yanaşmalıdır?
- Ədliyyə nazirliyi konkret vəziyyətdə siyasi partiyanın qeydə alınması ilə məşğuldur. Əgər həqiqətən iki tərəf varsa, biz də bunu görürük və bilirik ki, həm AXCP-də, həm də Müsavatda problemlər var. Narazı tərəflər məhkəməyə şikayət ediblər. Məhkəmənin qərarı nə olacaqsa, Ədliyyə Nazirliyi də ona müvafiq addım atacaqdır.
- Sizcə, nəyə görə, müxalifət sivil müzakirələrdən qaçır?
-Hər hansı bir ideya irəli sürəndə arxanda sosial bazan, gücün, ədalətin və istəyin ola. Yəni ancaq söyüş söyməklə və nəticəni gözləməməklə ideyalar irəli sürmək olmaz. Bu sivil mübarizə deyil. Müxalifət bu reallığı başa düşməlidir.
GÜLYANƏ