Yunus Oğuz
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
Bu istiqamətdə görülən işlər sırasına Rusiya ... ilə münasibətləri kəsmədən,
* NATO bloku və Türkiyə ilə;
* Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsində Rusiya tərəfindən analoji regional münaqişələrə təhrik və cəlb edilən, ədalət sınağına çəkilən Ukrayna, Gürcüstan, Moldova və s. kimi ölkələrdə tərəfdaşlığın yaradılmasını;
* bölgədə və dünyada yeni-yeni hərbi müttəfiqlərin, siyasi və hərbi tərəfdaşların axtarışını, onlarla ikitərəfli və çoxtərəfli hərbi-texniki əməkdaşlıq münasibətlərinin qurulmasını və s. aid etmək olar" (Bax. s. 805-806).
Bu, faktiki olaraq Baltikyani ölkələri istisna etməklə (Latviya, Litva, Estoniya MDB-yə üzv olmadılar) MDB məkanında Azərbaycan ilk dövlət idi ki, milli təhlükəsizlik siyasətində regionda müstəqil siyasət yürütməyə başladı. Rusiyanın və KTMT-nin regional fəaliyyətindən və bölgədəki münaqişələri sahmana salmaqda fəaliyyətsiz olması, yaxud istəməməsi NATO-ya imkan verdi ki, Azərbaycan, Gürcüstan və Ukrayna ilə regional tərəfdaşlıq münasibətləri yaratsın. Bu məqsədlə də NATO hər üç ölkəni özünün "Sülh naminə tərəfdaşlıq" proqramına qəbul etdi.
Belə tərəfdaşlıq Azərbaycana nə vəd edirdi, yaxud ona hansı üstünlükləri qazandırdı? Əli Həsənov Azərbaycan-NATO münasibətlərindən bəhs edərəkən politoloqlara istinadən yazır ki, bu tərəfdaşlığı iki əsas istiqamət üzrə qruplaşdırmaq olar: Birinci istiqamətə görə Azərbaycan-NATO münasibətlərinin strateji xarakter alması ölkənin milli, regional və beynəlxalq təhlükəsilziyinə ciddi təminat verə bilər və onun geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirər. İkinci istiqamətə görə, Azərbaycanla NATO arasındakı münasibətlərin dərinləşməsi Rusiya və İranın regional təhlükəsizliyini ciddi şəkildə təhdidə məruz qoyur. Onlar hesab edir ki, NATO-nun regionda genişlənməsində təşkilat üzvü olan dövlətlərlə yanaşı, Azərbaycanın özü də maraqlıdır və bu meyllin təhlükəliliyi NATO-nun hərbi infrasturkturlarının Xəzər dənizi vasitəsilə Rusiyanın və İranın sərhədlərinə yaxınlaşması ilə şərtlənir.
NATO ilə milli təhlükəsizlik sistemində əməkdaşlıq, həm də ona görə səciyyəvidir ki, o Azərbaycanla münasibətlərdə dövlətimizin xarici təhlükəsizlik maraqlarına cavab verən faktor onun keçmiş sovet respubliklarının ərazi bütövlüyünü və suveren hüquqlarını tanıması və müdafiə etməsidir. NATO bu mövqeyini alyansın 2014-cü il sentyabrın 15-də keçirilmiş Uels sammitində qəbul edilən Bəyannaməsində bir daha ifadə edir. Sənəddə yazılır: "NATO Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliynin müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəldilmiş səyləri dəstəkləməkdə davam edəcək."
NATO bu regionda baş verən və davam edən münaqişələrdən narahatlığını da bildirir: "Bu konfliktlərin üzücü şəkildə davam etməsi hələ də xüsusi narahatlıq doğurur, çünki belə vəziyyət bölgə sakinlərini Avroatlantik Birliyin üzvü olmaq imkanından məhrum edir".
Azərbaycan özünün milli maraqlarını və milli təhlükəsizlik sistemini müdafiə etmək, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqq səsini dünyaya çatdırmaq üçün keçən müddətdə bir çox beynəlxalq və regional qurumlarla iş aparmış, onların əksəriyyətinə üzv olmuşdur. Belə qurumlar sırasında BMT, ATƏT, Avropa Birliyi, MDB, GUAM, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, Türkdilli Dövlətlər Birliyi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Bitərəflər Bloku və digərlərinin adlarını çəkmək olar. Bunlara münasibətdə müəllif qeyd edir ki, Azərbaycan keçən iyirmi ildə regional təhlükəsizlik sahəsində bütün hərbi-geostrateji bloklarla tərəfdaşlıq münasibətləri yaratsa da, ilk gündən birmənalı tərzdə öz prinsipləri ilə çıxış etmişdir. Rəsmi Bakı aşağıdakı prinsiplərin həmişə əleyhinə olmuşdur:
* Qafqazın millitaristləşdirilməsinin, hərbi bloklar arasında qarşıdurmaya cəlb edilməsinin;
* Xarici ölkələrə məxsus hərbi bazaların, orduların başqa- başqa dövlətlərin ərazisində yerləşdirməsinin və s.
O yazır: "Azərbaycan keçən müddətdə hər üç (söhbət BMT, NATO və KTMT-dən gedir-Y.O.) hərbi-geostrateji və siyasi blokla tərəfdaşlıq münasibəti yaradaraq Xəzər hövzəsi və Cənubi Qafqazda özünün yürütdüyü tarazlaşdırılmış təhlükəsizlik konsepsiyasına tam sadiq qalmışdır. Rəsmi Bakı:
- Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə real beynəlxalq təminat verilməyincə;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyincə;
Cənubi Qafqazda beynəlxalq hüquq normalarının bərpa olunmasına ciddi və prinsipial münasibət göstərilməyincə, hər hansı hərbi-siyasi bloka, o cümlədən NATO və KTMT-yə qoşulmayacağı haqqında birmənalı bəyanat səsləndirərək, hər iki blokla həm bəlli məsafə saxlamış, həm də müəyyən çərçivədə əməkdaşlıq etmişdir" (Bax. s. 812).
Göründüyü kimi, Azərbaycan tərəfi hərbi-geostrateji və geosiyasi müstəvisində və milli təhlükəsizliyimizin xarici siyasətində fəaliyyəti üç əsas prinsipə söykənir:
1. Balanslaşdırılmış xarici siyasət;
2. Məsafə saxlamaq, ya da əməkdaşlıqdan imtina etmək şərti ilə bir-birilə rəqabətdə olan hərbi bloklara qoşulmamaq, eyni zamanda onların hərbi qüvvələrini, hərbi dəstələrini Azərbaycan ərazisində yerləşdirməmək (qeyd edək ki, Azərbaycan tərəfi bu prinsipə tam əməl edir, hətta sovetlərdən qalma Rusiyanın beynəlxalq aləmdə hərbi-geostrateji əhəmiyyətə malik olan Qəbələ RLS-nin demontaj olunması buna bariz nümunədir. Belə ki, bu radio-lakasion stansiyasında 1000 yaxın rus hərbiçisi çalışırdı);
3. Bütün sahələrdə, yəni iqtisadi, hərbi-iqtisadi, siyasi sahələrdə ikitərəfli əməkdaşlığa üstünlük vermək, dövlətin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarını ön plana çəkmək;
Azərbaycan tərəfindən belə siyasətin yürüdülməsi ölkəmizə hansı üstünlükləri qazandırır, yaxud onun imicini yüksəldirmi? Əminliklə deyə bilərik ki, BƏLİ. Birincisi, ona görə ki, Azərbaycan tərəfi çalışır ki, region, o cümlədən də ərazimiz rəqabət aparan hərbi blokların poliqonuna, yaxud döyüş meydanına çevrilməsin, baxmayaraq Ermənistan tərəfi Rusiyanın hərbi poliqonuna çox çevrilib. Bu ərazidə indi Rusiya (dekabr, 2015) əlavə hərbi qüvvələr yerləşdirməklə Türkiyəni, həmçinin NATO-nu təhdid edir. Ermənistan və Gürcüstan artıq rəqabət aparan hərbi blokların tərəfdaşı, yaxud müttəfiqi olduğu üçün, Ermənistan və Azərbaycan müharibə vəziyyətində ikən Cənubi Qafqazın siyasi və hərbi durumunun hansı vəziyyətdə olduğunu heç də təsəvvür etmək çətin deyil.
İkincisi, dünyanın hər hansı bölgəsində etnik separatizmdən və ərazi iddialarından qaynaqlanan münaqişələrə Azərbaycan tərəfi dərhal bəyanat verərək bu hadisəni psiləyir və buna son verməsini istəyir, çünki Azərbaycan özü hələ indi də etnik separatizmindən Dağlıq Qarabağda əziyyət çəkir və bu münaqişə fövqündə beynəlxalq oyunçular siyasi "oyun"lar oynamaqda davam edirlər. Bu sahədə, guya münaqişəni həll etmək üçün ATƏT-in yaratdığı Minsk Qrupu buna bariz nümunədir. Minsk Qrupu 20 ildən çoxdur ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışsa da, problem hələ də ölü nöqtədən belə tərpənməyib. Əvəzinə 1994-cü ildə Ermənistan və Azərbaycan arasında bağlanmış "atəşkəs" hər gün sərhəddə pozulur, yaralanan və ölənlər olur.
Üçüncüsü, Azərbaycan tərəfi bölgədə bütün dövlətlərlə hərbi-geostraetji sahədə balanslaşdırılmış siyasət yürüdür, çalışır ki, regionda məsafə saxlasın. Bununla da sülhü qoruyub saxlasın. Mütəxəssislər hesab edirlər ki, Xəzər-Qara dəniz hövzəsində davamlı sülhə nail olmaq üçün bölgənin sülh yaratmaq proseslərində və təhlükəsizlik tədbirlərində yalnız region ölkələri ilə deyil, həm də maraqlı beynəlxalq güc mərkəzləri yaxından iştirak etməlidirlər, çünki Qafqazda sülh və sabitlik tələbləri yalnız bir-iki böyük ölkənin geostrateji mənafeyi və bu ərazilərin tarixi geostrateji əhəmiyyəti ilə şərtlənmir, həm də regional ölkələrin milli maraqları, regionda reallaşdırılan çoxsaylı transmilli enerji və nəqliyyat layihələrinin, ixrac kəmərləri və dəhlizlərinin təhlükəsizliyi, bu işə cəlb edilmiş çoxsaylı və nəhəng şirkətlərin sərmayələrinin qorunması və geoiqtisadi maraqları ilə ölçülür.
(Ardı var)