PDF Oxu

Siyasət

  • 17

Prezident İlham Əliyevin Britaniya səfəri - uğurlu tərəfdaşlıq

Prezident İlham Əliyevin Britaniya səfəri - uğurlu tərəfdaşlıq

Azərbaycan-Brtitaniya əlaqələri hər zaman hər iki ölkə tərəfindən müştərək şəkildə yüksək qiymətləndirilib

Bəlli olduğu kimi, Prezident İlham Əliyev Böyük Britaniyaya səfər edib və bu səfərin təfərrüatları kifayət qədər maraqdoğurucudur. Qeyd etmək yerinə düşərdi ki, dövlət başçımızı Böyük Britaniyaya rəsmi səfərə ölkənin baş naziri Devid Kameron dəvət edib. Eyni zamanda, onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan-Brtitaniya əlaqələri hər zaman hər iki ölkə tərəfindən müştərək şəkildə yüksək qiymətləndirilib. Prezident İlham Əliyev bu ölkəyə daha öncə etdiyi səfərlərindən birində vurğulamışdı ki, Azərbaycan daim Avropaya inteqrasiya yolunu tutub və dövlətimiz hər zaman bu yola sadiqliyini nümayiş etdirib.

Sitat: "Bu siyasət davam etdirilir, bu yolumuzu sözdə yox, praktiki addımlarda göstəririk. Biz ölkəmizin gələcəyini inteqrasiyada görürük. Regionda da, dünyada da, vacib, əhəmiyyəti olan ölkə olmaq istəyirik. Ona görə də, əlimizdən gələni edəcəyik ki, Azərbaycanın standartlarını dünya standartlarına çatdıraq. Bütün sahələrdə inkişafa, iqtisadi inkişafa, sosial inkişafa, demokratik inkişafa nail olaq. Bizim siyasətimiz bundan ibarətdir, bizim siyasətimiz belədir. Əlbəttə ki, bizim seçdiyimiz yolun hər mərhələsində əldə edilən uğurlardan çox şey asılı olacaqdır. Azərbaycanın seçimi belədir. Azərbaycan rəhbərliyinin etdiyi seçim budur və ölkədə də, beynəlxalq aləmdə də apardığımız siyasətlə bağlı əhalimizin dəstəyini daim hiss edirik".

Avropada da anlayırlar ki, Azərbaycan bu qitənin enerji təhlükəsizliyinin və təminatının qarantıdır

Söz yox ki, Azərbaycanın önəmi Qərbdə çox ciddi şəkildə dəyərləndirilir və burada əsas amillərdən biri də ölkəmizin digər siyasi addımları ilə yanaşı, enerji siyasətinin dünya miqyasında söz sahibinə çevrilməsidir. Artıq Avropada da anlayırlar ki, Azərbaycan bu qitənin enerji təhlükəsizliyinin və təminatının qarantıdır. Təbii ki, Britaniya hökuməti də bu faktoru getdikcə daha çox qiymətləndirir. Burada da tarixi əhəmiyyətin rolu mövcuddur. Bu baxımdan, qənaətə gəlmək olar ki, Böyük Britaniya Azərbaycanın Avropa məkanına və strukturlarına inteqrasiyaya öz dəstəyini verməkdədir. Məsələn, ölkələr arasındakı iqtisadi münasibətlərə gəldikdə deyə bilərik ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcminə görə birinci yerdə olmuş və bu mövqeyini davamlı şəkildə qoruyub-saxlamağa çalışıb. 1994-cü ildən başlayaraq, Azərbaycan və Böyük Britaniya arasında enerji sahəsində uğurlu əməkdaşlıq modeli yaradılıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" qaz layihəsi və "Azəri-Çıraq-Günəşli" neft yataqları, bütövlükdə, Brtitaniya şirkətlərinin ən böyük xarici layihəsi hesab olunur. Məhz bu kimi layihələr iki dövləti bir-birinə daha da yaxınlaşdırmış, gələcək nəhəng layihələrin icrasına stimul vermişdir.

Azərbaycanın modernləşməsində Britaniya təcrübəsi və sənayesinin imkanlarından istifadə olunur

Bu gün Azərbaycanda kifayət qədər böyük, orta və kiçik Britaniya şirkətləri fəaliyyət göstərirlər. Bu şirkətlərin əksər hissəsi neft və qaz sahəsində fəaliyyət göstərsə də, bu əməkdaşlıq son illərdə pərakəndə satış, informasiya texnologiyaları, layihələrin idarə olunması, maliyyə-bank xidmətləri və kənd təsərrüfatı kimi sahələrə doğru genişlənir. Bu gün Azərbaycanın modernləşməsində Britaniya təcrübəsi və sənayesinin imkanlarından istifadə olunur və heç də təsadüfi deyildir ki, paytaxt Bakıda aparılan əsas tikinti layihələri məhz Britaniyanın məsləhətçi və layihə-idarəetmə şirkətləri tərəfindən idarə olunur.

Eyni zamanda, siyasi müşahidəçilərin fikrincə də, Azərbaycanın indiki durumda Britaniya ilə əlaqələrini genişləndirməsi mühüm əhəmiyyət daşıyır. Xüsusuilə, dünya bazarında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanın da bu amildən zərər çəkməsinin qarşısının alınması üçün Britaniya kimi güclü Avropa dövləti ilə münasibətləri ən yüksək səviyyəyə qədər inkişaf etdirmək hər iki tərəfin marağındadır.

Politoloqlar və ekspertlər də elə hesab edirlər ki, Azərbaycan Prezidentinin səfəri bir çox önəmli amilləri önə çəkir. Məsələn, iqtisadi məsələlərin müzakirəsi zamanı diqqətə alınacaq faktorlardan biri Böyük Britaniyanın Azərbaycanın ən böyük investorlarından biri olması ilə bağlıdır. Buna misal kimi, BP şirkətini göstərmək olar. Şirkət Azərbaycanın ən böyük vergi ödəyicilərindən biridir. Bunu nəzərə alsaq, qeyd edə bilərik ki, Böyük Britaniya hökuməti ilə Azərbaycana sərmayə yatırmaq məsələlərinin müzakirəsi hər zaman diqqətdə olan faktorlardan biridir. Belə ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi BP-nin də fəaliyyətinə öz mənfi təsirini göstərib və şirkətin gəlirləri xeyli azalıb. Azərbaycan Prezidentinin Britaniyaya səfəri kontekstində sözügedən problemlərin aradan qaldırılması üçün münbit şərait yarandığını istisna etmək olmaz.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniya tərəfinin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəyişməz dəstək Azərbaycan tərəfindən hər zaman yüksək qiymətləndirilir

Ümumiyyətlə, belə bir nəticəyə gəlmək mümkündür ki, Böyük Britaniya ilə Azərbaycanın siyasi münasibətlərində hər hansı problem müşahidə olunmadığına görə, ikitərəfli əməkdaşlığın bundan sonra daha da möhkəmlənməsinə zəmin yaranır. Çünki bu istiqamətdə Brtitaniya hökuməti də daim Azərbaycana tərəf müsbət addımları ilə seçilib. Məsələn, qeyd edə bilərik ki, Azərbaycan Böyük Britaniya üçün Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaş olması ilə yanaşı, Brtitaniya Azərbaycanın siyasi baxışlarına dəstək göstərir. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniya tərəfinin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəyişməz dəstək Azərbaycan tərəfindən hər zaman yüksək qiymətləndirilir. Bu isə ölkəmiz üçün çox qiymətli dəyərləndirmədir. Beləlkilə, Prezident İlham Əliyevin Britaniya səfəri çərçivəsində bundan sonra da hər iki ölkə üçün davamlı və çox önəmli addımların atılması həm də uğurlu ikitərəfli əməkdaşlığın məntiqi nəticəsidir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər