PDF Oxu

Siyasət

  • 27

Qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq

Qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq

Prezident İlham Əliyev: "Çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusi ilə qeyri-neft sektoruna - o sahələrə ki, onların inkişafı Azərbaycanın potensialını gücləndirəcək və idxaldan asılılığını azaldacaq"

Azərbaycanda həyata keçirilən siyasətin ortamüddətli dövrdə əsas perspektiv inkişaf sütunu qeyri-neft sənayesi hesab olunur. Sənayenin bu bölməsi son illər sürətlə inkişaf edir və iqtisadiyyatın əsas milli gəlir gətirən perspektiv sahəsinə çevrilməkdədir. Sənayeləşmənin və industrial cəmiyyət quruculuğunun yeni modellərinin tətbiq olunması ilə bağlı təşəbbüslərin artması da bu strateji planın tərkib hissəsidir.

Bu mənada, bu gün ölkə rəhbərliyinin hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biri qeyri-neft sektorunun daha da inkişaf etdirilməsidir. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı əsas prioritet olacaq: "İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Ümumi daxili məhsulun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır, neftdən asılılıq azalır... Neftdən asılılıq minimum səviyyəsinə endirilməlidir. Çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna - o sahələrə ki, onların inkişafı Azərbaycanın potensialını gücləndirəcək və idxaldan asılılığını azaldacaq".

Qlobal böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirir

Qeyd edık ki, ötən il dünya miqyasında baş verən siyasi proseslər, qarşıdurmalar iqtisadiyyata da öz təsirini göstərib. Buna baxmayaraq, ölkəmizdə iqtisadi inkişaf müşahidə edilib. Dövlət başçısının sözlərinə görə, 2015-ci ildə də Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirib: "Qarşıda duran bütün vəzifələr icra olunmuşdur. 2015-ci ildə ÜDM 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu, qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir... Qeyri-neft sənayesinin 8,4 faiz artması əsas göstəricidir. 2015-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkədir."

Azərbaycanın iqtisadi gücü, siyasi çəkisi beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Bu qiymətləndirmə onların hesabatlarında da öz əksini tapır. Nazirlər Kabinetinin iclasında ölkə başçısı bu məsələyə də toxunub: "2015-ci ildə bütün geosiyasi və iqtisadi amillər nəzərə alındıqda, iqtisadi inkişaf böyük nailiyyətdir. Beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb".

Sahibkarlığın inkişafı da diqqət mərkəzindədir

Bu gün sahibkarlığın inkişafı da xüsusi olaraq diqqət mərkəzindədir. Dövlət başçısı bununla bağlı bir sıra fərman və sərəncamlar imzalayıb. Əlbəttə ki, məqsəd sahibkarlar üçün münbit şərait yaratmaq, onların işini daha da asanlaşdırmaq, dövlət tərəfindən lazım olan bütün köməklikləri göstərməkdir. Qeyd edək ki, ölkə Prezidenti çıxışlarında mütəmadi olaraq bu məsələlərə toxunur, məmurlara müvafiq tapşırıqlar verir. Lakin bu zaman sahibkarın da üzərinə məsuliyyət düşür. Onlar da, öz növbəsində, yaradılan şəraitdən sui-istifadə etməməli, şəxsi maraqlarla yanaşı, dövlət və milli maraqları da unutmamalıdırlar. Prezident İlham Əliyev müşavirədə qeyd edib ki, yerli sahibkarlar Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar: "Dövlət qurumları-həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları iş adamları üçün bütün şəraiti yaratmalıdırlar... Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Lisenziyaların, icazələrin sayı azaldılır. Bürokratik əngəllər aradan götürülür. Keçən il 5 min 240 sahibkara güzəştli şərtlərlə 250 milyon manat məbləğində kreditlər verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir".

"Vəzifəmiz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir"

Ötən il kənd təsərrüfatı sahəsində mühüm islahatlar həyata keçirilib. Dövlət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara hər cür şərait yaradıb. Təsadüfi deyil ki, "Kənd təsərrüfatı ili"ndə kənd təsərrüfatı 6,6 faiz artıb. Ölkə başçısı hökumət qarşısında vəzifə qoyub ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da dərinləşməlidir: "Vəzifəmiz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. İxrac potensialı artırılmalıdır. Gələcəkdə Azərbaycanın neft və qazdan başqa əsas ixrac məhsulları kənd təsərrüfatı məhsullarıdır... Rusiyada Azərbaycan məhsullarına indi daha çox tələbat var. Ərzaq məhsullarının Qazaxıstana ixrac olunmasına başlanılacaq. Yaxın Şərq ölkələri də Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə maraqlanırlar".

Neftdən əldə olunan gəlirlər səmərəli şəkildə xərclənir

Neftin qiymətinin aşağı düşməsinə, gəlirlərin azalmasına baxmayaraq ötən il ölkəmizdə sosial layihələr davam etdirilib. Çünki Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. Ölkə vətəndaşlarının sosial rifah halının daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdən biridir. Nazirlər Kabinetinin iclasında ölkə başçısı vurğulayıb ki, keçən il bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilib: "Altmışa yaxın tibb müəssisəsi, 20-dən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib, 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir... Sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur... İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu gün 112 min ailə, 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır".

Qeyd etdiyimiz kimi, neftdən əldə olunan gəlirlərin səmərəli şəkildə xərclənməsi hər zaman prioritet olub. Bu mənada, 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişaf ilə bağlı qəbul və uğurla icra edilən dövlət proqramlarını vurğulamaq lazımdır. Bunun nəticəsində regionların siması müsbət mənada xeyli dərəcədə dəyişib, infrastruktur layihələri icra edilib, sosial obyektlər inşa edilib, yeni iş yerləri yaradılıb. Dövlət başçısı çıxışı zamanı bu məsələyə də toxunub: "Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir."

Hökumət qarşısında qoyulan mühüm vəzifələrdən biri də rayonların sənaye potensialının daha da gücləndirilməsi ilə bağlıdır. Dövlət başçısının sözlərinə görə, sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmalıdır: "Texnoparklar, sənaye klasterləri, bütün regionlarda sənaye zonaları yaradılmalıdır... Yerli icra orqanları daha da səmərəli işləməli, təşəbbüs göstərməlidirlər. Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir... Rayonlar dotasiya ilə yaşamamalı, özləri iqtisadi cəhətdən daha səmərəli işləyərək xərclərini bağlamalıdırlar... Neftçala rayonunda sənaye zonası yaradılır. Başqa rayonlarda da bu layihələr icra edilməlidir".

Bir sözlə, yaxın illər üçün yeni sənaye müəssisələrinin yaradılması iqtisadi siyasətin başlıca istiqamətlərindən biri olacaq. Hökumət bu sahəyə investisiyaları artıracaq, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları təmin ediləcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər