"Prezident İlham Əliyevin keçirdiyi son müşavirələrdə irəli sürdüyü fikirləri və dövlət strukturlarına verdiyi tapşırıqları, ilk növbədə belə deməyə əsas yaradır ki, bu, ölkə başçısının insan amilinə, vətəndaş faktoruna göstərdiyi böyük diqqətin məntiqi nəticəsidir". Bu fikirləri "SƏS"ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva dövlət strukturlarının vətəndaşlara çoxsaylı iş yerləri və vakansiyalar təqdim etməsinə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev nəinki son, ümumiyyətlə, bütün çıxışlarında vurğulayır ki, dövlətin bir nömrəli vəzifələrindən biri də məhz vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasıdır: "Bu gün dünyada iqtisadi böhran yaşanır və bu böhran, əslində uzun illərdir ki, davam edir. Lakin Azərbaycana indilərdə təsir etməyə başlayıb. Cənab Prezident 7 il bundan öncə dünyada böhranlı vəziyyətin yaranmasına baxmayaraq, Öz mütərəqqi siyasəti ilə ölkəmizi ondan toxunulmaz olaraq saxlamağa müvəffəq olub. Avropada, Qərb ölkələrində iş yerləri bağlanarkən, ölkələrin iqtisadi sferaları çökərkən, Azərbaycan inkişaf yolunu davam etdirdi, milyondan çox iş yeri açıldı, regionlarda bütün infrastrukturlar ən müasir standartlara əvəz edildi. Bəlkə də kimlərsə bu cür nəhəng işlər müəyyən səbəblərə görə sərf etməyə bilər. Ancaq reallığı, gerçəkliyi dəyərləndirməyi bacaran hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin bu addımlarını gördü, dəstəklədi".
"Azərbaycan öz potensialı ilə bunu sübut edir"
YAP Sabunçu rayon təşkilatının sədri, həmçinin qeyd edib ki, iqtisadi böhrandan özləri üçün sui-istifadə etməyə cəhd edənlər indi qanun qarşısında cavab verməli olacaqlar: "Əlbəttə ki, Azərbaycan dövlətinin dünyadakı nüfuzuna, o cümlədən, hakimiyyətin xalq qarşısındakı nüfuzuna xələl vurmaq yolları ilə aşağı salmaq istəyənlər də tapıldı. Lakin dövlət rəhbərinin müdaxiləsindən, sərt çıxışlarından, göstərişlərindən sonra bütün problemlər aradan qaldırıldı. Süni qiymət artımına son qoyuldu. Bu gün iqtisadi böhran çərçivəsində bunu üzərində ən az hiss edən ölkə də məhz Azərbaycandır. Çünki Azərbaycan öz potensialı ilə bunu sübut edir".
"Xalq öz Prezidentini dəstəkləyib, dəstəkləyir, bundan sonra da dəstəkləyəcək!"
Mehriban Abasquliyeva bir sıra dövlət strukturlarının məhz Prezident İlham Əliyevin göstərişindən sonra minlərlə iş yerləri vakansiyaları təklif etməsini gələcəkdə də davam edəcəyini deyib: "Bu gün bu prosesə başlanılıb və işsiz vətəndaşlarımız iş yerləri ilə təmin olunurlar. Əlbəttə ki, bu, çox böyük bir hadisədir. Çünki xarici ölkələrdə yüz minlərlə insanlar ixtisara salınır, işdən çıxarılırlar. Amma Azərbaycanda tamamilə əksinə proses gedir. Bu, bir daha sübut edir ki, Azərbaycan Prezident İlham Əliyev Cənablarının rəhbərliyi ilə yaxın zamanlarda bütün sınaqlardan uğurla, qalibiyyətlə çıxacaq. Xalq öz Prezidentini dəstəkləyib, dəstəkləyir, bundan sonra da dəstəkləyəcək!"
R.KAMALQIZI