"Yaxın Şərq hadisələri Qərbin layihəsidir"
"Rusiyada belə bir məsələnin qaldırılması sırf Türkiyəyə siyasi təzyiq etməyə hesablanıb". Bu fikirləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu Rusiya Dövlət Dumasının deputatlarının 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış etməsinə münasibət bildirərkən deyib.Politoloq bildirib ki, Rusiya-Türkiyə münasibətlərində gərginliyi meydana gətirən səbəb təyyarə insidenti oldu: "Ümumiyyətlə, Yaxın Şərqdə məlum proseslər cərəyan etməyə başladığı vaxtdan tərəflərin sərgilədiyi mövqelər ciddi ziddiyyət təşkil edirdi. Rusiyada proseslərin ABŞ və onun Avropadakı müttəfiqləri tərəfindən idarə olunduğu haqqında qənaət mövcud idi. Hadisələrin sonrakı inkişafı aydın göstərdi ki, Yaxın Şərq hadisələri Qərbin layihəsidir. Türkiyənin bu proseslərdə Qərbin mövqelərini açıq dəstəkləməsi Rusiyada birmənalı qarşılanmırdı. Buna baxmayaraq, Rusiya-Türkiyə münasibətləri kifayət qədər perspektivli görünürdü. Hətta Rusiya prezidenti Vladimir Putinin 2014-cü ilin sonlarında Türkiyəyə səfər etməsi və tərəflər arasında müəyyən razılıqların əldə olunması NATO üzvü olan Türkiyə ilə Rusiya arasında strateji tərəfdaşlıq haqqında fikirlərin səsləndirilməsinə də əsas verirdi. Təbii ki, bütün bunların ABŞ-ın Yaxın Şərq və Rusiya planları ilə ciddi ziddiyyət təşkil edirdi. Bu baxımdan, Rusiya-Türkiyə münasibətlərinin kəskin korlanması üçün bütün resurslar səfərbər edildi, mexanizmlər işə salındı. Nəticə də göz önündədir. Tərəflər arasında gərginlik yarandı və davamlı olaraq dərinləşdi. Gərginliyin dərinləşdiyini Rusiyada bir qrup deputat tərəfindən, 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış müqavilənin denonsasiya olunması məsələsinin qaldırılması da sübut edir".Onun sözlərinə görə, bu məsələnin ABŞ-ın rəhbərliyi altında Suriyada quru əməliyyatlarının aparılması ilə bağlı təşəbbüsün genişləndiyi bir vaxtda meydana çıxması da bunu bir daha təsdiq edir: " Belə ki, ABŞ-ın rəhbərliyi altında Suriyada quruda hərbi əməliyyatların həyata keçiriləcəyi təqdirdə aparıcı rolun Türkiyəyə məxsus olacağını güman etmək olar. Cərəyan edən proseslər, xüsusilə də Rusiya-Türkiyə münasibətlərində məqsədli gərginliyin yaradılması da buna işarə edir. ABŞ-ın rəhbərliyi altında Suriyada quru əməliyyatlarına başlanılması Rusiyanın tam dəstəklədiyi və Rusiyanın bu dəstəyi sayəsində hələ də hakimiyyətdə qalan Bəşər Əsəd üçün ciddi təhlükə yaradacaq. Bu baxımdan, Rusiya bu proseslərdə əsas iştirakçıya çevrilməkdə olan Türkiyəyə kompleks təzyiqlər etməkdə davam edir və edəcək. Məlum müqaviləsinin ləğvi məsələsinin qaldırılması da elə bu məqsədə xidmət edir"."Düşünürəm ki, Rusiya müqavilənin ləğvinə getməyəcək. Birincisi, qeyd etdiyim kimi, bu, sırf təzyiq xarakterli addımdır. İkincisi, müqavilənin ləğvi indiki məqamda Rusiyaya heç nə vəd etmir. Üçüncüsü, müqavilənin ləğvi Rusiyanın beynəlxalq imicini ciddi şəkildə korlaya bilər. Azərbaycanın ərazi bütövlüyü, Naxçıvanla bağlı hər hansı bir təhlükəyə gəldikdə isə, düşünmürəm ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyünü hər hansı bir formada sual altına alsın. Çünki, müqavilədə yer almış məqamlar buna hər hansı bir əsas vermir. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir, bu istiqamətdə müzakirələr açımaq belə yol verilməzdir. Bu, Rusiya ilə Türkiyə arasında olan məsələdir və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problem yaratmır. Ümumiyyətlə isə, bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın və Türkiyənin öz aralarındakı gərginliyi aradan qaldırmaqdan başqa çıxış yolları yoxdur".
sia.az