"Dünyada baş verən maliyyə-iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməyib. Buna baxmayaraq, ölkəmizdə iqtisadi tənəzzül baş verməyib, müəyyən qədər artım əldə olunub". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.Komitə sədri qeyd edib ki, bu artım inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin uzun müddət əldə etmək istədikləri və nail olduqları orta artım sürəti həcmindədir: "Hazırda, sadəcə olaraq, neftin qiymətinin qısa müddət ərzində 4 dəfə aşağı düşməsi neft ölkəsi kimi bəzi layihələrin həyata keçirilməsində və daha geniş iqtisadi inkişafa nail olmağımızda gərginlik yaradıb. Hesab edirəm ki, dövlətimizin başçısı, Prezident İlham Əliyevin yaranmış vəziyyətə çox böyük həssaslıqla yanaşması və verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi respublikamızın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsinə imkanlar yaradacaq, doğma Azərbaycanımız yenə də dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öz yerini daha da möhkəmləndirəcək".Eldar İbrahimov bildirib ki, Azərbaycanda kənd təsərrüfatının daha da inkişafı üçün böyük potensial var: "Ötən il kənd təsərrüfatında 6,6 faiz artımın əldə olunması ciddi nailiyyətdir. Bu sahənin potensialı daha da yüksəkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi. Əsas hədəfimiz ölkəmizin daxili imkanları hesabına ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Artıq bu yöndə ciddi işlər həyata keçirilir, dövlət aqrar sahənin inkişafına hərtərəfli dəstəyini göstərir. Şübhəsiz ki, bu sahənin inkişafına diqqət daha da artırılacaq. Azərbaycan öz məhsullarını daha geniş şəkildə xaricə ixrac edəcək. Dövlətimizin başçısı bununla bağlı müvafiq qurumlara öz tövsiyələrini verib. Aqrar sahədə texnika və gübrə təminatında olan çətinliklər demək olar, tamamilə aradan qaldırılıb. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması istiqamətində qarşıya qoyulan tapşırığın icrası olaraq, ötən il 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı dəfələrlə üstələyib".
sia.az