"ATƏT-in Minsk qrupunun cəmiyyət içində heç bir etimadı yoxdur. Avropa Şurasında Dağlıq Qarabağla bağlı müzakirə olunan məsələyə qarşı çıxmaları həmsədrlərin mövqeyini bir daha göstərmiş oldu". Bu sözləri SİA-ya millət vəkili Zahid Oruc ATƏT-in Minsk qrupunun ümumi yığıncağının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ilə bağlı danışarkən deyib.Millət vəkili bildirib ki, həmsədrlər öz fəaliyyətləri ilə Dağlıq Qarabağ probleminin tənzimlənməməsinə çalışırlar: "Uzun illərdir həm siyasətçilər, həm diplomatlar, həm də sıravi insanlar tərəfindən dəfələrlə söylənilir ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı heç bir iş görmür. Ona görə də bu quruma cəmiyyətin etibarı qalmayıb. Həmsədrlər Azərbaycan cəmiyyətində bu qurumun təmsilçilərini qəbul etməmək, bu formatdan çıxmaqla bağlı danışıqları nəzərə alaraq, münaqişənin həllinə başqa dövlətləri qatmaq fikrinə gəliblər. 1992-ci ildə Minks qrupu yaradılarkən daha böyük konfrans çağırmaq ideyaları var idi. Lakin sonradan bu ideyaların heç biri həyata keçmədi. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun ümumi yığıncağında ora üzv dövlətlərin təklifləri dinləniləcək. Həmin qrupun daxilində Finlandiya kimi başqa dövlətlər var ki, onları regiondakı problemlər maraqlandırmır".Z. Orucun sözlərinə görə, münaqişənin həlli istiqamətində Dağlıq Qarabağla bağlı sülh konfransının çağırılması müsbət addım olardı: "Bilirsiniz ki, Londonda Suriyaya yardım haqqında məlum toplantı keçirildi. Hətta Azərbaycan Prezidenti də həmin toplantıda çıxış etdi. Düşünürəm ki, Dağlıq Qarabağla bağlı sülh konfransının keçirilməsi münaqişənin həllində önəmli olardı. Bununla biz müxtəlif dövlətlərin maraqlarını müəyyənləşdirə, tərəfdaşlarımızı artıra, prosesə başqa ölkələri də cəlb etmiş olarıq. Bu konfrans Minsk qrupunu təzyiq altında saxlaya bilər. Bu, ATƏT-in Minsk qrupu və ya beynəlxalq konfrans formatında baş tuta bilər".
sia.az