Dünən Yeni Azərbaycan Partiyasının İqtisadi Məsələlər Komissiyasının iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Milli Məclsin deputatları, YAP rayon təşkilatının sədrləri və partiya gəncləri iştirak ediblər.
İlk öncə komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov gündəlikdəki məsələlər haqqında məlumat verib, komissiyanın 2016-cı il ərzindəki iş planı təsdiq olunub. Eldar İbrahimov bildirib ki, dünyada baş verən maliyyə-iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməyib: "Buna baxmayaraq, ölkəmizdə iqtisadi tənəzzül baş verməyib, müəyyən qədər artım əldə olunub. Komissiya sədri qeyd edib ki, bu artım inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin uzun müddət əldə etmək istədikləri və nail olduqları orta artım sürəti həcmindədir. Sadəcə olaraq, neftin qiymətinin qısa müddət ərzində 4 dəfə aşağı düşməsi neft ölkəsi kimi bəzi layihələrin həyata keçirilməsində və daha geniş iqtisadi inkişafa nail olmağımızda gərginlik yaradıb. Hesab edirəm ki, dövlətimizin başçısı, Prezident İlham Əliyevin yaranmış vəziyyətə çox böyük həssaslıqla yanaşması və verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi respublikamızın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsinə imkanlar yaradacaq, doğma Azərbaycanımız yenə də dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öz yerini daha da möhkəmləndirəcək".
E.İbrahimov bildirib ki, Azərbaycanda kənd təsərrüfatının daha da inkişafı üçün böyük potensial var: "Ötən il kənd təsərrüfatında 6,6 faiz artımın əldə olunması ciddi nailiyyətdir. Onun sözlərinə görə, bu sahənin potensialı daha da yüksəkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi. Əsas hədəfimiz ölkəmizin daxili imkanları hesabına ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Artıq bu yöndə ciddi işlər həyata keçirilir, dövlət aqrar sahənin inkişafına hərtərəfli dəstəyini göstərir. Şübhəsiz ki, bu sahənin inkişafına diqqət daha da artırılacaq. Azərbaycan öz məhsullarını daha geniş şəkildə xaricə ixrac edəcək. Dövlətimizin başçısı bununla bağlı müvafiq qurumlara öz tövsiyələrini verib".
Komissiya sədri əlavə edib ki, aqrar sahədə texnika və gübrə təminatında olan çətinliklər demək olar ki, tamamilə aradan qaldırılıb: "Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması istiqamətində qarşıya qoyulan tapşırığın icrası olaraq, ötən il 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı dəfələrlə üstələyib".
İclasda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin uzunmüddətli tərəqqisini stimullaşdıran sosial-iqtisadi siyasətinin uğurlarından bəhs edib, son 12 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb. Bu dövrdə 3,4 dəfə iqtisadi artım əldə edən Azərbaycanın qlobal iqtisadiyyatda mühüm rola malik nəhəng layihələrə müəlliflik etdiyini və beynəlxalq nüfuzunun xeyli yüksəldiyini bildirən nazir aparılan siyasətin sosialyönümlü olduğunu və hər bir vətəndaşın firavanlığına yönəldiyini vurğulayıb.
Nazir diqqətə çatdırıb ki, qeyri-neft sektorunun genişlənərək ÜDM-də 70 faizə çatması, özəl sektorun iqtisadiyyatda payının 80 faizi keçməsi şəraitində 1,5 milyondan çox iş yeri yaradılaraq əmək bazarında sabitliyə nail olunub: "Qlobal böhranla əlaqədar, hətta Avropa İttifaqında işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstərici MDB-də ən aşağı səviyyəyə - 5 faizə enib. Son 12 ildə əhalinin gəlirləri 7 dəfə, adambaşına düşən gəlirlər 6 dəfə artıb. 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləği 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artıb. Orta aylıq əməkhaqqı 5,6 dəfədən çox, ötən ilin 11 ayında isə 4,5 faiz artaraq 462 manata çatıb. Dünyada böhran proseslərinin kəskinləşdiyi, regionda hərbi-siyasi vəziyyətin gərgin xarakter aldığı, geosiyasi risklərin artdığı, ölkəmizə xaricdən mənfi iqtisadi təsirlərin gücləndiyi 2015-ci ildə belə Azərbaycanın inkişaf dinamikası qorunub saxlanıb. Belə bir şəraitdə ötən il respublikada 1,1 faiz iqtisadi artıma nail olunması, o cümlədən qeyri-neft sənayesində 8,4 faiz artımın əldə edilməsi, əhalinin gəlirlərinin 5,7 faiz çoxalması, Azərbaycan iqtisadiyyatına daha 20 milyard dollar sərmayə qoyulması mühüm uğur kimi dəyərləndirilə bilər".
S.Müslümov Azərbaycan Prezidentinin güclü sosial siyasətinin ötən il də bütün sosial proqramların uğurlu icrasına şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, il ərzində orta hesabla 112 min 663 ailəyə (492 min 337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ödənilib və bu yardımların bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq 152,6 manata çatıb: "Ölkə əhalisinin 4,8 faizinə və ya 463 min nəfərə yaxın insana aylıq və birdəfəlik sosial müavinət, 54,6 min nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilib. Müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil, gözdən əlillərə 132 mənzilli yaşayış binası, dövlət-uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim olunub, müharibə əlillərinə 400 minik avtomobili verilib. Dünya ölkələrində iqtisadi böhranla əlaqədar sosial sahə üzrə xərclər məhdudlaşdırıldığı halda, Azərbaycanda bu sahəyə dövlət qayğısı artmaqda davam edir. Ötən il dövlət büdcəsi xərclərinin 31,9 faizi (5665,9 milyon manat) məhz sosial təyinatlı xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da 2014-cü illə müqayisədə 3,4 faiz çoxdur".
S.Müslümov son vaxtlarda xarici mənfi iqtisadi təsirlərin güclənməsi, digər ölkələrdə milli valyutaların kəskin ucuzlaşması səbəbindən manatın devalvasiyaya məruz qaldığı şəraitdə də dövlət başçısının, ilk növbədə əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsini hökumət qarşısında əsas vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması ilə bağlı dövlət büdcəsi gəlirlərinin azalmasına, bu səbəbdən bir sıra layihələr üzrə xərclərin azaldılmasına baxmayaraq, Prezident İlham Əliyev heç bir sosial proqramın qətiyyən təxirə salınmayacağını, bütün sosial proqramların davam etdiriləcəyini bəyan edib.
İclasda, həmçinin, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycan cəmiyyətində insanların iqtisadi maarifləndirilməsinə ehtiyac var: "Sosial gərginliklərin qarşısını almaq üçün iqtisadi mövzularda diskussiyalar aparmaqla insanları düzgün yola dəvət etmək lazımdır. Qlobal miqyasda götürsək bütün ölkələrdə baş verən, istər neqativ, istərsə də pozitiv proseslərin kökündə iqtisadi maraqlar dayanır. Azərbaycan da dünyanın ayrılmaz tərkib hissəsi olduğu üçün baş verən proseslər ölkəmizdən yan keçə bilməz. Bu, bir aksiomadır. Artıq dünyada siyasi, iqtisadi maraqlar toqquşaraq üçüncü dünya müharibəsi başlayıb desək, yanılmarıq. Bu mənada, geosiyasi və geoiqtisadi proseslər olduqca pisləşib, qeyri-müəyyən olub ki, real məntiqə söykənməklə hadisələrin gedişini proqnozlaşdırmaq mümkün deyil".
Şəmsəddin Hacıyev qeyd edib ki, dünyada iqtisadiyyat siyasətin bir dəyərinə çevrildiyi üçün bu cür proseslər baş verir: "Dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarında azalma müşahidə edilir. 2015-ci ildə dünyada qlobal ümumi məhsul 74,5 trln, dollar həcmində olub. 2014-cü ildə isə bu rəqəm 77,35 trln. olub. Baxın, nə qədər azalma olub. Azərbaycanın isə ÜDM-si 55 milyard dollar həcmində olub. Bütün bunları nəzərə alaraq, qeyd olunmalıdır ki, Azərbaycanda aparılan düzgün siyasət ölkəmizi kataklizmlərdən qoruya bilib. Kiçik dövlət olmağımıza baxmayaraq, böyük dövlətlərlə eyni səviyyədə addımlayırıq".
Ş.Hacıyev, həmçinin onu da deyib ki, bəzi insanlar böhranla devalvasiyasını ayırd edə bilmirlər. Bu iki amili bir-birindən seçməyi bacarmaq lazımdır: "Devalvasiya iqtisadi prosesdir ki, valyuta siyasətinin həyata keçirilməsi üçün dövlətin əlində bir alətdir. Bazar iqtisadiyyatı şəraitində tələb-təklifin təsiri altında valyuta məzənnəsi arta da bilər, azala da bilər. Azalanda biz buna devalvasiya, artanda isə revarvasiya deyirik. Bu, dünya iqtisadi praktikasında qəbul olunan termindir. Məlumdur ki, Azərbaycan ilk dəfə devalvasiyaya neft gəlirlərinin azalmasına görə getdi. Bu prosesi heç cür önləmək olmadı. Neft bazarında situasiyasını tənzimləmək olmadı ki, nəticə etibarı ilə ölkəmiz devalvasiyaya məcbur oldu. Neft gəlirləri azalmaqla yanaşı, ölkəyə daxil olan valyutanın həcmi də azalıb. Dövlət iki halda devalvasiya siyasətinə gedə bilməzdi. Birincisi tədiyyə balansını mənfi saldosunun yaranması, ikincisi isə inflyasiya. Biz görürük ki, hələ ki, ölkədə tədiyyə balansının mənfi saldosu yoxdur. Bu göstərici bütün prosesi açıq şəkildə göstərmiş olur".
Daha sonra iclasda mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
İntizarə Məmmədova