PDF Oxu

Siyasət

  • 25

2016-cı ildə yeni iş yerlərinin yaradılması istiqamətində uğurlu addımlar atılacaq

2016-cı ildə yeni iş yerlərinin yaradılması istiqamətində uğurlu addımlar atılacaq

Prezident İlham Əliyev: "Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər"

"Yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır. Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır". Bu sözləri "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev söyləyib.

Dövlət başçısı qeyd edib ki, kənd yerlərində əhalinin məşğulluğunun artırılması üçün aqrar sektorun inkişafına daim diqqət yetirilməlidir. Prezident bu istiqamətdə görülməli işlərə nümunə olaraq bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi pambıqçılıqla daha geniş məşğul olmalıdır: "Pambıqçılıq həm çoxlu sayda iş yeri, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kiloqram pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq".

Prezident İlham Əliyev ölkənin hərtərəfli və dayanıqlı inkişafını təmin etmək üçün regionlarda infrastruktur layihələrinin həyata keçirilməsini önə çəkərək vurğulayıb ki, sosial müəssisələrin yaradılması həm də yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident əminliklə vurğulayıb ki, 2016-cı ildə bu sahədə həyata keçiriləcək layihələrlə yeni iş yerlərinin yaradılması istiqamətində uğurlu addımlar atılacaq: "Baxmayaraq ki, son 12 il ərzində bir milyon 500 min yeni iş yeri açılıb, yenə də iş yerlərinin açılmasına ehtiyac var. Əminəm ki, 2016-cı ildə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqrammı" uğurla icra ediləcək. Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək".

Konfransdan sonra Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması, işsiz əhalinin məşğulluğunun artırılması, sahibkarlara tətbiq olunacaq gömrük və vergi güzəştləri ilə bağlı məsələlər bölmə iclaslarında detallı şəkildə müzakirə olunub. Məhz bundan sonra ilk yeni iş yerlərinin açılışı müjdəsini Prezident İlham Əliyev yanvarın 30-da "Mətanət-A" şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak etməklə verib. Çünki bu şirkətin tərkibinə 5 zavod - quru inşaat qarışıqları zavodu (illik istehsal gücü 100 min ton), boya zavodu (5 min ton), beton qatqıları zavodu (5 min ton), gips hörgü bloku zavodu (250 min kvadratmetr) və Ağdağ gips zavodu (250 min ton) daxildir. Bu zavodlarda 800-dən çox iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 600 manatdır. Şirkət tərəfindən 4 zavodun - Qaradağda illik istehsal gücü 8 milyon kvadratmetr olan gips karton-alçipan və 35 min ton olan mineral yun, Qazaxda 50 min ton olan əhəng və Balaxanıda 300 min ton zənginləşdirilmiş kvars qumu zavodlarının tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına, ümumilikdə 105 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1500 daimi və 500 mövsümi iş yeri açılacaq. Yeni zavodların işə başlaması Lerik, Abşeron, Qaradağ, Qobustan, Daşkəsən, Goranboy və Qazax rayonlarında yardımçı istehsal sahələrinin də yaradılmasına imkan verəcək. Yeni Ağdağ gips zavodunda isə 300 yeni iş yeri yaradılacaq.

Qeyd edək ki, ilkin hesablamalara əsasən, 6 ay müddətində ictimai işlərə cəlb olunma yolu ilə ayrı-ayrı regionlarda 200-300 iş yerinin açılması nəzərdən keçirilir. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Prezidentin tapşırığına uyğun olaraq 10 illik dövrü əhatə edən yeni "Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)" hazırlanır. Konsepsiyada mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, qarşıda duran əsas çağırışlar, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri əksini tapacaq. Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur. Layihədə mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, gələcək inkişaf perspektivləri və meyilləri, qarşıda duran əsas çağırışlar və problemlər, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri, əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi üzrə zəruri addımlar əksini tapacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər