"Fransanın və Böyük Britaniyanın Ermənistana silah satması ilk növbədə maddi maraqlardan, daha sonra isə Ermənistana olan sevgilərindən irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Millət vəkili bildirib ki, hər iki ölkə bu addımı atmaqla, ilk növbədə beynəlxalq hüquq normalarını pozmuş olur: "Bilirsiniz ki, silah satışı ilə bağlı dünyada qəbul olunmuş qaydalar var. Heç bir şirkət özbaşına, dövlətin icazəsi, qəbul olunmuş protokol və konvensiyalara uyğun olmadan silah satışı ilə məşğul ola bilməz. Xüsusilə müharibə aparılan ölkələrə silah satılması qəbul olunmayan haldır".İstər Fransa, istərsə də Böyük Britaniya tərəfindən Ermənistana silah satılmasını insanlığa, bəşəriyyətə qarşı hərəkət olduğunu dilə gətirən Ç. Qənizadə vurğulayıb ki, bununla da sözügedən ölkələr Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maraqlı olmadıqlarını bir daha göstərmiş olurlar: "Fransa və Böyük Britaniyanın qəsbkar dövlətə silah satması maddi və iqtisadi maraqlarını önə çəkdiyini göstərir. Bu da həmin ölkələrin öz maraqları olduğu yerdə beynəlxalq hüququ adi kağız parçasına çevirdiyini sübut edir".Ölkəmizin bununla bağlı beynəlxalq məhkəməyə müraciət etməsinə gəlincə, millət vəkili söyləyib ki, dünya tərəfindən qəbul olunan və bizim istinad etdiyimiz mühüm qərarlar var ki, onlara əsaslanaraq Azərbaycan beynəlxalq məhkəməyə müraciət etmək hüququna malikdir: "Lakin beynəlxalq məhkəmənin məsələyə düzgün yanaşması şübhə doğurur. Burada məhkəmənin həqiqətən də beynəlxalq hüquq normalarına və qanuna istinad edəcəyinə əmin deyiləm. Çünki, Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bildirib ki, dünyada beynəlxalq hüquq normalarına riayət olunmur. Əgər məsələ hansısa dövlətin siyasi maraqlarına uyğun, lakin beynəlxalq hüquq onun əleyhinədirsə, o zaman həmin hüquqlar pozulur. Dünyada baş verən hadisələrin fonunda beynəlxalq təşkilatların ölkəmizə qarşı nə qədər obyektiv olacağını zaman göstərəcək. Çünki, Azərbaycan hər zaman beynəlxalq aləmdə öz haqqını tələb etməkdə çətinlik çəkir".
sia.az