PDF Oxu

Siyasət

  • 38

Milli Məclisin plenar iclası keçirildi

Milli Məclisin plenar iclası keçirildi

İclasın gündəliyinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə, "Avtomobil nəqliyyatı haqqında" qanununda dəyişiklik edilməsi barədə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə, "Lisenziyalar və icazələr haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Qanun layihələri daxildir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi müzakirəyə çıxarıldı. Məruzəni ədliyyə nazirinin müavini II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov bildirib ki, ölkəmizdə demokratik institutların inkişafının təmin edilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması, o cümlədən yerli demokratiyanın gücləndirilməsi daim diqqətdə saxlanılaraq bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilir: "2015-ci ildə yerli özünüidarəetmə orqanlarının inkişafı üzrə mühüm addımlar atılıb, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Qanun qəbul olunub, bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsini təmin etmək məqsədi ilə "Bələdiyyə qulluğu haqqında" Qanuna dəyişikliklər edilib, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası" təsdiq edilib. Həmçinin, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə 202 bələdiyyənin birləşməsi nəticəsində yaradılmış 93 bələdiyyə üzrə müvafiq komissiyalar tərəfindən təhvil-təslim işləri başa çatdırılıb, bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvlərinin, həmçinin sədrlərinin tərkibinin yarıdan çoxunun dəyişilməsi nəzərə alınaraq çoxsaylı maarifləndirmə tədbirləri təşkil olunub".

V.Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi, onun səmərəliliyinin artırılması, bələdiyyələrdə qanunçuluğun möhkəmləndirilməsi məsələləri Ədliyyə Nazirliyinin daim diqqət mərkəzində olduğunu və bu sahədə işin yaxşılaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edildiyini də vurğulayıb. Nazir müavininin sözlərinə görə, 2015-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına daxil olmuş 58928 bələdiyyə aktının normativ-hüquqi aktlara uyğunluğu öyrənilmiş, nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr tərəfindən 1169 akt ləğv edilmiş, 531 akt dəyişdirilmişdir. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 19 iddia qaldırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində il ərzində bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1406 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub: "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə inzibati xəta haqqında 388 protokol tərtib edilərək məhkəmələrə göndərilmiş, onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olmuş, həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati nəzarət icraatı qaydasında aktların və müraciətlərin araşdırılması zamanı aşkar edilmiş qanun pozuntuları əsasında toplanmış 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib, kifayət qədər səbəblər və əsaslar müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanılmış, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılmış və bələdiyyə sədrləri məhkum olunmuşlar".

V.Zahirov, həmçinin qeyd etdi ki, aparılmış araşdırmaların təhlili nəticəsində bələdiyyələrin fəaliyyətində bir sıra xarakterik hüquq pozuntuları müəyyən edilmişdir: "Belə ki, bələdiyyə iclaslarında müzakirə edilmədən bələdiyyə sədrləri tərəfindən torpaq sahələri və maliyyə vəsaitlərinin ayrılmasına dair təkbaşına qərar qəbul edilməsi, zəbt edilmiş bələdiyyə torpaqlarının boşaldılması ilə bağlı tədbir görülməməsi, kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun ayrılmaması, torpaqların sonuncu hərrac və ya müsabiqə zamanı müəyyən edilmiş həddən aşağı qiymətə satılması yolu ilə bələdiyyə büdcəsinə zərər vurulması, maliyyə vəsaitlərinin xərclənməsini əsaslandıran sənədlərin olmaması və bələdiyyə sədrinin xəzinədar vəzifəsini icra etməsini qeyd etmək olar. 2 il ərzində həyata keçirilən maarifçilik tədbirlərinə-seminar və tədris kurslarına cəlb olunan bələdiyyə üzvü və qulluqçularının dairəsi genişləndirilərək onların sayı 7000-ə çatıb. Həmçinin, bələdiyyələr üçün müxtəlif məsələlər üzrə 14 metodik vəsait və tövsiyə hazırlanıb".

Nazir müavini "Bələdiyyə satınalmaları haqqında" qanunun qəbulunu təklif edib.

Arif Rəhimzadə: "Nazirlik bələdiyyələrin öhdəsindən gələ bilmədiyi məsələlərdə onlara kömək etməlidir"

"Ölkə Prezidenti bələdiyyələrin fəaliyyətini sərt şəkildə tənqid edib. Bu tənqiddən hamımız bütövlükdə nəticə çıxarmalıyıq". Bu sözləri Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin illik fəaliyyəti ilə bağlı müzakirələrdə çıxış edərkən söylədi. A.Rəhimzadə bildirdi ki, qanunsuz fəaliyyətin qarşısının alınması üçün peşə biliklərinin artırılması vacibdir: "Nazirlik bələdiyyələrin öhdəsindən gələ bilmədiyi məsələlərdə onlara kömək etməlidir. Bələdiyyələrin fəaliyyətini qurması üçün onların büdcəsi olmalıdır. Bir çox bələdiyyələr işçilərinə pul verə bilmirlər. Onların Sosial Müdafiə Fonduna 20-40 min borcu var. Pul da gələn kimi fondun büdcəsinə köçürürlər. Bələdiyyələrə dövlət tərəfindən vəsait ayrılmalıdır. Bu, qanunvericilikdə də göstərilib. Bələdiyyələrin vergi yığma prosesində iştirak etməsi məsələsi məhduddur. Bələdiyyələrin büdcəsi əsasən küçə reklamı və yayımı üçün ödənişdən, sanatoriya və kurort mərkəzlərindən əldə olunan gəlirlərdən ibarət olmalıdır. Bələdiyyələrin hələ də torpaq xəritəsi yoxdur".

Komitə sədri əlavə edərək vurğuladı ki, parlamentdə millət vəkilləri tərəfindən verilən təkliflərə və iradlara heç bir reaskiya verilmir: "Özümüz deyib, özümüz eşidirik. Bizim tərəfimizdən Nazirlər Kabinetinə edilən müraciətlər araşdırılır və bizə çatdırılır, amma digər qurumlardan cavab yoxdur. Ona görə də təklif edirəm ki, Milli Məclisin plenar iclasında səsləndirilən tənqidi qeydlər müvafiq orqanlara göndərilsin. Cürətimiz çatsa, onlardan cavab da tələb edək".

Oqtay Əsədov: "Bələdiyyələrin hesabatı formal olmamalıdır"

Spiker Oqtay Əsədov səslənən fikirlərə öz münasibətini bildirib və deyib ki, ilk dövrlərdən bələdiyyələr haqqında pis fikir formalaşıb: "Bələdiyyələrə şərait yaratmaq, onlara dəstək vermək lazımdır. Ancaq bələdiyyələrin də real fəaliyyəti olmalıdır ki, onlara dəstək verilsin. Bələdiyyələrə vergi yığmaq üçün sanksiya səlahiyyəti verilə də bilər. Bəzi bələdiyyələr yaxşı işləyir, əksəriyyət yaxşı işləmirsə, deməli, bələdiyyələr sistemi düzgün qurmayıblar. Bələdiyyələrin hesabatı formal olmamalıdır".

Spiker, həmçinin bələdiyyələri fəaliyyətsizlikdə də ittiham etdi: "Necə olur ki, 10 bələdiyyə yaxşı işləyir, amma qalanları işləmir? Mən də başa düşürəm ki, onlara dəstək lazımdır. Amma gərək onların özündə də bir hərəkət olsun".

Zahid Oruc: "Əgər bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə, onlara ya əlavə səlahiyyət verməliyik, ya da bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik"

Millət vəkili Zahid Oruc isə bildirdi ki, əgər bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə, onlara ya əlavə səlahiyyət verməliyik, ya da bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik. Millət vəkilinin sözlərinə görə, qeyd etdi ki, nəhayət, icra hakimiyyətləri bilməlidir ki, bələdiyyələrin işinə maneçilik yaratmaq olmaz: "Əhalinin 4 milyonu gəlib Bakıda məskunlaşıb. Qalanı da bölgələrdədir. Bu qədər əhalinin rayonda işləməsi üçün yerlər torpaq sahələridir. Çünki rayonlarda 1 milyona yaxın iş yeri potensialı var. Ancaq vətəndaş əmin olmalıdır ki, rayona - geriyə dönəndə onun ödədiyi pullar onun artezianına, yoluna qoyulacaq, bələdiyyə kreditlərinə çevriləcək".

Spiker Oqtay Əsədov isə bu məsələdə parlamentin də az məsuliyyət daşımadığını vurğuladı: "Biz qanunları qəbul edirik. Amma qanunların icrasını normal təmin edə bilmişikmi? Bizim bir işimiz də odur ki, qanunların icrasına da nəzarət edək. Bələdiyyə üzvləri də aktiv olmalıdır. Milli Məclisə, komitə iclaslarına gəlməlidirlər, təkliflər verməlidirlər"

Siyavuş Novruzov: "Bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır"

Keçirilən müzakirə zamanı çıxış edən Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov bildirdi ki, ölkədə bələdiyyə sədrlərinin və üzvlərinin sayı azaldılmalıdır: "Bələdiyyələrlə bağlı gözəl qanunlar qəbul edilib. Burada bələdiyyələrin inkişafına nail olunmasının çıxış yolları axtarıldı. Biz növbəti bələdiyyə sədri seçkilərinə qədər addımlar atmalıyıq. Yasamal rayonundan 3 deputat seçilir, 19 bələdiyyə sədri. Bu qədər bələdiyyə nəyə lazımdır. Hamısı torpaq və əmək haqqı tələb edir. Bələdiyyələrin sayını maksimum 9-a, minum isə 1-ə çatdırmalıyıq".

S.Novruzov onu da vurğulamışdı ki, bəzi kəndlərdə bələdiyyə üzvü olması üçün adam tapılmır: "Burada ciddi dəyişiklik edilməlidir ki, bələdiyyələr normal işləsin. Türkiyədə bir kənddə bir muxtar seçirlər, ancaq biz 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçirik. Bu, nəyə lazımdır?"

S.Novruzov, həmçinin Azərbaycanda 5300 bələdiyyə olduğunu xatırlatdı: "Qanunvericilikdə ciddi şəkildə dəyişiklik etməli, bələdiyyələrin sayını azaltmalıyıq".

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.

"Avtomobil nəqliyyatı haqqında" Qanuna dəyişiklik edildi

"Avtomobil nəqliyyatı haqqında" qanun layihəsi ilə bağlı məlumat verən İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikliyə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər sərtləşdirilib. Belə ki, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), eləcə də "D, E" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılacaq. Mövcud qanunvericiliyə görə avtobuslarda sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürüclük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır. Qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqadər sərnişin avtomobil nəqliyyatı vasitələrini idarə edən (avtobuslarla sərnişin daşıyan) sürücülərə dair tələblərin yenilənməsi məqsədilə hazırlanıb.

Siyavuş Novruzov: "İşıqforların nizamlanmasında problemlər var"

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov məsələ ilə bağlı bildirib ki, yaş həddinin üstündə çox dayanırıq: "Burada söhbət sürücünün yetkinlik düşüncə tərzinə çatmasından gedir. Yaşın çoxluğu onu çılğınlıqdan, başqa mənfi hallardan uzaqlaşdıracaq".

S.Novruzov qeyd edib ki, son zamanlar dövlət avtomobil təşkilatlarının verdiyi hesabatlara nəzər salsaq, hadisələrin ən çoxunun ictimai nəqliyyatda baş verdiyinin şahidi oluruq: "Marşrut avtobuslarında qayda-qanuna riayət olunmur. Biri musiqi qoyur, biri siqaret çəkir, biri telefonla danışır və digər qadağan olmuş hərkətlər edirlər. Vətəndaşlarımız qorunmaq üçün belə hallar aradan qaldırılmalıdır.

Millət vəkili bildirib ki, rayondan gələn sürücünün 10 il təcrübəsi olsa da, Bakıda yolları tanımır, yol hərəkəti qaydaları ilə bağlı işarələrin yerlərini bilmir: "Belələri lisenziya alıb sürücülük etməyə başlayanda qəza hallarına yol verirlər. Naxçıvanda ayda bir dəfə avtobus və taksi sürücülərini dövlət avtomobil müfəttişliyi bir araya toplayır, onlara xəritələri göstərir, hansı yolların təmir olunacağını və bağlanacağını bildirir. Belə təcrübələrdən istifadə etmək lazımdır".

YAP rəsmisi vurğulayıb ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də işini düzgün qurmalıdır. Onun sözlərinə görə, işıqforların nizamlanmasında müəyyən problemlər var: "Bəzən elə olur ki, bir tərəfə 2 dəqiqə, digərinə isə 15 saniyə vaxt verir. Avtomobili işə salıb keçmək istəyəndə, artıq qırmızı işıq yanır. Bu məsələ də ciddi nizamlanmalıdır".

Dəyişikliklə bağlı layihə səsverməyə qoyularaq, qəbul edilib.

Milli Məclisin dünənki plenar iclasında digər qanunlar da müzakirə edilərək qəbul olundu.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər