"Suriya ətrafında gedən proseslər ayrıca bir hadisədir və onun Azərbaycanla heç bir əlaqəsi yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ukraynada səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.O qeyd edib ki, Yaxın Şərqdə böyük dövlətlərin nüfuz savaşı gedir: "Əsasən ABŞ və Rusiyanın maraqları toqquşur. Rusiya Bəşər Əsəd hakimiyyətini dəstəkləyir və o rejimin qalmasını istəyir. ABŞ və onun müttəfiqləri isə B.Əsədin hakimiyyətinə son verməyə çalışır. Burada əsas məqsəd Suriyada nəzarəti ələ almaqdır. Rusiyanın Yaxın Şərqdə yeganə dayaq nöqtəsi Suriyada qalmışdı və o, bu dayaq nöqtəsini heç bir halda itirmək istəmir".Politoloq bildirib ki, sözügedən səbəbdən Rusiya bu arada hərbi siyasi fəallıq nümayiş etdirir: "Ancaq güman etmirəm ki, Suriyadan sonra Rusiya Azərbaycana da müdaxilə etsin. Azərbaycanla Rusiya arasında kifayət qədər konstruktiv münasibətlər mövcuddur və tərəflər bir-birinin mövqelərinə, suverinlik və müstəqilliyinə hörmətlə yanaşırlar. Bu gün Rusiyanın Azərbaycana müdaxilə etməsi üçün hər hansı bir əlamət və ya əsas görmürəm. Rusiyanın belə bir niyyəti yoxdur.Xatırladaq ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynada həmkarı Arseni Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanın Ermənistana verdiyi dəstək səbəbindən Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq təhdid etdiyini, Azərbaycan ərazisinin işğal olunmasına yardımçı olduğunu deyib.
sia.az