"Münhendə Ermənistanın XİN əməkdaşının Azərbaycanı ittiham etməsinin qarşılığında Prezident İlham Əliyevin ona tutarlı cavabı olduqca yerində və zamanında verilən cavab oldu". Bu fikirləri SİA-ya politoloq Fərhad Mehdiyev ölkə başçısının erməni diplomatına verdiyi əsaslı cavabını dəyərləndirərkən deyib.Politoloq qeyd edib ki, Prezident İlham Əliyev əslində, Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü konkret faktlarla ortaya qoymuş oldu: "Azərbaycan Preziedenti orada işğal faktını dəfələrcə dilə gətirdi və Ermənistanın beynəlxalq hüququ pozduğunu BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə sübuta yetirdi".Politoloq eyni zamanda bildirdi ki, erməni diplomat ölkəsinin guya Azərbaycan tərəfindən "təhlükə" ilə üz-üzə qaldığını iddia etsə də, onun bu siyasi bicliyi baş tutmamış qalıb: "Prezident İlham Əliyev Ermənistanın qarşısındakı yeganə şərti açıqladı ki, regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın. Burada bir məqam da var. Əslində erməni diplomat belə bir sualı verməklə özlərini ifşa etmiş oldu. Bununla da beynəlxalq forumda işğal faktı etirazsız formada yenidən gündəmə gəldi". Politoloq bir sıra KİV-lərdə yaxın zamanda müharibənin olacağına dair söyləntilərin yayılmasına da münasibətini bildirərək deyib ki, bunun heç bir əsası yoxdur: "Çünki bütün dünyaya məlumdur ki, Ermənistan Rusiyadan asılı dövlətdir və Rusiya da indiki məqamda Azərbaycanla istər Ermənistan vasitəsilə, istərsə də bilavasitə müharibə elan etməyə çəkinər. Hazırda Rusiyanı maraqlandıran digər məsələlər var ki, bu ehtimal üzərində dayanmaq mümkünsüz görünür".
sia.az