"Ermənistan Avropaya sərf edir və bu müddət ərzində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququnu itirməyəcək". Bunu SİA-ya millət vəkili, politoloq Elşən Musayev açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə Ermənistanın işğalçı olduğunu bəyan etsə də, AŞPA-da bununla bağlı heç bir addım atılmır: "Qərbin Ermənistanla problemi yoxdur, ona görə onların AŞPA-da səsvermə hüquqları əllərindən alınmır. Amma Rusiya ilə problemi olduğu üçün bu qərar onların nümayəndə heyətinə şamil olundu. Əksinə Ermənistan onlara sərf edir. Qərb bütün dünya dövlətlərində problem yaratmaq istəyir. Onlar Türkiyədə kürd, Gürcüstanda Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ problemi olmasının tərəfdarıdırlar. Bunun üçün Ermənistan onlara sərf edən ölkələrdəndir".Politoloqun sözlərinə görə, istər ABŞ, istərsə də Avropa öz maraqlarına uyğun addım atır: "Onların hansı ölkə ilə problemi varsa, yalnız ona qarşı sərt addımlar atırlar. Təəssüf ki, Avropa dəyərləri tamamilə özünü itirib, demokratiyadan danışmaq isə gülüncdür. Əgər bu gün Avropa Rusiyanı işğalçı adı ilə AŞPA-da səsvermə hüququndan məhrum edirsə, bu addım ilk növbədə Ermənistana qarşı atılmalıdır".
sia.az