"Son illər dünyada, xüsusilə xarici müdaxilədən əziyyət çəkən insanlar canlarını qurtarmaq üçün böyük əziyyətlərə qatlaşaraq, təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Orada isə onlara qarşı bəzi hallarda nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində ictimaiyyətin nümayəndələri və din xadimləri ilə görüşündə deyib.
Azərbaycanın da ötən əsrin 90-cı illərinin əvvəllərində humanitar fəlakətlə üzləşdiyini, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu böhranın öhdəsindən təkbaşına gəldiyini diqqətə çatdırıb: "Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. O cümlədən, bu yaxınlarda Suriya böhranı ilə bağlı Londonda keçirilmiş konfransda çıxış edərkən demişəm ki, Azərbaycan 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdi. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən didərgin düşmüşdür. O vaxt bizim nə imkanımız, nə pulumuz var idi, iqtisadiyyat tamamilə dağılmış vəziyyətdə idi. Biz, demək olar ki, təkbaşına o böhranın öhdəsindən gəlirdik. Düzdür, o vaxt - 2010-cu ilə qədər beynəlxalq donor təşkilatları bizə yardımlar edirdilər. Amma təbii ki, o yardımlar 1 milyon insanın tələbatını ödəyə bilməzdi. Yəni biz bunu təkbaşına etmişik, bu sınaqdan çıxmışıq. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçüb. Ona görə, bəzi hallarda Yaxın Şərqdən köç edən miqrantlara olan belə münasibət başadüşülən deyil".
Dövlər başçısının sözlərinə görə, bu gün müşahidə olunan immiqrant probleminin digər tərəfi Avropada radikal meyillərin artması ilə bağlıdır ki, bu da özlüyündə dinlərarası münasibətlərdə böhrana gətirib çıxara bilər.
"Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik"
Prezident İlham Əliyev çıxışı zamanı xatırladıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib: "Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Keçən il Azərbaycanda Avropa Oyunları keçirilib, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, sadəcə olaraq islam və Avropa ölkələri idmançılarının yarışı deyil, bu, bizim ümumi, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz öz məsuliyyətimizi belə qəbul edirik, belə başa düşürük. Biz bu məsuliyyəti, ilk növbədə, dövlətimizin, xalqımızın mənafeyi, digər tərəfdən bölgədə sabitliyin bərpası üçün daşıyacağıq. Çünki əgər bölgədə sabitlik bərpa olunmasa, istər-istəməz bu, bizə də təsir edə bilər. Siz də, indi mətbuatı izləyən insanlar, bizim ictimaiyyət də bilir ki, Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid olmayan işlərə cəlb etmək istəyirlər. Biz öz yolumuzla gedirik. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur".
Dövlət başçısı Azərbaycanın heç bir daxili və xarici qüvvələrin işimizə qarışmasına imkan veriməyəcəyini də qətiyyətlə bildirib: "Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Biz görürük ki, harada vəziyyət ağırdır bunu deyirik, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq, kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökür, qırır? Heç başa düşmür nəyə görə? Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, onlar nəyə görə, kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə edirlər. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi. Harada ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədir heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə bilməz. Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur".
"Dini zəmində bu qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük problemlərlə üzləşəcəyik"
Prezident dünyada baş verən proseslərdən digər ölkələrin sığortalanmadığına da toxunub və bildirib ki, Avropa siyasilərinin yürütdükləri yanlış siyasət bir çox hallarda bəşəriyyətə mənfi tərəflərini göstərməkdədir: "Bunun digər tərəfi də var. Bu barədə də mən demişəm, bir daha demək istəyirəm. Belə vəziyyət və xüsusilə, Qərb mediasında miqrantlarla bağlı gedən birtərəfli antitəbliğat ona gətirib çıxarır ki, Avropada radikal partiyaların gücü, onlara səs verən əhalinin sayı artır. Onlar getdikcə daha çox siyasi dəstək alırlar. Əgər bu, belə davam edərsə, bir neçə ildən sonra onlar öz ölkələrində hakimiyyətə gələ bilərlər. Belə olan halda necə olacaq? Belə olan halda dinlərarası münasibətlər necə tənzimlənəcək? Bu gün Avropanın, demək olar, bütün ölkələrinin rəsmi mövqeyi təbii ki, müsbətdir. Avropa hökumətləri, onların bəziləri çalışır ki, miqrantlara layiqli münasibət göstərilsin. Biz bunu da görürük və təqdirlə qarşılayırıq. Ancaq bir daha demək istəyirəm, əgər dini zəmində bu qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük problemlərlə üzləşəcəyik".
Dövlət başçısı, həmçinin Azərbaycanın hər bir sahədə sözünü deməyə və deyilən sözlərin də böyük mənası və çəkisi olduğunu vurğulayıb: "Azərbaycan, əlbəttə ki, dünya miqyasında o qədər də böyük ölkə deyil. Ancaq bizim sözümüzün böyük mənası və çəkisi var. Ona görə, şəxsən mən bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünya birliyinə çatdıranda, eyni zamanda, bunun həll yollarını da göstərirəm. Həll yolları da Azərbaycan nümunəsidir. Nə üçün bu gün bəzi ölkələrdə deyirlər ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizmin gələcəyi yoxdur? Bu, səhv bir fikirdir. Baxın, Azərbaycanda multikulturalizm yaşayır. Baxın, o qədər də böyük müstəqillik tarixi olmayan, böyük çətinliklərlə üzləşən və işğala məruz qalan, heç vaxt bu işğalçının dini mənsubiyyətinə işarə vurmayan ölkə görün, bu məsələləri necə tənzimləyir. Nəyə görə? Çünki dövlət siyasəti aparılır. Bir daha demək istəyirəm, dövlət siyasəti əsas rol oynayır".
Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar: "Bu, bizim böyük sərvətimizdir. Qeyd etdiyim kimi, Azərbaycanda pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində həllini tapır. Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq. Azərbaycanda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Ənənəvi humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları keçirilir. Bu il isə Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir ki, bu, dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ən mötəbər forumdur. Bu il bu şərəfli missiyanı Azərbaycan öz üzərinə götürür. Bütün bu işlərin bir məqsədi var ki, ilk növbədə, ölkəmizin uğurlu inkişafı təmin edilsin, Azərbaycanda yaşayan bütün insanlar özlərini rahat hiss etsinlər, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilsin, dünya miqyasında Azərbaycanın rolu və bizə olan hörmət, inam, rəğbət daha da artsın".
Beləliklə, bir daha sübut olundu ki, Azərbaycan öz müstəqillik yolunda istər dünya birliyində, istərsə də regionda öz mövqeyini qəti olaraq sərgiləyir. Ölkəmizi bu yoldan heç bir daxili və xarici qüvvələr döndərə bilməz.
RƏFİQƏ KAMALQIZI