Bu gün Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Sahil Mühafizəsinin tarixini əks etdirən sərgiyə baxıblar. Tədbirdə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev də iştirak edib.Çıxışlarda ölkəmizin təhlükəsizliyi və dövlət sərhədinin etibarlı mühafizəsi məsələlərini daima ciddi nəzarətdə saxlayan, milli sərhəd strategiyamızın banisi Ümummilli Lider Heydər Əliyevin dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsinə xüsusi önəm verdiyi bildirilib. Qeyd olunub ki, Ulu Öndərin layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2005-ci il fevralın 18-də imzaladığı Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması və 2008-ci il noyabrın 8-də Ali Baş Komandan tərəfindən Sahil Mühafizəsinin regionumuzda bənzəri olmayan yeni bazasının istifadəyə verilməsi ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsi yeni mərhələyə qədəm qoyub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"na əsasən Dövlət Sərhəd Xidmətinin dəniz sərhədlərinin etibarlı mühafizəsində, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində enerji ehtiyatlarının, neft və qaz yataqlarının, neft-qaz çıxarma platformalarının və sualtı ixrac boru kəmərlərinin qorunmasında, müasir texniki imkanlardan istifadə etməklə şəxsi heyətin peşəkarlığının daha da artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində əldə olunmuş dayanıqlı nailiyyətlər xüsusi vurğulanıb.
Sonra xidməti döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular təltif olunub. İncəsənət ustalarının geniş bayram konsertindən sonra tədbir iştirakçıları şəxsi heyətlə birgə nahar ediblər.
sia.az